4a77df18-3662-44fb-ad0f-2f08e210a700..jpg

Havamızı çirkləndirən köhnə maşınlar: Onların aqibəti necə olacaq? – FOTO

Baxış sayı: 723 dəfə baxılıb.

Havamızı çirkləndirən köhnə maşınlar: Onların aqibəti necə olacaq? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illərdə paytaxt Bakı başda olmaqla, böyük şəhərlərimizdə havanın həddindən
çox çirkli olması barədə narahatlıq mövcuddur. Bu məsələdə ən böyük pay sahibi
avtomobillər, xüsusilə də istismar müddətini başa vurmuş nəqliyyat
vasitələridir. Mövcud durum artıq müvafiq qurumları da hərəkətə gətirib. Bəs
sözügedən sahədə daha hansı işlərin görülməsinə ehtiyac var?

“Kaspi”

qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.

Avtomobilləri sıradan çıxaran səbəblər

Ekoloq Kənan Kərimli dedi ki, nəqliyyat vasitələrinin sayı hər gün artır,
xüsusən daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri
atmosferi çirkləndirən başlıca mənbə olaraq qalırlar: “Avtomobillərin
əksəriyyəti fiziki və texniki cəhətdən aşınmış, ekoloji göstəricilərinə görə
istismara yararsız vəziyyətdədir. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü
materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin texniki
hissələrinin və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric
olan qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin
keyfiyyətinin yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı
mütəxəssislərin çatışmazlığı avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam
bərpa edilməsinə mənfi təsir göstərir. Avtonəqliyyat vasitələrinin ekoloji
parametrlərini normada saxlamaq üçün onların texniki vəziyyətinə diaqnostika
stendləri və avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət zəruridir”.

Bu avtomobillərə keçid tək çarədir

K.Kərimlinin fikrincə, hibrid və elektromobillərə keçid tək çarədir: “Yararsız
və ya istismar müddətini başa vurmuş avtomobillərin dövriyyədən çıxarılması
ekoloji durumun yaxşılaşmasında rol oynamaqla yanaşı, həm də yol-nəqliyyat
hadisələrinə səbəb olan halların azalmasına da təsir göstərəcək. Nisbətən
ekoloji təmiz hesab olunan hibrid, tam elektrik və buraxılışı 1-3 il aralığında
olan yeni, kiçik həcmli daxili yanma mühərrikli avtomobillərin ölkəyə
gətirilməsini stimullaşdıran addımların atılması ekoloji tarazlığı bərpa
edəcək. Bununla yanaşı, tam elektrikli avtomobillərə digər nəqliyyat
vasitələrində olmayan müəyyən imtiyazların verilməsi əhali arasında onlara
marağın yaranmasına səbəb olar. Bu imtiyazlara dayanacaqların pulsuz olması,
faizsiz kredit şərtləri ilə satış, sığorta qiymətində, texniki servis
xidmətlərinin qiymətlərində endirim, enerji doldurma məntəqələrinin sayının
artırılması və s. daxildir”.

Bu sahədə müvafiq addımlar atılacaq

Ekoloqun sözlərinə görə, ictimai nəqliyyat şəbəkəsinin hər kəs üçün əlçatan
olması avtomobil sahiblərinin də ondan istifadəsinə zəmin yaradar: “Bu baxımdan
son illərdə atılan addımlar, xüsusən avtobus hərəkəti üçün ayrılmış xüsusi
zolaq bu keçidin sürətlənməsinə səbəb olub. Gələcəkdə istismara yararsız
avtomobillərin utilizasiyası, idxal olunan yeni avtomobillərə güzəştlər, ölkə
ərazisində ekoloji göstəricilərə nəzarət edən ekoloji postların sayının
artırılması, texniki qulluq və təmirin keyfiyyətinə dövlət nəzarətinin
artırılması, yeni avtomobillərin daha əlçatan olması üçün müvafiq addımlar
atılması gözlənilir”.

Yeni qərarlar veriləcək

Nəqliyyat eksperti Eldəniz Cəfər bildirdi ki, Azərbaycanda ekosistemin
yaxşılaşdırılması üçün bir sıra yeni layihələr həyata keçirilib: “2022-ci ilin
sonunda Yol Xəritəsi hazırlanıb. Ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat
vasitələri gömrük və digər rüsumlardan azad edilib. Görünür, növbəti mərhələdə
atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq üçün yeni qərarlar
veriləcək. Bu gün Azərbaycana idxal olunan avtomobillərin ekoloji standartı
Avro-4-dür. Növbəti illərdə ölkəmizdə artıq Avro-5 standartına keçid olacaq.
Yəqin ki, hazırlıqlar ona doğru gedir”.

Avtomobillərin 80 faizinin yaşı 10 ildən artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri
Faiq Mütəllimovun sözlərinə görə, ölkəmizə idxal olunan 80 faizdən çox
avtomobilin istismar ili 10 ildən artıqdır. Burada 30 ildən daha çox yaşı olan
avtomobillərin də payı böyükdür: “Vacib məqamlardan biri avtomobillərin
mütəmadi texniki baxışdan keçirilməsi və həmin nəqliyyat vasitələrinin mövcud
standartlara uyğunluğunun yoxlanılmasıdır. Avtomobilin bir sıra hissələrinin
sıradan çıxması ətraf mühitə ciddi təsir göstərə bilər. Ona görə atmosfer
havasına atılan çirkləndirici qazların 80 faizdən çoxu məhz nəqliyyat
sektorunun üzərinə düşür. Bu da müvafiq tədbirlərin görülməsinin
sürətləndirilməsini tələb edir”.

Fevral ayından bu sistem işə başlayacaq

Müsahibimiz bildirdi ki, istismar müddəti bitmiş nəqliyyat vasitələrinin
utilizasiyası ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər qəbul olunub:
“Tullantılar haqqında” qanuna xüsusi bölmə və yeni maddələr daxil edilib.
Hazırda istismar müddəti bitmiş köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə
bağlı müvafiq tədbirlər görülür. Fevral ayından artıq bu sistem işə başlayacaq.
Ödəmələr olunması üçün fond yaradılır. Sentyabr ayından köhnəlmiş nəqliyyat
vasitələri müvafiq özəl şirkətlərdən təşkil olunacaq utilizatorlara təhvil
veriləcək”.

Əhaliyə alternativ təklif etməliyik

F.Mütəllimov qeyd etdi ki, hazırda elektromobillərin istifadəsinin təşviqinə,
köhnə nəqliyyat vasitələrinin idxalı ilə bağlı tənzimləmələrin həyata
keçirilməsinə daha çox fokuslanılıb. Amma əhaliyə alternativ təklif
edilməlidir: “Bu gün hər kəsin bir nəqliyyat vasitəsindən istifadəsi tıxaclara
gətirib çıxarır. Lakin ictimai nəqliyyatdan istifadə üçün imkanlar daha da
yaxşılaşdırılmalıdır. İctimai nəqliyyat sisteminin yaxşılaşdırılması
istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlər görülür.
Metro şəbəkəsinin genişləndirilməsi, müntəzəm marşrut xətlərinin
yaxşılaşdırılması, fərdi avtomobillərdən istifadənin azaldılması, velosiped
yollarının olması və digər mühərriksiz nəqliyyat vasitələrindən istifadənin
artırılması ilə bağlı kompleks tədbirlərin görülməsi nəzərdə tutulur”.

Source link