Hamının “Heyf ki, biz onu itirdik!” deyə təəssüfləndiyi Əməkdar artist – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Lənkəran Dövlət Dram Teatrı Əməkdar artist Niftulla Əsgərovla vidalaşdı.
Dostları, sənət yoldaşları, doğmaları inanırdı ki, o, bir gün xərçəngə qalib
gələcək və yenidən səhnəyə qayıdacaq. Ancaq aktyor sağlığında sevərək oynadığı
səhnədən son mənzilə yola salındı. Niftulla Əsgərov doğulub böyüdüyü Girdəni
kəndində torpağa tapşırıldı…
Onu yola salmağa çox adamlar gəlmişdi – sənət dostları, rayon ictimaiyyəti,
vəzifəlilər, teatrsevərlər. Hamısının da dilindən böyük təəssüf hissi ilə bir
fikir səsləndi: “Heyf ki, biz onu itirdik!”
Vidalaşmağa gələnlər onu da qeyd edirdilər ki, mərhum aktyor istedadlı olduğu
qədər də mehriban və səmimi insan olub. Rollarını ürəkdən və fədakarlıqla
oynadığı üçün tamaşaçılar ona inanıb.
“Kaspi”
qəzeti növbəti məqaləsini Əməkdar artist Niftulla Əsgərova həsr edib.
N.Əsgərov 2018-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Lənkəran Dram
Teatrının səhnəsində oynadığı çoxsaylı rollara sonradan kinoseriallardakı
obrazları da rəngarənglik qatıb, yaradıcılığını zənginləşdirib.
“Bizim Əhməd haradadır?”, “Bayram axşamı”, “Vəziyyət rusca”, “Elçilik”,
“Xalxın evi” kimi müasir komediya filmlərindəki xarakterik rolları onu
auditoriyaya fərqli ampluada sevdirib.
N.Əsgərov səhnəsinə 1995-ci ildə üz tutduğu Lənkəran Teatrından şəxsi
səbəblərdən bir müddət uzaqlaşıb. Xalq artisti Qabil Quliyev təəssüflə bildirir
ki, teatrdan uzaqlaşması əslində N.Əsgərovun ziyanına olub: ”Kollektivdə
işləyirdi, rolları vardı, hamı da hörmətini saxlayırdı. Teatra yenidən
qayıdanda isə artıq xəstə idi”.
“Niftulla müəllim uzun illər Lənkəran Teatrında çalışıb, müxtəlif rollar
oynayıb. Sonradan isə Azərbaycan kommersiya kinosunun simasına çevrilmişdi”, –
deyə Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən İntiqam
Hacılı danışır: “Lənkəran teatrında Niftulla müəllimi sevənlər çox idi. Həm
kollektiv, həm də teatrsevərlər tərəfindən sevilirdi”. İ.Hacılı xatırlayır ki,
N.Əsgərov 1995-ci ildən teatrda işləməyə başlasa da, sonradan müəyyən fasilə
onu teatrdan ayırıb: “2022-ci ilin mart ayında yenidən teatra qayıtması üçün
müraciət etdi. Biz onu məmnuniyyətlə yenidən teatra qəbul etdik. O əməliyyat
keçirmişdi, sağalmaq üzrə idi. Bizim fikrimiz vardı ki, onun üzərində
monotamaşalar, komediyalar quraq. Tamaşaçılar yenidən onu səhnədə görsün. Amma
xəstəliyi yenidən kəskinləşdi və əməliyyat olundu. Teatrın kollektivi ona baş
çəkməyə getdi, o, yenə də hamını mehribanlıqla, həmişəki kimi gülər üzlə
qarşılamışdı. Amma sonra bu acı xəbəri eşitdik…”
Əməkdar artist Sucəddin Mirzəyev mərhum həmkarını istedadlı və teatra böyük
məhəbbəti olan insan kimi xatırlayır: “Həyatda nə qədər şən, gülərüz idisə,
