Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan vətəndaşları Ələddin Qarayev, Fərman Əhmədov, Südabə Mehdiyeva və RF-nın vətəndaşı İdris Axundovun CM-nin 206.3.2-ci (qaçaqmalçılıq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.
Prosesə şahidlər gəlmədiyi üçün məhkəmə iclası qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, Xaçmaz Gömrük İdarəsinin əməkdaşları hava gəmilərində istifadə edilən külli miqdarda cihazın ölkə ərazisindən qanunsuz yolla aparılması cəhdinin qarşısını alıblar. Həmin cihazlar cinayətkar qrupun üzvü tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycandan Rusiyaya aparılarkən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda aşkar edilib.
Aparılmış istintaq nəticəsində dörd nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, istintaq dövründə F.Əhmədov və S.Mehdiyeva barəsində həbs-qətimkan tədbiri seçilməyib.
İstintaqla müəyyən edilib ki, İdris Axundov hava gəmilərində istifadə edilən külli miqdarda cihazı Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə Ələddin Qarayev, Fərman Əhmədov və Südabə Mehdiyeva ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib.
Əldə edilən razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Ələddin Qarayev Azərbaycanın gömrük sərhədindən qaçqmalçılıq yolu ilə keçirilərək Rusiya Federasiyasına göndərmək məqsədilə ümumilikdə 68 adda cihazı yaşadığı Ağcabədi rayonunun Qaradolaq kəndindən Bakı şəhərinə, Fərman Əhmədova göndərib.
Fərman Əhmədov isə həmin malları Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Sədərək” bazarında Südabə Mehdiyevaya təhvil verib. Nəhayət, həmin mallar sonuncu şəxs tərəfindən ölkənin gömrük sərhədindən bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirilərkən gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.