Haldourson: “Qarabağ”a keçməklə öz arzularımın arxasınca getdim

Baxış sayı: 2. 550 dəfə baxılıb.

Haldourson: “Qarabağ”a keçməklə öz arzularımın arxasınca getdim

“Qarabağ”ın dünya çempionatı iştirakçılarından olan İslandiya millisinin qapıçısı Hanes Haldoursonu iki illik müqavilə ilə sıralarına qatdığını xəbər vermişdik.

ÇıxışYolu.Com xəbər verir ki, 34 yaşlı qolkiper keçidi haqda ilk dəfə ölkəsinin mətbuatında ətraflı danışıb:

“Təbii ki, Azərbaycan ekzotik ölkədir. Təklif gələndə keçidim az inandırıcı görünürdü. Ancaq daha ətraflı tanışlıqdan, klubun özünü təqdim etməsindən sonra əmin oldum ki, “Qarabağ”a keçməklə hər şeyi düzgün edirəm.

Çoxlu təkliflərim vardı. Qərarımı mümkün qədər tez verməli idim. Çoxlu telefon zənglərim vardı. İspanlar və polyaklarla danışmışdım, bütün lazımi informasiyaları toplamışdım. Lakin bu, daha yüksək səviyyəli klubdur, peşəkarlar üçün əla şəraiti var. Danimarkada hər şeyə qənaət edirlər. Burda, yəqin ki, Danimarkadakından fərqli olacaq.

“Qarabağ” Azərbaycan çempionatında ardıcıl beş dəfə qalib olub. Komanda iki stadionda oynayır. Çempionatın matçları birində – kiçik olanında (“Azərsun Arena”nı nəzərdə tutur – S.M.), avrokubok oyunları isə 70 min insanın toplaşa bildiyi digər arenada (Bakı Olimpiya Stadionu – S.M.) keçirilir. Ailəm sevinirdi ki, mən avrokubok matçlarında çıxış edəcəyəm”.

Haldoursonun “Qarabağ”a keçidinə klub və şəhər haqda müsbət fikirlər eşitməsi və komandanın Çempionlar Liqasında iştirak etməsi böyük şəkildə təsir edib: 

“Həyat yoldaşımla bu keçid haqda çox müzakirə apardıq və qərara gəldik ki, burada hər şey yaxşı olacaq. “Qarabağ”ın bütün legionerləri artıq uzun müddətdir ki, komanda ilə birgədir. Əgər oyunçu komandadan getmək istəmirsə, o, heç yerə getməyəcək. Bakı və “Qarabağ” haqda danışdığım hər kəs klub və şəhərə ən yüksək qiymət verdi.

Bir il əvvəl bu komanda “Kopenhagen”i keçmişdi və indi yenidən Çempionlar Liqasının qrup mərhələsində çıxış etmək istəyirlər. Hesab edirəm ki, bu, həmin turnirdə oynamağım üçün ən yaxşı şansımdır. Mən öz arzularımın arxasınca getdim”.

Qeyd edək ki, Hanes Haldoursonun dünya çempionatından kiçik zədəsi var. Buna görə onun Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniya “Olimpiya”sı ilə ilk oyunda iştirakı sual altına düşüb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com