Aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilər müəyyənləşib.
Böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında qitə birinciliyində Əfqan Xaşalov (-57 kq), Əhmədnəbi Qvarzatilov (-61 kq), Əli Rəhimzadə (-65 kq), Turan Bayramov (-70 kq), Əşrəf Aşırov (-74 kq), Rəşad Yusifli (-79 kq), Hacımurad Məhəmmədsəidov (-86 kq), Osman Nurməhəmmədov (-92 kq) və Şamil Zubairov (-97 kq) mübarizə aparacaq.
Aprelin 18-də sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin rəqibləri müəyyənləşəcək. Növbəti gün 57, 65, 70, 79 və 97 kq-da mübarizəyə start veriləcək. Digər çəkilərdə çıxış edən sərbəst güləşçilər isə ayın 20-də xalça üzərinə çıxacaq. Güləşin bu növündə mübarizəyə aprelin 21-də yekun vurulacaq.
Göründüyü kimi, sərbəst güləş üzrə üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev bu yarışda mübarizə aparmayacaq. Bu isə o deməkdir ki, karyerasını Olimpiadadan sonra bitirməyi planlaşdıran Hacı dördüncü dəfə qitənin ən güclüsü ola bilməyəcək. Həmçinin Mahir Əmiraslanov, Şərif Şərifov və Camaləddin Məhəmmədov kimi aparıcı yığma üzvləri də bu yarışda olmayacaq.