2fc55c88-dd87-472f-8c4c-a9774e3c19ad..jpg

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə, eləcə də dünyadan köçdü – FOTO

Baxış sayı: 622 dəfə baxılıb.

Heç kimin qarşısında əyilməyən aktyor: Anası onu necə dünyaya gətirmişdisə,
eləcə də dünyadan köçdü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən bu sənətə pul xətrinə gəlməmişəm. Yadıma gəlir ki, ilk dəfə burada 40
manat maaş almışam. Sonra olub 60, 70 və yavaş-yavaş qalxıb… Yəni bura
varlanmaq üçün gəlməmişəm. Mən özümü bu sənətin fanatı sayıram. Elə bil teatr
mənim üçün dənizdir və özümü bu dənizdə balıq kimi hiss edirəm”.

Akademik Milli Dram Teatrın tanınmış aktyoru Kamal Xudaverdiyevi doğum günü –
3 may ərəfəsində xatırlamaq istəyəndə yadıma vaxtilə onunla müsahibədə dediyi
bu sözlər düşdü. Bu sözlər mərhum aktyorun sənətə də, həyata da baxışlarını
dolğun əks etdirir.

Yadımdadır, mənimlə son müsahibəsində 13 yaşından əmək fəaliyyətinə
başlamasından, 10 il xam torpaqlarda fəhlə işləməsindən, teatra uşaqlıq
sevgisindən, əlindəki son qəpiyini teatr biletlərinə xərcləməsindən, səhnədə
korifeyləri görməsindən və onlara baxıb aktyor olmaq arzusundan, nəhayət,
ömrünü sənətə həsr etməsindən danışmışdı. Sonra köks ötürərək bir az dəyişən
zəmanədən şikayətlənmişdi. Bulvarda tənha gəzməyi, özü ilə baş-başa qalmağı
xoşladığını, bir də yazın gəlişini və açan sarı çiçəkləri sevməsini demişdi…

Sənət dostları da onu mərd, bütöv və sədaqətli insan kimi xatırlayırlar.

Sənət dostları K.Xudaverdiyev barədə xatirələrini “Kaspi”

qəzeti ilə bölüşüblər.

Teatrda çox gözəl və yaddaqalan obrazlar yaratdı

Xalq artisti Mərahim Fərzəlibəyov bildirdi ki, Kamal özündən sonra nəinki
obrazları ilə, həmçinin yaxşı insan kimi xatırlanır: “Çünki o həmişə öz
aktyorları ilə, xüsusən gənclərlə ünsiyyət qurmağı çox sevər və onlara dəstək
göstərərdi. Onunla işbirliyim ilk dəfə “Xurşudbanu Natəvan” tamaşasında oldu.
Ona Hidayət xan obrazını verdim. Daha sonra Nəriman Həsənzadənin “Atabəylər”
əsəri əsasında hazırladığım tamaşada Qızıl Arslan Atabəy rolunu məhz onun
oynamasını istədim. Əsər yazılanda da biz onun aktyor imkanlarını nəzərə alaraq
böyük monoloqlara yer verdik. Demək olar ki, əsər müəllif və mən tərəfdən Kamal
Xudaverdiyevə həsr olundu. Ondan sonra da “Maqbet” və bir sıra başqa tamaşamda
rol aldı. Kamal teatrda çox gözəl və yaddaqalan obrazlar yaratdı. Tamaşaçılar
indi də həmin rolları məhəbbətlə xatırlayırlar”.

