484b6f8b-c4f3-4bff-bc54-2510361ca627.jpg

Heç kimə bənzəməyən, öz dünyasına heç kəsi buraxmayan qapalı adam Hamlet Qurbanov

Baxış sayı: 203 dəfə baxılıb.

“Hamlet Qurbanov çox qəribə insan idi. Heç kimə bənzəmirdi. Öz dünyası vardı.
O dünyasına da heç kəsi buraxmırdı. Qapalı adam idi.” Sənət dostları onu belə
xarakterizə edirlər. Böyük aktyorluq istedadı onun qəribə xarakteri ilə
çulğaşmışdı. Bu xüsusiyyətlərin birliyində Azərbaycan teatrı, televiziyası və
kinosu üçün əvəzolunmaz rollar yaranmışdı…

Oktyabrın 13-ü mərhum aktyor Hamlet Qurbanovun doğum günüdür. Sənət yoldaşları
“Kaspi” qəzetinə onun haqqında həm böyük məhəbbət, həm də erkən itkisindən
doğan dərin kədər hissi ilə danışıblar:

Milli Dram Teatrın qocaman aktyoru, Xalq artisti Rafiq Əzimov xatırlayır:
“Hamlet məndən bir il əvvəl teatra gəlmişdi. Hələ Teatr İnstitutunda oxuduğu
illərdə onun diplom tamaşasına baxıb çox bəyənmişdim. Nazim Hikmətin “Şöhrət və
unudulan adam” əsərində oynadığı doktor obrazı demək olar ki, gənclik illərində
oynayan aktyorların içərisində ən yüksək səviyyədə yaradılan bir obraz idi.
Teatrda işlədiyi dövrdə də çox istedadlı aktyor kimi tanınırdı. Təbiətində bir
az qeyri-adilik olsa da istər teatrda, istərsə də kinoda yaratdığı bütün
obrazlar bir-birindən fərqli və maraqlı idi. Rejissorlarla münasibətdə çox vaxt
obrazı təqdim etmək üçün öz istədiyinə nail olurdu. Onun obrazlara öz baxışı
vardı. İndi də Hamletin oynadığı rollara baxanda tamaşaçılar hər bir rolunda
aktyor oyununun qüdrətini görürlər”. R.Əzimov sənət dostunun oynadığı
obrazlarla unudulmaz xarakterlər yaratdığını deyir: “Elə təkcə “Topal Teymur”
televiziya tamaşasını xatırlamaq kifayətdir. İstər Əmir Teymuru oynayan Hamlet
Xanızadə, istərsə də İldırım Bəyazidi oynayan Hamlet Qurbanovun sonda üz-üzə
gələrkən dialoqları böyük sənəti nümayiş etdirirdi. Hamlet də atası Ağadadaş
Qurbanov, anası Gülzar Həsənova kimi sənət aləminin incisi idi”.

Xalq artisti, tanınmış rejissor Ramiz Həsənoğlu “Hamletlə işləmək o qədər asan
deyildi. Onun öz dünyası vardı, qapalı adam idi”, – deyə xatırlayır: “Hamletin
düşündüyü ilə sənin təklifin bəzən üst-üstə düşmürdü, ancaq işləməyə yol
tapırdın. Mən Hamleti dörd televiziya filmində – “Topal Teymur”, “Günahsız
Abdulla”, “Yollar görüşəndə” və “Evləri köndələn yar”da çəkmişəm. Yadımdadır
ki, “Topal Teymur”a bir çox aktyorları, həmçinin Fuad Poladovu dəvət etmişdim.
İstəyirdim Fuad tamaşada Orxan rolunu oynasın. Sonra nədənsə alınmadı, o rolu
Rafael Dadaşov oynadı. Tamaşa efirə çıxandan sonra Fuad mənə zəng edib dedi:
“Açığı deyim ki, sən o rolu mənə təklif edəndə ürəyimdən İldırım Bəyazid obrazı
keçirdi. Amma nə yaxşı ki, sən o rolu Hamlet Qurbanova vermisən”. Siz aktyorun
böyüklüyünə baxın. Ürəyindən keçəni deməyib, üstəlik aktyor yoldaşının uğuruna
da sevinib. Fuad hər aktyoru bəyənməzdi. Əgər o Hamletin rolunu bəyənmişdisə,
indi görün, o necə oynayıb ki, oyunu Fuadı da valeh etmişdi”. Rejissor deyir
ki, H.Qurbanov istədiyi rolları oynaya bilib: “Hamletin özünəməxsus danışıq
tərzi vardı. Hərdən sözlərin tələffüzünü özünəməxsus şəkildə deyirdi. Roluna o
qədər daxil olurdu ki, hətta özünü unudurdu. Heyf ki belə bir sənət adamını tez
itirdik. Mən heç vaxt onu unutmuram!”.

