Təcrübə göstərib ki, ünvanlı sosial yardımlarda, onların verilməsində müəyyən neqativ hallar var. Ona görə də yeni mexanizmlərin tətbiqini planlaşdırırıq. Artıq bununla müvafiq işlərə də başlanılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
“Bu gün biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə ünvanlı yardımın və əlilliyin müəyyənləşməsinin mexanizmlərini yenidən hazırlamağı düşünürük. Çünki orada həm neqativ, həm də qeyri-obyektiv hallar yaşanır. Biz bu məsələlərlə bağlı islahatları mütləq həyata keçirməliyik”, – deyən komitə sədri bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlandığını da sözlərinə əlavə edib.
“Ünvanladığımız məktubun mahiyyətində o durur ki, yay tətili dövründə qanunların monitorinqi keçirilsin. Həm nazirlik, həm biz, həm də ictimai birliklər, qeyri-hökumət təşkilatları birgə monitorinqlər aparaq. Nöqsanların harada olduğunu müəyyənləşdirək və sentyabr-oktyabr aylarında parlamentdə dinləmələr keçirək. Dinləmələrdən sonra müəyyən edilmiş neqativlərin həllinin qanuni tərəfini tapaq və onu təsdiqləyək”, – deyə, H.Rəcəbli bildirib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com