07c21be5-4765-4f5b-8040-37d82525ebe0..jpg

Hamiləlikdə risk qrupları hansılardır? – Nazirlik rəsmisi ilə MÜSAHİBƏ

Baxış sayı: 906 dəfə baxılıb.

Hamiləlikdə risk qrupları hansılardır? – Nazirlik rəsmisi ilə MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova
Səhiyyə Nazirliyinin rəsmi saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Nigar xanım, hansı halda hamiləlik riskli qəbul edilir və adətən buna nələr
səbəb ola bilər?

– Hamiləlikdə risk qruplarının təyini çox vacib amillərdən biridir. Bu risk
qrupları həkim mama-ginekoloq tərəfindən təyin olunur və bütün dünyada qəbul
olunan perinatal konsepsiya çərçivəsində aparılır. Risk qruplarının təyini
hamilə qadınlarda fəsadlaşmaların öncədən proqnozlaşmasına və bu ağırlaşmaların
minimuma endirilməsinə kömək edir. Nəticədə vaxtından əvvəl doğuşların sayını,
anadangəlmə qüsurların faizini və ölüdoğulanların sayını azaldır.

Bu risk qruplarının ən əsas problemlərdən biri kimi qadının yaşı aiddir.
Bildiyiniz kimi, 18 yaşdan aşağı və 38 yaşdan yuxarı olan hamilə xanımlara
ciddi nəzarət olmalıdır. Çünki onlarda tez-tez müəyyən ağırlaşmalar –
hipertenziya (preeklampsiya, eklampsiya, gestasion diabet, dölün inkişaf
ləngiməsi, psixoloji problemlər) qeyd oluna bilər.

Qadında neçənci hamiləliyin olması da vacib hesab olunur. Çoxsaylı doğuşlarda
(5, 6 və daha çox) ağırlaşmalara daha tez rast gəlinir. Bu zaman dölün sağrı
gəlişi, mamalıq qanaxmaları (ciftin vaxtından əvvəl qopması, hipotonik və
atonik qanaxmalar), vaxtından əvvəl doğuşlar və s. patologiyalar ola bilər.

Növbəti risk qrupuna çoxdöllü hamiləlik aiddir. Döl sayının çox olması
düşüklərin və vaxtından əvvəl doğuşların riskini artırır (40 faizədək), hamilə
qadında isə daha çox təzyiq problemləri, ödemlər və böyrək infeksiyalarına rast
gəlinir. Nəticədə bu da yenidoğulmuşların azçəkili və bətndaxili patologiyalar
ilə doğulmasına səbəb ola bilir.

– Birinci doğuşdan nə qədər müddət sonra orqanizm bərpa olunur və ikinci
hamiləlik planlaşdırıla bilər?

– Hamiləlik qadın orqanizmində bir çox dəyişikliklərə səbəb olur. Burada yaş
faktoru, doğuşun təbii və ya operativ yolla (qeysəriyyə əməliyyatı) aparılması,
xüsusi ağırlaşmalar, ekstragenital və digər səbəblərin rolu var. Hər bir doğuş
qadın üçün imtahandır. Təkrar hamilə qalmaq və dünyaya sağlam uşaq gətirmək
üçün ən azı 12-18 ay keçməlidir ki, ağırlaşmaların da sayı az olsun. Bu
müddətdə qadın orqanizmi bərpa olunub, digər hamiləliyə hazır ola bilər.

– 40 yaşdan sonra hamiləlik necə dəyərləndirilir?

– Qadın reproduksiyasında, sözsüz ki, müəyyən sərhədlər var. 18 yaşdan aşağı
və 35-38 yaşdan yuxarı olan hamilələr risk qrupuna aiddir. Amma həyat öz
qanunlarını bizə diktə edir. Heç kəs indi 40-45 və hətta 50 yaşında hamiləyə
təəccüb etmir. İnkişaf etmiş ölkələrdə bu normal qəbul edilir – qadın öz
karyerasını qurur və maddi-mənəvi bazasını ciddi hazırlayandan sonra bu addımı
atır. Amma təəssüf ki, bir çox hallarda bu gec olur və hamiləlik ya heç baş
vermir, ya da müəyyən ağırlaşmalara səbəb olur. Ən çox rast gəlinən isə
xromosom patologiyalarıdır. Biz hər bir qadına dəstək olmalı və təbabətdə ən
son texnologiyaların köməyi ilə (genetik analizlər, USM, müxtəlif skrininqlər,
amniosentez, kordosentez və s.) ağırlaşma və xəstə uşaqların doğulması riskini
bu qrup hamilələrdə minimuma salmalıyıq.

Ümumiyyətlə, qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan ən
optimal 20-35 yaş aralığıdır.

– Hamiləlik dövrünü sağlam sonlandırmaq üçün qadınlara məsləhətiniz nə olardı?

– Hamiləlik dövrü ana olmağa hazırlaşan hər bir qadın üçün həm fizioloji, həm
də psixoloji olaraq dəyişikliklərin olduğu prosesdir. Eyni zamanda, hamiləlik
fonunda gələcək ananın davranışında bir sıra dəyişikliklər formalaşır. Buna
görə də gələcək ana üçün ən vacib amillərdən biri doğuşa psixoloji hazırlıqdır.

Qadın hamiləliyə öncədən hazırlansa daha yaxşı olar. Bu, gələcək ataya da
aiddir. Çünki valideynlərin sağlam həyat tərzi, alkoqol, siqaret və hər hansı
bir zərərli vərdişlərdən imtina edərək dünyaya sağlam körpə gətirməyə, eyni
zamanda hamiləliyin mənfi ağırlaşmalarından mümkün qədər qaçmağa imkan verir.
Həmçinin, 2-3 ay öncədən fol turşusunun qəbulu məsləhət görülür.

Bundan əlavə, əgər qadında və kişidə hansısa xroniki xəstəlik varsa mütləq onu
həkimlə məsləhət etməlidilər. Ailə quran cütlüklər nikahdan öncə müəyyən irsi
xəstəliklərdən rutin olaraq yoxlanılır. Lakin bəzi hallarda ailə digər
patologiyaları gizlədir və bunlar sonradan hamiləlik ağırlaşmalarına və ya
uşaqda anadangəlmə qüsurlara səbəb olur.

Yuxarıda qeyd olunanlarla yanaşı, düzgün qidalanmaq və bütün hamiləlik
müddətində meyvə-tərəvəz, balıq, süd məhsullarına üstünlük vermək, qazlı
içkilər və qəhvənin, şirniyyat və xəmir yeməklərin qəbulunu mümkün qədər
azaltmaq tövsiyə olunur. Bundan əlavə, açıq havada gəzinti hamilə qadınlarda
oksigenə olan tələbatı ödəyir.

Həkim tərəfindən hamilə qadın nəzarətə götürülərkən hər bir dəyişiklikləri ona
izah edir və perenatal qulluğa aid olan hamilə qadının nəzarət kitabçasını
açır. Hamiləliyin 12-13 həftəsində (əgər daha erkən aparmağa göstəriş yoxdursa)
ultrasəs müayinəsi (USM) aparılır. Həmin dövrdən polivitamin və kalsium
qəbuluna başlanmalı, anemiya olduqda dəmir preparatları da əlavə olunur.

Qeyd edim ki, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7-8 dəfə həkim
məsləhətindən keçməlidir.

Source link