Hansı şəxslərə 1380 manat veriləcək? – Deputat AÇIQLADI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən
azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin
verilməsidir. Bu müavinətin qanunla təsdiq edilməsinə baxmayaraq monitorinqlər
göstərir ki, belə ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu,
cəza çəkməkdən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır”.
Cixisyolu.com-ın məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında
bildirib.
Vurğulanıb ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma
ehtiyacı olan şəxslərə verilir:
“Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə
azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları
çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən
arayış təqdim edilməklə ödəniş həyata keçirilir.
Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni
həmin şəxslərə 1380 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət
edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə
cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin
cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi
barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmiləşdirmək mümkündür”.
Deputat bildirib ki, müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı
gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
“Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5
gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi
məlumat verilir.
Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı
yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu
müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza
çəkməkdən son üç ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu
ödənişi almaq hüququna malikdir”.