Həsən Həsənov: Azərbaycanın taleyini dəyişən zəfər tarixi

Həsən Həsənov: Azərbaycanın taleyini dəyişən zəfər tarixi

Baxış sayı: 731 dəfə baxılıb.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini,

Həsən Həsənov

“Tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Günü ərəfəsindəyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun tarixinin Milli Qurtuluş Günü elan edilməsi ilə bağlı qərar qəbu etdi. Milli Qurtuluş Günü bugünkü reallıqlarımızın başlanğıc tarixi oldu. Belə ki, Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı, beynəlxalq aləmdə özünə layiqli yer tutdu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri dövlətçiliyimizi xilas etməsi, ölkəmizi parçalanıb yox olmaq, müstəqilliyini itirmək təhlükəsindən qurtarması oldu. Müstəqilliyimizin bərpasının ilk illərinin reallıqaları daim geniş təhlil edilir, onların fonunda hər bir ölkənin həyatında Lider amilinin rolu özünü aydın şəkildə nümayiş etdirir. Həmin dövrdə ölkəyə rəhbərlik edənləri dövlət maraqları deyil, öz şəxsi ambisiyaları düşündürdüyü üçün Azərbaycan həyatının ən çətin günlərini yaşadı. Sabaha ümidini itirən xalq müstəqil Azərbaycanın xilası üçün ayağa qalxdı, Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyət xalqın səsinə səs verərək hakimiyyətə qayıtdı, Azərbaycanın bugününün və gələcəyinin möhkəm təməlini yaratdı. Bu fikir daim xüsusi vurğulanır ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz Lider kimi təsdiq etmişdir.”

Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti və Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Qurtuluşdan başlanan inkişaf yolu Azərbaycana möhtəşəm uğurlar qazandırdı: “Ümummilli Lider sabitliyi hər bir ölkənin inkişafında vacib amil kimi önə çəkərək Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Nizami ordu yaradıldı. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.”

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi, torpaqlarımızın tarixi sahibinə qovuşması idi: “Məhz buna görə 2003-cü ildə xalqa tarixi müraciətində Ulu Öndər Azərbaycanın gələcəyini düşünərək növbəti inamın ünvanını göstərdi. Bu əminliyi ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri cənab İlham Əliyev axıra çatdıracaq və Ona özü qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyir. Son 20 ildən artıq dövrün reallıqları Ümummilli Liderin ümidinin doğrulduğunu, Azərbaycanın məhz Onun görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldiyini təsdiqləyir. Tarixi\

Qələbəmiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi 20 ildə görülən işlərin, qazanılan uğurların zirvəsində dayandı. Ulu Öndər Heydər Əliyev torpaqlarımızın öz tarixi sahibinə qovuşacağına əmin idi. Onun keçmiş məcburi köçkünlərlə görüşlərinin birində səsləndirdiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik” fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” söylədi.”

“Hər bir bayram, əlamətdar gün keçilən yolun təhlilini, qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Hər dövrün öz çağırışları, tələbləri vardır. Dövlətimizin başçısı İlham Əliyev böyük əminliklə qeyd edir ki, yeni dövr uğurla başlayır, uğurla da davam edəcək. Son dörd ilin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasını genişləndirmək, soydaşlarımızın bu torpaqlara qayıdışını tam şəkildə reallığa çevirməkdir. Artıq 4 şəhər və 4 kənd sakinlərinə qovuşub. Təbii ki, bu, son deyil. Dövlətimizin başçısı sentyabr ayından Xankəndi şəhərinə köçün başlayacağını bildirdi. Bu il, həmçinin Cəbrayıl, Kəlbəcər şəhərlərinin də sakinlərini qarşılayacağı nəzərdə tutulub. Artıq bu torpaqlarımız özünün çal-çağırlı günlərini yaşayır.”

Üç il öncə 15 İyun-Milli Qurtuluş Günündə Şuşanın şahidliyi ilə iki dost, qardaş ölkə arasında Müttəfiqlik Bəyannaməsi imzalandı: “Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş Gününə , Qarabağ və Zəngəzur üçün çox vacib olan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə yönələn bu sənəd Bakı və Ankaranın rəhbərliyi ilə regionda etimad, inkişaf mühitinin yaradılmasının başlanğıcı oldu. Ümumilikdə Azərbaycan və Türkiyə 15 İyun 2021-ci ildə bölgənin geosiyasi mənzərəsini dəyişəcək addımı atdı. Bu sənəd region üçün yeni tarixi gerçəklik kimi dəyərləndirildi. Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsi olan Şuşa Bəyannaməsi regionun inkişafına, sabitliyinə, təhlükəsizliyinə xidmət edir.”