Hesabat: Ermənistanın anti-Azərbayan siyasəti aparması Vətən müharibəsindən sonra da səngiməyib

Hesabat: Ermənistanın anti-Azərbayan siyasəti aparması Vətən müharibəsindən sonra da səngiməyib

Baxış sayı: 2. 429 dəfə baxılıb.

Ermənistanda siyasi ideologiyanı formalaşdıran esktremist qüvvələr tərəfindən uzun illərdən bəri azərbaycanlılara qarşı davam etdirilən nifrət siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi 30 il boyunca işğal altında saxlanılıb, etnik təmizləmə yolu ilə bir milyondan çox insan öz doğma yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik mənsubiyyətinə görə soyqırıma məruz qalıb. Bundan əlavə, ətraf mühitə ciddi şəkildə zərər vurulub və həmin ərazilərdə tarixi və mədəni abidələr məhv olunub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında bildirilib.

“Təəssüflər olsun ki, 30 il boyunca Azərbaycanın və beynəlxalq ictimaiyyətin işğalın sonlandırılması və birgə yaşayış üçün sülh çağırışlarına etinasız yanaşan Ermənistan siyasi hakimiyyəti bu müddət ərzində işğalçılıq və etnik zəmində nifrət siyasətini davam etdirib, regionda sülhün və əmin-amanlığın bərqərar olmasına ciddi maneə yaradıb. Uzun illər aparılmış müşahidələr onu göstərir ki, Ermənistanda hakimiyyətdə olan siyasi rəhbərlər etnik zəmində nifrət siyasətini nəsildən-nəslə ötürərək bu idealogiyanı təbliğ etməyə və əsas məqsəd kimi qonşu ölkələrə qarşı ərazi iddialarını hər zaman gündəmdə saxlamağa çalışıb. Dünya ictimaiyyətinə saxtalaşdırılmış məlumatlar ötürülməklə insanların həqiqəti bilmə hüququ pozulub.

Qatı anti-Azərbayan siyasətinin aparılması, cinayətlərə və düşmənçiliyə zəmin yaradan addımların atılması Vətən müharibəsindən sonra da səngiməyib. Müasir dövrümüzdə informasiya texnologiyalarının imkanlarından istifadə edərək sosial şəbəkə və müxtəlif platformalarda azərbaycanlıların əleyhinə fikirlər səsləndirilir. Erməni millətçilər azərbaycanlıların tarixinin məhvi və saxtalaşdırılması ilə kifayətlənməyərək, müxtəlif dövrlərdə öz imkanlarından və siyasi rəhbərlikləri ilə əlaqələrindən istifadə edərək azərbaycanlılara qarşı soyqırım və müharibə cinayətləri törədiblər. Bu hərəkətlər regionda sülhün və əmin-amanlığın uzun illər təhlükə altında qalmasına səbəb olub.

Beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlıq bizdə ciddi narahatlıq yaradır.

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, həyat və sağlamlığı üçün təhlükə yaradılması, soydaşlarımızla amansız rəftar və ləyaqətlərinin mütəmadi alçaldılması ilə özünü öldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi xalqımıza qarşı davam etdirilən nifrət siyasətini bir daha təsdiq edir.

Ombudsman təsisatı olaraq, Ermənistan siyasi hakimiyyəti tərəfindən regionda düşmənçilik toxumları səpən nifrət əsaslı siyasəti şiddətlə qınayır, aidiyyəti beynəlxalq insan hüquqları qurumlarını, milli insan hüquqları institutlarını yeni münaqişə ocaqlarının yaranmasına yol açan belə fəaliyyətlərin dayandırılması istiqamətində həmrəylik nümayiş etdirməyə çağırırıq”, – hesabatda qeyd edilib.