aecbfd6c-5747-4e21-9dc8-b32e16673a4d.jpg

Hadrutun işğaldan azad olunmasından dörd il ötür – “Qeyri-bərabər döyüşdə düşməni darmadağın etdik”

Baxış sayı: 206 dəfə baxılıb.

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından dörd
il ötür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata
keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da
düşmən tapdağından azad edilib. Bu münasibətlə media nümayəndələri və hərbi
ekspertlərin iştirakı ilə Hadrut qəsəbəsinə mediatur təşkil olunub.

Səfər zamanı qəsəbənin strateji əhəmiyyəti, işğaldan azad edilməsi prosesi və
müharibənin gedişinə təsirləri ilə bağlı verilən informativ məlumatlar
mediaturun əsas istiqaməti olub. Hadrutun işğaldan azad edilməsində iştirak
edən Azərbaycan Ordusunun hərbi qulluqçuları, eləcə də hərbi ekspertlər Hadrut
əməliyyatı ilə bağlı açıqlamalar veriblər.

Cixisyolu.com-ın əməkdaşı ilə həmsöhbət olan hərbi qulluqçular qalib Ordunun əsgəri
olmaqdan və azad edilən ərazilərdə xidmətlərini davam etdirməkdən qürur
duyduqlarını ifadə ediblər:

“Hadrut düşmən üçün işğal altında saxladığı ərazilərimizin gözü sayılırdı.
Əbəs deyildi ki, onların ən çox məskunlaşdığı yerlərdən biri də məhz bura idi.
Düşmən əsla düşünmürdü ki, biz Hadruta hücum edərik. Lakin biz düşmən
gözləmədiyi halda Cəbrayıl istiqamətindən Hadruta doğru irəlilədik. İki qrupa
ayrılmışdıq. Qısa zaman kəsiyində artıq düşmənin dərinliyinə qədər gedib
çıxmışdıq”.

Hərbi qulluqçu bildirib ki, hücum zamanı düşmənin onlardan xəbəri olmayıb:

“Lakin biz onların hərbi hissəsinə yaxınlaşanda bizi gördülər və aşkara
çıxdıq. Buna baxmayaraq, onları məhv etməyə müyəssər olduq. Ondan sonra isə
onların hərbi hissəsində çaxnaşma başladı. Bu dəfə isə qeyri-bərabər döyüşə
girdik və düşməni tamamilə darmadağın etdik. Qısa zaman kəsiyində Hadrut
işğaldan tamamilə azad olundu və ərazi artıq bizim tam nəzarətimizə keçdi”, –
deyə hərbçi vurğulayıb.

O, Hadruta nəzarəti bərpa edəndən sonra Şuşakənd istiqamətinə doğru
irəlilədiklərini əlavə edib:

“Təəssüf ki, Şuşakəndə çatanda mən artıq yaralanmışdım. Ondan sonra isə
irəliləyə bilmədim. Təbii ki, heç bir döyüş itkisiz olmur. Bizim də
yaralılarımız, şəhidlərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin,
qazilərimizə şəfa versin”.

Hadrut əməliyyatında iştirak edən daha bir hərbi qulluqçu da Cixisyolu.com-a
əməliyyat haqqında danışıb:

“2020-ci ilin 27 sentyabrında səhər saatlarından etibarən düşmən təxribatının
qarşısını almaq məqsədilə bölmələrimiz əks-hücuma keçdi. Azərbaycan Ordusu
qarşısına qoyulan bütün tapşırıqları dəqiqliklə yerinə yetirdi. Hadrutun azad
olunması isə növbəti əməliyyatlar üçün xüsusi önəm kəsb edirdi, çünki bu
məğlubiyyət düşməndə ruh düşkünlüyünün yaranmasına və qorxuya səbəb oldu”.

