911065cb-0483-4d34-a237-1c2b685722ee..jpg

HƏMAS-İsrail toqquşması və Cənubi Qafqaz – “Kaspi”nin TƏHLİLİ

Baxış sayı: 755 dəfə baxılıb.

HƏMAS-İsrail toqquşması və Cənubi Qafqaz – “Kaspi”nin TƏHLİLİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisələrin hansı istiqamətdə inkişaf etməsi İsraillə HƏMAS-ın döyüş
meydanındakı nəticələrindən asılı olacaq. Lakin bu nəticəyə gələnə qədər Cənubi
Qafqaz sabitlik oxundan bir qədər tərpənə bilər.

Mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik:

HƏMAS-la İsrail arasında genişmiqyaslı toqquşmaların regional bağlarda hansı
qırılmalar yaradacağı beynəlxalq gündəmdə ağırlıq təşkil edən mövzular
sırasında yer almaqdadır.

Çünki Yaxın Şərqdəki eskalasiya ssenarilərinin yenidən səhnəyə çıxması tək
İsrail-Fələstin mübahisəsini əhatə etmir. Bu hərbi toqquşma strateji zəkalarda
optik illüziya ilə reallıq arasındakı fərqləri aşkar şəkildə üzə çıxarıb, digər
regionlardakı barıt çəlləklərini də partlatmağa qadirdir.

Bəlkə də çoxları bu məntiqin üzərindən sükutla keçir, amma çox sadə texniki
səbəb var: Yaxın Şərqdəki oyunçularla digər bölgələrdəki oyunçular eynidir.
Dəyişən sadəcə regionun coğrafi və geostrateji yerləşməsi ilə əlaqəli
davranışlardakı texniki fərqliliklərdir.

Yaxın Şərqdəki iki “səssiz” oyunçu

Öncəliklə qeyd etmək yerinə düşər ki, Yaxın Şərqin əsas oyunçuları ABŞ, Böyük
Britaniya, Rusiya, İsrail, Türkiyə, Səudiyyə Ərəbistanıdır. Ancaq adıçəkilən
dövlətlərin maraqlarının toqquşan və ya birləşən tərəflərindən doğan boşluqlar
regionda iki gücü alternativ kimi inkişaf etdirir. Bunun biri Çin, digəri isə
Hindistandır.

Özünəməxsus oyunçuluq xarakteri olan bu iki oyunçunun rəqabət dozası
bir-birlərinin ayağını çəkən fürsətlər yaratmağa söykənir. Bir-birilə rəqib
olan Çin və Hindistan Cənubi Qafqaz orbitinə də daxil olublar, birinci daha
geniş maraqlar qurur, ikinci isə regional genişlənməsini Ermənistan faktoru
üzərindən həyata keçirir. Çin bu rəqabətdə Hindistandan bir neçə addım öndədir,
onun “Bir kəmər, bir yol” beynəlxalq ticari-iqtisadi layihəsinin topdağıtmaz
şəbəkə formasını alması Hindistanı alternativlərə baş vurmağa təhrik edir.

İsrail-Fələstin münaqişəsi niyə qızışdı?

Hindistanın belə tutumu ABŞ üçün sərfəlidir. Buna görədir ki, İsrail-Fələstin
qarşıdurması başlamamışdan öncə G20 sammitində Hindistanı Körfəz ölkələri və
Avropa ilə birləşdirəcək dəhlizin Asiya, Yaxın Şərq və Avropa arasında ticarət
əlaqələrini (IMEC layihəsi) genişləndirmək üçün mühüm platforma olacağı barədə
razılıq əldə edildi. Bu, daha çox ABŞ-Hindistan birgə beyin məhsuludur, məqsəd
Çinin yüksələn maraqları önündə baryerlər formalaşdırıb bunu Pekinə qarşı cəbhə
xətti kimi qurmaqdır.

Məhz bu layihənin elanından sonra Yaxın Şərqin yenidən qanlı hadisələrə
şahidlik etməsi diqqət çəkməyə bilməzdi. Burada versiyanın nüvəsi o məntiqə
köklənir ki, toqquşmalar Çinə sərf edir. Bu mənada ki, məlum toqquşmalar ABŞ
ilə Hindistanın Çinə qarşı yaratmaq istədiyi bədxassəli şişləri ilkin etapda
aradan qaldırır.

