Hesablama Palatası 2017-ci ildəki fəaliyyəti barədə Milli Məclisə (MM) hesabat təqdim edib və yaxın günlərdə hesabat parlamentdə müzakirə olunacaq.
ÇıxışYolu.Com həmin hesabata istinadən bildirir ki, Palata tərəfindən 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 milyon manat vəsait əhatə olunub ki, bunun 22,9 faizi dövlət büdcəsinin xərcləri, 4,4 faizi büdcədənkənar fondların vəsaitləri, 0,09 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4 faizi beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2 faizi isə digər mənbələrdən ayrılan vəsaitlərdir.
Qeyd olunur ki, hesabat ilində aparılmış auditlərlə yanaşı, müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər nəzərə alınmaqla, nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə iki dəfə çox olub.
Hesablama Palatasının Milli Məclisin müzakirəsinə təqdim etdiyi 2017-ci ildə fəaliyyəti barədə Hesabatından məlum olur ki, 2016-cı ildən başlayaraq büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumlar tərəfindən təqdim edilmiş hesabat və məlumatların təhlili aparılır.
Palatanın 2016-cı ilin dövlət büdcəsinin icrası üzrə tərtib edilən rəyində büdcənin icrası ilə bağlı hesabat məlumatlarının və qurumların vəsaitlərin istifadəsinə dair təqdim etdikləri məlumatların müqayisəsini təmin etmək məqsədilə həyata keçirilən 117 qurum üzrə hesabat məlumatların təhlili 10,5 milyard manata yaxın məbləği və ya 2016-cı il dövlət büdcəsi xərclərinin 59,0 faizini əhatə edir.
Hesabatda 2017-ci ildə palataya poçt, elektron poçt, teleqram və faks vasitəsilə 288 vətəndaş müraciəti – 47 ərizə, 82 şikayət, 159 təklif daxil olduğu, bunun ötən dövrlə müqayisədə 14,3 faiz az olduğu göstərilir.
Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 faiz artıb. Sosial məsələlər ilə bağlı 62 (2016-cı il illə müqayisədə 10,7 faiz çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əməkhaqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün kömək göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilib.
Audit tədbirlərinin keçirilməsi ilə bağlı daxil olmuş müraciətlərə cavab olaraq vətəndaşlara Hesablama Palatasının iş planından əlavə maliyyə-büdcə ekspertizasının aparılması mümkünsüzlüyü və irəli sürülən təkliflərin Hesablama Palatasının növbəti illər üzrə iş planlarında nəzərə alınacağı barədə məlumat verilib.
Həmçinin daxil olan 54 müraciət üzrə vətəndaşlara müvafiq izahat verilib, 205 müraciətdə qeyd edilən məsələlər Hesablama Palatasının fəaliyyətinə aid olmadığı üçün aidiyyəti təşkilatlara göndərilib və bu barədə müraciət edənlərə yazılı məlumat verilib, altı müraciət müvafiq qaydada həll edilib, 23 müraciət isə anonim və məlumat xarakterli olduğu üçün baxılmamış saxlanılıb. Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən Hesablama Palatasına daxil olan müraciətdən 83-ü eyni məzmunlu təkrar müraciətlərdir.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com