“Ümumiyyətlə, düşmən Azərbaycan Ordusunun Hadruta qədər gəlib çıxacağını
düşünmürdü. Amma biz qarşımıza qoyulan bütün tapşırıqları dəqiq və vaxtında
icra etdiyimiz, həmçinin döyüşdə düzgün idarəçilik olduğu üçün 44 gün ərzində
Hadrut da daxil olmaqla torpaqlarımızı işğaldan azad etdik. Bu sevinci
Azərbaycan xalqına yaratdığımız üçün çox qürurluyuq. Təbii ki, bizim
qardaşlarımız, çiyin-çiyinə döyüşdüyümüz yoldaşlarımız şəhidlik zirvəsinə
yüksəldilər. Onların haqqı danılmazdır. Biz bu gün bu bölgələrdə rahat
gəziriksə, bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan
Ordusunun, şəhidlərimizin, qazilərimizin və Azərbaycan Respublikasının Silahlı
Qüvvələrinin Ali Baş Komandanı cənabİlham Əliyevin siyasi iradəsinin
nəticəsindədir”, – hərbçi əlavə edib.

Təbii ki, Hadrutun azad edilməsi strateji cəhətdən mühüm əhəmiyyətə malik idi.
Çünki Azərbaycan Ordusunun qəsəbəyə nəzarəti bərpa etməsi ordumuzun həm də
Qarabağın dağlıq hissəsinə nəzarətə malik olması demək idi. Bu baxımdan, Hadrut
əməliyyatı İkinci Qarabağ müharibəsində əsas dönüş nöqtələrindən biri sayılır.
Əbəs deyil ki, Ermənistan ordusunun motoatıcı diviziyasının qərargahı da məhz
Hadrutda yerləşirdi. Onların əsas döyüş tapşırığı isə cənub istiqamətində
müdafiənin təşkil edilməsi idi.

Cixisyolu.com-a Hadrtun strateji əhəmiyyətindən danışan hərbi ekspert Azər Bayramov
bildirib ki, ərazinin işğaldan azad edilməsi və düşmən diviziyasının
qərargahının dağıdılması öndə duran ən prioritet məsələlərdən biri idi:

“Bu istiqamətdə Azərbaycan Ordusu əvvəlcə əsas müqavimət mərkəzlərini sıradan
çıxardı və yaranan boşluqlardan istifadə edərək kiçik qruplarla dərinliyə sızıb
fəaliyyət göstərdi. Bu da Ermənistan ordusunda panikaya səbəb oldu”.

“Bununla paralel olaraq, Azərbaycan Ordusu, əsasən, Cənub-Qərb və Şimal-Şərq
istiqamətlərindən bu fəaliyyətləri icra etdi və bundan sonra düşmənin konkret
olaraq hər hansı bir tapşırığı yerinə yetirmək iqtidarında olmadığını müşahidə
etdik. Bundan sonrakı dönəmdə də Azərbaycan Ordusu Hadrutu işğaldan azad
etməklə digər istiqamətlərdə, xüsusən də düşmənin nəqliyyat və təchizat yolları
var idi ki, bəzilərinə vizual olaraq, bəzilərinə də fiziki olaraq nəzarəti ələ
keçirdi. Növbəti mərhələdə biz Füzulinin işğaldan azad edilməsini müşahidə
etdik”, – deyə ekspert vurğulayıb.

Müsahibimiz bildirib ki, Azərbaycan Ordusu növbəti əməliyyatını Şuşa
istiqamətində həyata keçirib və bununla həm də düşmənin formalaşdırdığı mifi
darmadağın edib:

“Çünki Ermənistan ordusunda belə bir fikir formalaşmışdı ki, Azərbaycan Ordusu
düzənlik ərazilərdə uğur əldə etsə də, dağ şəraitində gedən döyüşlər Ermənistan
tərəfinə hansısa bir üstünlük qazandıracaq və Azərbaycan Ordusunu saxlamağa
müvəffəq olacaqlar. Ancaq burada da yanıldılar. Biz müşahidə etdik ki,
Azərbaycan Ordusu istər düzənlik, istərsə də dağlıq relyefdə istənilən döyüş
tapşırığının öhdəsindən gəlməyə qadirdir və Ermənistan tərəfinin də belə
miflərlə yaşaması onların biabırçı şəkildə məğlubiyyətinə səbəb oldu”.