səhnədə də o qədər nikbin idi. Tamaşada bəzən əsərin sözlərini yaxşı
xatırlamırdı: “Yadımda saxlaya bilmirəm”, – deyə improvizə edirdi. Müəllif
sözləri bir yana, onun ifası improvizə ilə adama o qədər ləzzət edirdi ki,
tamaşanın qurtarmasını istəmirdin. Səhnədə onunla tərəf-müqabil olanda adam
yorulmurdu. Mən tərəf-müqabil kimi ondan doymurdum. Niftulla həyat eşqi yüksək
olan insan idi. Onunla üz-üzə gələndə qeyri-ixtiyari üzünə təbəssüm qonurdu,
onunla zarafatlaşmaq, deyib-gülmək, “sancmaq” istəyirdin”. S.Mirzəyəv hesab
edir ki, həmkarının sənət potensialı tam açılmadı: “O, teatra gec gəldi. Əvvəl
mədəniyyət sahəsində işləyirdi. Sonradan bildik ki, bizim rayonda teatra həvəsi
olan belə istedadlı insan var. Amma o teatra olan potensialını tam nümayiş
etdirə bilmədi. Niftulla bəlkə bundan sonra da oynayardı, 65 yaş nədir ki… O,
mənə “ağsaqqal, salam” deyəndə, mən ona “gənc, necəsən?” deyirdim”. Baxmayaraq
ki, 5-6 yaş fərqimiz vardı. O, bu sənətə gəlişi ilə elə bil gənclik illərini
yaşayırdı. Niftullanın həyat eşqi, yaşamaq eşqi vardı. Biz ondan doymadıq…”.
“My name is İntiqam” komediya filmində birgə çəkildiyi sənət dostu, Əməkdar
artist Teymur Məmmədov N.Əsgərovun ölümünü Azərbaycan teatrı və kinosu üçün
itki hesab edir: “Mehriban, sakit adam idi. Fəxri adı da eyni vaxtda almışdıq.
İstedadlı aktyor idi. Rejissorlar onunla işləməyi xoşlayırdılar. Zarafatcıl
idi, yumoru vardı. Kimi görürdüsə, “Lənkərana qonaq gəlin” deyirdi.
“Xalxın evi” serialındakı tərəf-müqabillərindən olan Əməkdar artist Çingiz
Əhmədov mərhum aktyoru səmimi və təmkinli insan kimi xatırlayır: “Xalxın evi”
serialı 3 mövsüm ərzində çəkildi. Biz onunla üç il dalbadal bir serialda
oynadıq. Niftulla müəllim mənim atamın rolunu oynayırdı. Həmin müddətdə onu çox
səmimi insan kimi tanıdım. Elə sənətkarlar çox az olur. O, səliqəli, təmkinli
bir insan idi. Heyf ki, aramızdan tez getdi…”
Lənkəran Teatrında vaxtilə baş rejissor işləyən Tural Mustafayev mərhum
aktyorla quruluş verdiyi “Ruhlar” tamaşasında işləyib: “Bakıdan Lənkərana
gedəndə məni elə mehribanlıqla qarşıladı ki, heç vaxt unuda bilmərəm. Niftulla
müəllim yadımda gülərüz və müsbət insan kimi qalıb. İş prosesində də heç vaxt
problem yaratmazdı. Baxmayaraq ki, özünün problemləri vardı, amma biz bunu məşq
prosesində hiss etməzdik”. Rejissor bildirir ki, mərhum aktyor onun hazırladığı
“Ruhlar” tamaşasında professor rolunda oynayıb. Bu, onun ən yaddaqalan
rollarından olub: “Həmişə ona “Professor” deyirdim. Bakıya qayıdandan sonra da
zəngləşib hal-əhval tutanda “Professor, necəsiniz?” deyə soruşurdum. Niftulla
müəllim xarakterik aktyor idi. O, ikinci dərəcəli rolları elə oynayırdı ki,
bütün diqqət ona yönəlirdi. İstedadlı aktyor kiçik rolu böyük rola çevirə
bilir. Niftulla müəllim də belə aktyorlardan idi”.