Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Son günlər hamilələr arasında qızılcaya yoluxma ilə bağlı ciddi narahatlıq
var. Onların bir çoxu əsaslı və ya əsassız həkim konsultasiyalarına üz tutur.
Bəziləri isə sosial şəbəkə üzərindən paylaşım edərək, “hamiləlik zamanı
qızılcaya yoluxma halı baş verərsə, nə etməliyəm” sualına cavab axtarırlar.
Bəs hamiləlikdə qızılca virusuna yoluxduqda nə etmək lazımdır? Bu, doğulacaq
uşağa nə kimi mənfi təsir edə bilər? Hamiləlik dövründə qızılcaya yoluxma düşük
təhlükəsinə gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Cixisyolu.com-a açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq
və Ginekologiya İnstitutunun həkim mama-ginekoloquKəmalə Əfəndiyeva qeyd edib
ki, hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər.
O bildirib ki, hər bir qadın sağlam hamiləlik üçün ilk həftələrdən etibarən
həkim nəzarətində olmalıdır:
“Müayinə zamanı qadının qızılca keçirmədiyi aşkarlanarsa, mütləq şəkildə
sıxlıq olan yerlərdən uzaq olmalı, qızılcaya yoluxan biri ilə təmasda
olmamalıdır. Təmas olubsa, profilaktik olaraq hamiləyə immunoqlobulin yeritmək
mümkündür.
Hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər. Belə ki, qadın
birinci trimestrdə qızılcaya yoluxubsa, bu hamiləlik dölün inkişafdan qalması
və ya düşüklə nəticələnə bilər. İkinci trimestrdə qızılcaya yoluxma halı varsa,
bu zaman uşaqda sinir sistemi, ürək-damar sistemi ilə bağlı inkişaf qüsurları
yarana bilər. Hamiləlikdə qızılcanın olması vaxtından əvvəl doğuş təhlükəsi
riskini də artıra bilir. Ana namizədi üçün isə meningit, ensefalit kimi
fəsadlar yarana bilər.
Əgər qadında hamiləliyin üçüncü trimestrində qızılca aşkarlanıbsa, bu zaman
körpəsinin virusla doğulması ehtimalı artır, qızılcanın əksər simptomları
yenidoğulmuşda özünü göstərə bilir və təxminən 7-14 gün çəkir”.
Həkim əlavə edib ki, peyvənd olunmayan qadın hamiləlikdə belə hallarla
qarşılaşmamaq üçün yaxşı olar ki, hamiləliyi planlamadan öncə vaksinasiya
olunsun:
“Bu, həm qadının, həm də uşağın sağlamlığı üçün önəmlidir”.
Könül Cəfərli