“Məlum olduğu kimi, Cəbrayıl işğaldan azad ediləndən sonra 9-cu alayın şəxsi
heyəti də Hadruta köçürülmüşdü. Şəxsi heyət üstünlüyünün kifayət qədər çox
olmasına baxmayaraq, Azərbaycan Ordusu tapşırığın öhdəsindən gəldi və onların
bir çoxunu zərərsizləşdirdi, digərləri fərarilik edərək qaçmağa məcbur oldular.
Bu prosesdən sonra da biz Ermənistan ordusunda fərariliyin artmasını müşahidə
etdik. Ümumiyyətlə, Hadrut əməliyyatı hərb tarixində öyrənilməli olan
əməliyyatlardan biridir və Azərbaycan Ordusu istər düzənlik, istərsə də dağlıq
şəraitdə tapşırığın yerinə yetirilməsində yeni bir səhifə açdı. Bundan sonrakı
fəaliyyətlər isə Şuşa istiqamətində oldu və bölmələrimiz yenə də qarşıya
qoyulan tapşırıqları uğurla yerinə yetirməkdə davam etdilər”, – deyə Bayramov
fikrini yekunlaşdırıb.

Hərbi şərhçi Ramil Məmmədli də Cixisyolu.com-a açıqlamasında Hadrut əməliyyatının
strateji əhəmiyyətindən danışıb:

“Hadrut yaşayış məntəqəsi və ətrafda yerləşən yüksəkliklər, xüsusən də Ərgünəş
dağı Azərbaycan Ordusu üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Çünki
Cəbrayılı işğaldan azad edən silahlı qüvvələrimiz Cəbrayıl-Füzuli və
Cəbrayıl-Hadrut istiqamətində möhkəmlənməyə çalışırdılar. Bu möhkəmlənmənin
təmin olunması üçün isə maneə yaradan amillər aradan qaldırılmalı idi. Bu
amillərdən biri Ərgünəş dağı, ikincisi Hadrut və ətrafındakı digər yüksəkliklər
idi. Silahlı Qüvvələrimiz əməliyyatlar nəticəsində ilkin olaraq yüksəklikləri,
sonrakı mərhələdə isə yaşayış məntəqələrini işğaldan azad edə bildilər”.

“Hadrutun işğaldan azad olunması həm Azərbaycan Ordusunun Qarabağın dağlıq
hissəsində mövqelərini gücləndirməsinə gətirib çıxardı, həm də cəbhənin yeni
şəkildə formalaşmasını diktə etdi. Çünki Hadrut işğaldan azad ediləndən sonra
Ermənistanın ordu birləşmələri mövqelərini digər istiqamətlərdə gücləndirməyə
çalışırdılar. Bu isə çox qısa vaxtda həyata keçirilməli idi. Buna isə vaxt yox
idi. Nəticədə Ermənistan ordusu müdafiə potensialına malik birinci, ikinci və
üçüncü eşelon bölmələrini formalaşdıra bilmədi”, – deyə şərhçi vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Azərbaycan Ordusunun hücum əməliyyatlarını sürətlə
həyata keçirməsi vəziyyətin hər saat dəyişməsi ilə nəticələnirdi:

“Bu da Ermənistan üçün əlavə problemlərə yol açırdı. Hadrutun işğaldan azad
olunması isə Azərbaycan Ordusunun Qırmızı Bazar, Xocavənd, Şuşa istiqamətində
irəliləməsinə və Ermənistan ordusunun cənub cəbhəsində mövqelərinin sıradan
çıxarılmasına gətirib çıxardı”.

Mərahim Nəsib

Source link