Hacı Əliyev: Atam olmasaydı, indi güləşçi yox, futbolçu olardım

Baxış sayı: 2. 250 dəfə baxılıb.

Hacı Əliyev: Atam olmasaydı, indi güləşçi yox, futbolçu olardım

Doqquz ildir ki, güləşdəyəm. Güləş dünyasına məni atam cəlb edib. O özü Naxçıvan səviyyəsində yaxşı idmançı olub. Uşaqlığımdan mənə deyirdi ki, sənin adlı-sanlı, titullu güləşçi olmağını istəyirəm. Atam nəticə qazanmağım üçün hər şeyi edib. Məni Bakıya göndərdilər və orda güclü rejimdə məşq keçməyə başladım. Atam olmasaydı, heç vaxt güləşçi olmazdım. Futbolçu olmağı arzulayırdım, oynamağı sevirdim. Ancaq şadam ki, güləşçi oldum. Mənim yeniyetmə və gənclərdə nəticələrim yoxdur. Nəticələr məndə yalnız böyüklər arasında çıxış etdikdən sonra gəldi.

ÇıxışYolu.Com xəbər verir ki, bunu Rusiya Güləş Federasiyasının saytının əməkdaşı müsahibəsində üçqat dünya çempionumuz Hacı Əliyev deyib.

Atasının onu güləşə gətirdiyini deyən idmançımız futbolu çox sevdiyini bildirib: “Futbolu çox sevirəm, tez-tez oynayıram. Güləş komandamızda çoxları pis futbol oynamır. Dostlarım arasında isə çoxlu peşəkar futbolçu var”.

O, Dağıstandan olan çeçen idmançı, üçqat Olimpiya, altıqat dünya və beşqat Avropa çempionu Buvaysar Saytiyevə pərəstiş etdiyini qeyd edib: “Biz gözümü sərbəst güləş dünyasında açmışıq. Çünki bizdə Olimpiya çempionu Namiq Abdullayev kimi həmyerlimiz var. Ancaq uşaqlıqdan mən Buvaysar Saytiyevə pərəstiş edirəm. Buvaysar kimisi yoxdur, olmayıb və olmayacaq”.

Hazırda Moskvada keçirilən ALROSA Kuboku adlı Qran Pridə iştirak edən Hacı ilk dəfə Rusiyanın paytaxtında olduğunu söyləyib:

“Moskvada ilk dəfəyəm. Bura çox xoşuma gəldi. Bəli, mənim yarışa startım tarixə düşəcək. İlk dəfə bu yarışda Olimpiya çempionunu məğlub etdim. Daim Mahaçqala və Kislovodskdajı toplanışlarda oluram. Moskvaya isə yolum heç düşməmişdi. İlk dəfə böyük turnirlərdə olmuram. Təşkilatçılıq orda axsayır. Moskva Qran-Prisində isə elə bil biz Olimpiada və ya dünya çempionatındayıq. Burda hər şey lazım olduğu kimidir. Ona görə də güləş gedir (gülür)”.

O, yaxın planlarından da danışıb: “Əsas məsələ lisenziya turniridir. Bunadək artıq yarışda olmayacağam. Olimpiya lisenziyası qazanmaq üçün gücümə qənaət edəcəyəm. Ola bilsin ki, Tokio məndə sonuncu Olimpiada olacaq…”

Hacı Əliyev çıxış etdiyi 65 kq çəki dərəcəsində olan rəqabəti bu cür şərh edib: “Bizim çəkidə ən yüksək rəqabət var. Yalnız 65 kq-da güləşərək Vladimir Xinçeqaşviliyə qalib gələ bildim. Ona altı dəfə uduzmuşdum, amma son iki qarşılaşmada qalib gəlmişdim. Bütün çəkilərdə yaxşı güləşçilər var, amma bizdə daha çoxdur. Yaponiya, Kuba, Gürcüstan, Rusiyadan bu çəkidə güclü idmançılar var. Hamısını saymaq mümkün deyil! Ancaq birinci yer həmişə bir dənədir. Mən də Olimpiadada məhz onu tutmağa çalışacağam”.

Qeyd edək ki, dünən yarımfinalda Vladimir Xinçeqaşviliyə 7:3 qalib gəlmiş Hacı Əliyev bu gün finalda son Avropa çempionatının bürünc medalçısı olmuş rusiyalı Naçın Kuularla qarşılaşacaq.

Səbuhi Musayev