21 yaşadək millimizin (U-21) futbolçusu Ozan Can Kökcünün Azərbaycandan imtina edib Türkiyə yığmasında çıxış edə biləcəyini xəbər vermişdik.
ÇıxışYolu.Com-ın məlumatına görə, Türkiyənin aşağı yaş qrupları üzrə direktoru Tolunas Kafkas bunun üçün onun atası Halis Kökcü ilə görüşmüşdü.
Lakin 19 yaşlı futbolçunun atası Halis saytımıza açıqlamasında bildirib ki, onun Türkiyə millisinə qayıtmasından söhbət gedə bilməz:
“Bəli, Türkiyədən Tolunay Kafkas mənimlə görüşüb. Bildiyiniz kimi, mənim iki oğlum var. O, tək Ozan üçün yox, digər oğlumun da Türkiyə millisində çıxış etməsini istəyirdi. Amma mən ona bu təklifindən dolayı təşəkkür etdim və bildirdim ki, oğullarımdan biri artıq Azərbaycan, digəri isə Hollandiya millisinin xeyrinə seçim edib.
Bundan sonra da Ozanın Azərbaycan millisindən imtina etməsi mümkün deyil. O, bir dəfə seçimini edib və bu seçimində sonadək qalacaq”.
Ozan Can Kökcü ötən il “Instagram”dakı profilində status yazaraq millimizdən ayrıldığını bildirmişdi. Lakin Rəşad Sadıqovun U-21 yığmamıza baş məşqçi təyin olunmasından sonra o, komandamızda yenidən peyda olmuşdu.
Yeri gəlmişkən, futbolçunun atasından niyə millidən imtina edib, sonra da geri qayıtmasının səbəbini soruşduq. Cavab maraqlı alındı:
“Ozanın həmişə baş məşqçilərlə münasibəti yaxşı olub. Bu, Yaşar Vahabzadənin vaxtında da, Rəşad Sadıqovun vaxtında da belə olub. Sadəcə olaraq, hər uğursuzluqdan sonra yığmadakı türklərin mətbuatda pislənməsi ona təsir etmişdi.
Hollandiyada yerli camaat “pis türk” kəlməsindən istifadə edir. Bir pis şey olan kimi bunu deyirlər və bu da türklərlə yerlilər arasında davaya səbəb olur. Azərbaycanda da uğursuzluqların günahkarı kimi Ozan və digərlərinin görünməsi onu sındırmışdı.
Bir anlıq özünü pis hiss edərək millidən ayrıldığını açıqladı. Ancaq bu, ani bir hiss idi. Rəşad Sadıqovun onunla danışmasından sonra dərhal milliyə qayıtdı. Buradan qeyd etmək istəyirəm ki, Ozan Azərbaycan millisinin formasını geyinməkdən həmişə qürur hissi keçirib və həmişə də belə olacaq”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com