“Hamletin özünəməxsusluğu, qəribəliyi, heç kəsə bənzəməyən oyun tərzi vardı”,
– deyə Xalq artisti Rasim Balayev xatırlayır: “Hamlet hətta ömrünün axırlarında
“Əliqulu evlənir”də Əliqulu obrazın da oynadı. Baxmayaraq ki, Ağasadıq
Gəraybəyli o rola möhür vurmuşdu, Hamlet də özünəməxsus oynadı. Onun rolu da
tamaşaçı tərəfindən sevildi və qəbul olundu”.

Xalq artisti Səidə Quliyeva mərhum aktyorla bir neçə tamaşada tərəf-müqabil
olduğunu xatırlayır: “Mən 1978-ci ildə teatra işləməyə gələndə rejissor Əşrəf
Quliyev Şekspirin “Heç nədən hay-küy” tamaşasını hazırlayırdı. Mənə baş
rollardan biri verilmişdi. Hamlet Qurbanov tamaşada mənim atamı oynayırdı.
Əlbəttə, gənc aktrisanın belə bir teatrda, bu cür böyük sənətkarlarla
addımlaması böyük qürur idi. Hamlet çox istedadlı aktyor idi. Elə bil onun
qanından istedad axırdı. Onun hər sözü, hər baxışı gənc aktrisa üçün bir məktəb
idi.

Daha sonra “Yollar görüşəndə” televiziya tamaşasında həm Hamlet Qurbanovla,
həm də anası Gülxar Həsənova ilə birlikdə çəkildim. Nə yaxşı ki, Ramiz
Həsənoğlu o tamaşada Gülxar xanıma rol verdi. Gülxar xanım Opera Teatrının bir
çox tamaşalarında unudulmaz rollar yaratmışdı, amma televiziya tamaşasında
oynadığı bir obrazla yaddaşlara həkk olundu”. S.Quliyeva Hamlet Qurbanovun
qeyri-adi xarakterindən danışır: “Hamlet çoxdanışan adam deyildi. Əvvəllər elə
bilirdim o biganə insandır. Amma bir dəfə İrəvan Teatrında qastrolda olanda
onun nə qədər unikal bir insan olduğunun şahidi oldum. Hərdən yemək masasında
oturub söhbət edirdik. Mən onda başa düşdüm ki, ondan öyrənməli çox şey var.
Çox qürurlanıram ki, Azərbaycan səhnəsində belə bir möhtəşəm aktyor olub. O,
Tofiq Kazımovun ən çox sevdiyi aktyorlardan idi”. S.Quliyeva sənət dostunun
səhhətinə biganə yanaşmasını da xatırlayır: “Hamlet çox məhsuldar aktyor idi,
amma səhhətinə o qədər də fikir vermirdi. O, hətta xəstə olanda da məşqlərə,
tamaşalara gəlirdi. Məndən yaşda böyük idi, ona nəsə deməyə çəkinirdim. Amma
“Ay Hamlet, belə vəziyyətdə niyə gəlirsən?” deyəndə “Evdə otura bilmirəm,
xəstəliyimi də teatrın səhnəsində unuduram”, – deyə cavab verirdi. Təəssüf ki,
Hamletin şəxsi həyatındakı problemləri onun əhvalına və yaradıcılığına da
sirayət edirdi. Hamleti dərin fikirlərə aparan həyatı vardı. Atası faciəli
şəkildə vəfat etmişdi. Özü onkoloji xəstə idi. Ona yardım olmadı. Bütün bunlar
ona pis təsir edirdi. Hamlet ağır şəraitdə dünyasını dəyişdi. Hamlet Qurbanov
bu gün yada düşmür. Bizdə talesiz aktyorlar olub. Onlardan biri də Hamlet
Qurbanov idi. Amma onun oynadığı rollar, yaratdığı xarakterlər yaddaşlarda
əbədi qaldı”.

Source link