Heç kimin qarşısında əyilmədi

“Kamal orijinal, heç kimə bənzəməyən aktyor idi”, – deyə Xalq artisti Səidə
Quliyeva xatırlayır: “Onun öz yolu, cığırı, tembri və aktyor oyunu vardı. Mən
bu aktyoru çox sevirdim. Onunla tərəf-müqabil olanda da “səhnədə Kamalla
oynayıram”, – deyə özümə çox arxayın olurdum”. S.Quliyeva deyir ki, əsl
Azərbaycan kişisinə məxsus bütün xüsusiyyətlər Kamal Xudaverdiyevdə olub: “Elə
insanlar var ki, onların şəxsi həyatları yaradıcılıqları ilə üst-üstə gələndə
böyük önəm təşkil edir. Kamalın şəxsi xarakterindəki ağayanalıq, kişilərə
məxsus boy-buxun onun aktyor oyununa da yaxşı mənada təsir edirdi. Oynadığı
obrazlar tamaşaçının yaddaşında qalırdı. Əsl Azərbaycan kişisinə məxsus bütün
xüsusiyyətlər Kamalda vardı. Bütöv insan idi Kamal. Onun ikinci planı çox zəif
idi: bir insan haqqında nə düşünürdüsə “pissən, ya yaxşısan” sözlərini onun
üzünə deyirdi. Kamal ömrünün sonuna qədər belə yaşadı. Heç kimin qarşısında
əyilmədi, heç kimə yaltaqlanmadı. Anası onu necə dünyaya gətirmişdisə, eləcə də
dünyadan köçdü. Mən Kamalı bu xüsusiyyətlərinə görə çox sevirdim. Bizim nəslin
nümayəndələri Kamalı çox yaxşı xatırlayırlar”. S.Quliyeva deyir ki, mərhum
aktyorla birlikdə institutda da pedaqoji fəaliyyət göstərib: “Kamal kursun
rəhbəri, mən müəllimi idim. İstər səhnədə, istərsə də institutda birlikdə o
qədər iş təcrübəmiz olub ki… Mən onun iş prosesindən həmişə öyrənmişəm və
zövq almışam”.

Bir dubla çəkilənlər

Kamal Xudaverdiyevlə “Nəsimi” filmində Fatima rolunu oynayan aktrisa Xalidə
Quliyeva yaddaşını vərəqləyir: “Kamal Xudaverdiyevi böyük sənətkar adlandırsam
azdır, o, həmçinin gözəl insan idi. O, böyük hərflərlə yazılan AKTYOR idi. Bu
hər adama nəsib olan xüsusiyyət deyil. O, xarizmatik, qürurlu, ləyaqətli,
işinə, peşəsinə son dərəcə məsuliyyətlə yanaşan insan idi. “Nəsimi” filminin
çəkilişlərində mən onun bu məsuliyyətinin şahidi oldum. Aktyorlar var ki,
çəkiliş meydanına bir neçə dəqiqə qalmış gəlirlər, amma o bir ay qabaqdan gəlib
ölçüb-biçirdi. Filmdə Yusif rolunu oynayırdı. Rejissor Həsən Seyidbəyli onu bir
dubla çəkirdi. Həmin kadrların təkrar çəkilməyə ehtiyacı olmurdu. Ümumiyyətlə,
o filmdəki aktyorlar hamısı bir dubla çəkilirdi. Mənim onda 20 yaşım vardı.
Kamal Xudaverdiyevdən və digər böyük aktyorlardan öyrənirdim”. Aktrisa danışır
ki, Kamal Xudaverdiyevin həyatda başına çox işlər gəlsə də, o, öz qürurunu
qorumağı bacarıb: “Onu sındırmağa, alçaltmağa çalışdılar. Ona qarşı
haqsızlıqlar çox oldu, amma dözdü. O, həmişə dalğın, düşüncəli, az danışan idi,
içinə qapanmışdı…”.

“Onun gözlərinə baxa bilmirdim”

“Bir dəfə Vilayət Hacıyev onun haqqında dedi ki, Kamal teatrın sarı simidir”,
– deyə Əməkdar artist Hicran Nəsirova danışır: “Tamaşalarda onun xanımını da,
qızını da, gəlinini də, sevgilisini də oynamışam. Çox duyğulu, ağır təbiətli,
sanballı adam idi. Aktyor kimi onunla oynamaq rahatlıq idi. Məşqlərdə əvvəlcə
ondan çəkinirdin, get-gedə çox rahat işləyirdin. O, tərəf-müqabilini başa
düşürdü. Kral Liri oynayanda onun gözlərinə baxa bilmirdim. Rolda onun üstünə
getdiyim üçün qəddar olmalıydım. Amma gözünə baxsaydım, özümü ağlamaq tutardı.
Çox həssas aktyor idi. Çox heyf ki, bu cür aktyorlarımız və
tərəf-müqabillərimiz həyatdan gedir. Fəxr edirəm ki, Kamal Xudaverdiyevlə bir
teatrda işlədim, tərəf-müqabil oldum”.

Source link