Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər
alınmırsa…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çoxları onu gözəl bədii qiraət ustası kimi tanıyır. Filmlərin dublyajını da
onun səsi olmadan təsəvvür eləmək çətindir. Amma Həsən Əbluc həm də onlarla
tamaşaya quruluş verən rejissor, teatrlarda səhnəyə çıxan, filmlərdə və
teletamaşalarda uğurla çəkilən aktyor olub. Həsən Əbluc deyəndə, daha çox göz
önünə rejissor Ramiz Həsənoğlunun “Təbii ki, bu rolda çox populyar, sevilən bir
aktyor çəkilməli idi”, – deyə Sabit Mirzə roluna dəvət etdiyi “Qatarda”
tamaşası gəlir…
Həsən Əbluc şəxsi həyatında da qayğıkeş ata, sədaqətli həyat yoldaşı, sadiq
dost, etibarlı qardaş olub.
Aktyorun 22 aprel – doğum günü ərəfəsində söhbətləşdiyimiz qızı Elnaz Əbluc
“atamla bağlı xatirələrin hamısı mənim üçün əzizdir. Çünki o, çox qayğıkeş
olub. Ondan sonra mən elə bir qayğını demək olar ki, heç kimdən görmədim. Bu,
söz xətrinə deyilmir. İndi onun üçün anamın da, mənim də az qala burnumuzun ucu
göynəyir”, – deyə kədərlə bildirir.
Mövzu ilə bağlı “Kaspi”
qəzeti məqalə dərc edib.
“Biz uşaqsız da yaşayarıq…”
E.Əbluc atası ilə bağlı heç zaman danışmadığı bir xatirəsini bölüşür: “Ailənin
yeganə uşağı olmuşam. Məndən öncə doğulan uşaqlar həyatda qalmayıb. Hətta anam
məni dünyaya gətirəndə atam ona məktub yazıb: “Əgər alınmırsa, biz uşaqsız da
yaşayarıq…” Baxmayaraq ki, o, uşağının olmasını çox istəyib, ancaq anama
təsəlli üçün belə bir məktub yazıb. Anam deyir ki, o məktubu oxuyanda
xəstəxanada hamı ağlayırdı. Xəstəxanadan gələndə atam sevindiyindən uşaq
arabasının içərisini konfetlə doldurub. O, məni hədsiz çox istəyirdi. Biz
ata-övlad münasibətindən savayı dost idik. Hamı deyirdi ki, o, çox ciddi
adamdır, yəqin sənə çox şeyi qadağa edər, amma atam çox müasir idi. Bizim yaxşı
geyinməyimizi istəyirdi. Anamda bir az astmatik problemlər olduğu üçün hər il
aprel-may aylarında o bizi 3 aylıq Moskvaya göndərirdi. İl boyu qazandığı pulu
anama verib “özünüzə nə istəyirsiniz alın” deyirdi. Sonra özü də yanımıza
gəlirdi, amma çox qala bilmirdi”.
Üzdə olmayan aktyorların kəşfi
“Atamın uşaqlığı asan keçməmişdi”, – deyə E.Əbluc davam edir: “Onun böyük
qardaşı Əli inqilabçı olmuşdu. 18 yaşında ona edam hökmü kəsildiyi üçün bütün
ailə Təbrizdən Bakıya qaçmışdı. Onda atamın 4 yaşı varmış. Sonra Bakıda orta
məktəbi bitirmiş, institutda həm aktyorluq, həm də rejissorluq üzrə oxumuşdu.
Sənətini hədsiz çox sevirdi. Tamaşalara quruluş verəndə daha çox üzdə olmayan
aktyorlarla işləməyə üstünlük verirdi. Məsələn, “Aydın” tamaşasında Gültəkin
roluna teatra yeni gələn Məleykə Əsədovanı dəvət etmişdi. Məleykə xanım mənim
verilişimdə danışdı ki, Həsən Əbluc rolu mənə verəndə məəttəl qaldım…”
“Səndən yaxşı montaj rejissoru olar”
“Mən orta məktəbdə oxuyanda kreativ işlər axtarırdım. “Fotoreportyor
olacağam”, “ofisdə işləyəcəyəm” və s. deyə xəyallar qururdum”, – deyə Elnaz
xatırlayır: “Atam da “bir seçim etmək, qərara gəlmək lazımdır” deyirdi. Nənəm
həkim olduğu üçün o, mənim həkim olmağımı istəyirdi. Atam isə deyirdi ki,
səndən yaxşı montaj rejissoru olar. Çünki mən iki kasetli maqnitofonlarda
musiqiləri bir-birinə calayırdım. Ancaq bu sənəti seçmək haqda düşünmürdüm,
etiraz edirdim. Tale elə gətirdi ki, atam dünyasını dəyişəndən sonra mən bu
sənəti sevdim, montaj rejissoru oldum. Elə bil onun ruhu məni bu sənətə çəkdi”.