Bu, Çin üçün əməli-nəzəri olaraq dönüş nöqtəsinin rüşeymidir, vəziyyətin belə
həddi Cənubi Qafqazdakı regional və beynəlxalq oyunçuların məntiqini itiləməyə
imkan verir.

Azərbaycan təhdid kanallarından birini bağladı

Burada diqqətlə vurğu edəcəyimiz nüans hansı oyunçunun hansı supergücün
yanında olmasını müəyyən etmək prinsipinə dayanmalıdır.

Bu artıq labirintdir, yeganə strateji müttəfiq Azərbaycanla Türkiyədir, digər
əməkdaşlıqlar və sövdələşmələr isə situativ yanaşmaları özündə ehtiva edir. Bu
məqam Cənubi Qafqazla əlaqədar oyunçuların paradiqmalarını müəyyən etməkdə
hesablama xətaları yarada bilər.

Cənubi Qafqaz regionunda təhdid üçün kanallardan biri bağlanıb, Azərbaycan
Qarabağda antiterror tədbirləri həyata keçirərək bölgədə sülh və
təhlükəsizliyin strateji aspektlərini təmin etmiş oldu. Ancaq Cənubi Qafqazda
digər təhdid qapıları bağlanmayıb, misal üçün Ermənistan və Gürcüstanla
əlaqədar olan niyyətlər qabarıqlaşır.

Fransa, İran əsas oyunçuların rəqibi rolunda

HƏMAS-İsrail toqquşmaları fonunda Cənubi Qafqazla Yaxın Şərq vahid məkan kimi
qavranılır. Diqqətlə izlənilməlidir ki, Rusiya, ABŞ, Çin və Hindistanın açıq və
görünməyən rəqabətlərinin arasında Fransa, İran kimi dövlətlər özlərini hansı
nöqtəyə yerləşdirmək istəyəcəklər.

Azərbaycan bu nöqtədə Ermənistana sülh sazişini imzalamaq üçün təzyiqlərini
artıra bilər, çünki Bakının nəzərindəki regionda digər oyunçuların
ambisiyalarına qalıq imkanlar qapadılmalıdır.

Hərçənd ki, İsrail-Fələstin münaqişəsinin geniş miqyaslara sızması aydın
şəkildə bir neçə fazanı göstərir.

Birincisi, bu münaqişə Rusiyanın Ukraynada apardığı hərbi kampaniyadan Qərbin
diqqətini yayındırır və Moskva postsovet məkanında təsirlərini genişləndirmək
imkanlarını şaxələndirən kanallar arayır.

İkincisi, ABŞ Yaxın Şərqdə Çinin böyüyən maraqları qarşısındakı çətinliklərini
Cənubi Qafqazla kompensasiya etmək planlarını aktuallaşdırır.

Üçüncüsü, Çin və Hindistanın Yaxın Şərqlə Cənubi Qafqaz arasında mühüm
paralellər təşkil edib, ayrı-ayrılıqda maraqlarını nəhəngləşdirməsi halları
müşahidə edilir.

Hadisələrin xronologiyasına diqqət ayırsaq görürük ki, İsrail-Fələstin
konfliktinin hərbi fazada davam etməsi İranın Suriya və İraqda aktivliyini
artırması ilə nisbi uyğunluq təşkil edir.

Digər bir məqam: bu yaxınlarda Suriya Prezidenti Bəşər Əsəd Çinə səfər etdi.
Bu səfərdən sonra, belə demək mümkünsə, Pekinin Suriyaya əli uzandı – Suriya
münaqişəsində Çinin oyunçuluq qazanmaq şansı regionda fırtına yaradan
amillərdən biridir.

Hadisələrin hansı istiqamətdə inkişaf etməsi İsraillə HƏMAS-ın döyüş
meydanındakı nəticələrindən asılı olacaq. Lakin bu nəticəyə gələnə qədər Cənubi
Qafqaz sabitlik oxundan bir qədər tərpənə bilər.

Source link