Azərbaycanla oyunun çətin keçəcəyini bilirdik. Rəqibə erkən qol vurmaq istəyirdik.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Slovakiya millisinin kapitanı Mareq Hamşik deyib.
Çində oynayan 32 yaşlı yarımmüdafiəçi Avro-2020-nin seçmə mərhələsinin son turunun Azərbaycan yığması ilə qarşılaşması barədə fikirlərini açıqlayıb. 2:0 hesablı qələbəyə ikinci qolla töhfə verən Hamşik oyunu dəyərləndirib:
“İlk yarıda daha yaxşı oynadıq. Fasilədən sonra bizdə hərəkətlilik çatmırdı. Xoşbəxtlikdən qalib gəlməyi bacardıq. Rəqibin yalnız bir imkanı oldu. Onda da bizi qapıçımız xilas etdi”.
Hamşik 86-cı dəqiqədə vurduğu qoldan da danışıb:
“Qol epizodunda bəxtim gətirdi. Amma yenə də məmnun qaldım. Biz ən çox Uelslə matçlara görə təəssüflənirik. Final mərhələsinə yüksəlmək imkanını həmin oyunlarda itirdik”.
Qeyd edək ki, Azərbaycan millisinin sonuncu olduğu E qrupunda Slovakiya 13 xalla üçüncü yeri tutub.