Bu il elektron qaydada pensiya təyin olunanların sayı beş mini ötüb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla əlaqədar pensiyaçı – Ramiz Tahirova bank kartını təqdim edib.
R.Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən, 64 yaşının tamam olduğu gün – ad günündə ona elektron qaydada pensiya təyin olunmasından sevindiyini bildirib.
Qeyd edək ki, bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir Qəbul Mərkəzi də açılıb.
Mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, təkcə son iki ayda nazirlikdə 5215 nəfər, DSMF-də isə 5348 nəfər vətəndaşın qəbulu həyata keçirilib. Ona görə də qəbul sahəsində xidmətin müasir şəkildə və vətəndaş rahatlığı prinsipi üzrə təşkili diqqətdə dayanır.
S.Babayev yeni Qəbul Mərkəzi, burada vətəndaşların müraciətlərinə baxılması prosesi ilə tanış olub. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir.
“Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri – əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, maddi yardım və sanator kurort yollayışları üçün müraciət edilməsi, fərdi uçotla, eləcə də, ünvanlı sosial yardımı ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır”, – deyə nazir qeyd edib.