“Snayper dublyaj edən”
“Atamın səsindən dublyajda çox istifadə olunurdu, amma kinoya o qədər dəvət
olunmurdu. Atam ironiya ilə rejissorlara deyirdi ki, məni kinoya çəkməyin, o
filmə heç kim baxmayacaq. Amma filmlərin səslənməsində onun səsi olmadan
keçinmək mümkün deyildi. “Yaramaz” filmində gürcü aktyoru Mamuka
Kikaleyşvilinin səsləndirməsi də atama məxsusdur. Aktyor filmdən sonra “mən
özüm belə bacarmazdım”, – deyə etiraf edib. Səs operatoru Əsəd Əsədov atama
“snayper dublyaj edən” deyirdi. Atam təkcə filmdə obrazı səsləndirmirdi, o rolu
yaşayırdı. Bəzən filmdə də, oxuduğu şeirlərdə də sözləri dəyişir, redaktələr
edirdi”.
Dünyasını dəyişəndə 51 yaşı vardı
Həsən Əbluc ömrünün sonuna yaxın “Ezop” tamaşasını və “Anamın kitabı”nı
hazırlayırdı. “Atam bir aktyorla “Ezop” tamaşasını hazırlamışdı. Ezop rolunu da
özü oynayacaqdı”, – deyə qızı xatırlayır: “Bu tamaşa Heydər Əliyev Sarayında
nümayiş olunacaqdı. Amma tamaşanı oynamaq qismət olmadı. Gənc Tamaşaçılar
Teatrında sonuncu quruluş verdiyi “Anamın kitabı”nın premyerası da baş tutmadı.
Premyeraya 20 gün qalmış atamın səhnədə ürəyi tutdu. Hadisə məşq prosesində
oldu. Xəstəxanaya çatdırsalar da, atamı xilas etmək mümkün olmadı. Atam üzdən
sakit görünürdü, amma çox emosional və əsəbi idi. Məşqləri də emosional
aparırdı. Məni də bəzən özü ilə məşqlərə götürürdü. Onun əsəbiliyi ilə bağlı
aktyorlar arasında narazılıqlar olduğunu eşidirdim. Mən bu barədə atama
deyirdim. “Mən məşqdən sonra onlarla dostam, amma bu, mənim iş prinsipimdir”, –
deyə izah edirdi.
Həsən Əbluc dünyasını dəyişəndə 51 yaşı vardı. Ürəyində isə quruluş vermək
istədiyi nə qədər tamaşalar və oynamaq istədiyi rolların arzusu… “Atam Şahmar
Ələkbərov və Tariyel Qasımovla yaxın dost idi. Şahmar Ələkbərovla ailəvi yaxın
idik. Şahmar əmi dünyasını dəyişəndə atam onun məzarı başında ağlayaraq:
“Tezliklə görüşərik…” demişdi. İki il sonra atam rəhmətə getdi…”
Elnaz deyir ki, atası dünyasını dəyişəndən sonra onlar üçün asan olmayıb.
Ailənin yükünü anası ilə özü çəkməli olub: “Atam vəfat edəndə mənim 16 yaşım
vardı. Anam da bilmirdi ki, məsələn, çörək harada və neçəyə satılır. Bütün
qayğılar atamın üzərində olmuşdu. “Mən olmasam siz nə edəcəksiniz?” – deyə
həmişə narahatlığını ifadə edirdi. Son üç ayda isə ürəyinə dammış kimi bu
sözləri daha tez-tez söyləyirdi…”
Elnaz atasının adının bir aktyor və rejissor kimi yaddaşlarda yaşamasından
qürur duyur: “Yaxşı ki, atam insanların yaddaşında yaşayır. Atamın ifasında
Bəxtiyar Vahabzadənin “Yaşdan gileyliyəm” şeirini “Youtube”da paylaşdım. O
qədər xoş rəylər yazıldı ki… Hər il doğum və anım günləri haqqında verilişlər
hazırlanır, xatirə gecələri keçirilir. Bu, bir övlad kimi məni çox
sevindirir…”