Hesablama Palatasının sədri qanundan danışdı: “Gözlənilən rola malik olmadı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Dövlət satınalmaları haqqında” qanun və onun tətbiqi ilə bağlı mexanizmlər,
son üç il qismən istisna olmaqla, dayanıqlı meyarların müəyyən edilməsi və
ümumiyyətlə, təşkilatların fəaliyyətinin nəticəliyinin artırılmasında
gözlənilən əhəmiyyətli rola malik olmadı.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan
Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, növbəti ilin əvvəlindən satınalmalarla bağlı yeni
qanun qüvvəyə minəcək. Hazırkı “Dövlət satınalmaları haqqında” qanun 22 il
qüvvədə olub:
“Bu illər ərzində 110-dan, o cümlədən 75-dən çox mahiyyəti üzrə dəyişikliklər
edilib. Satınalmanın son məqsədi vəzifələri yerinə yetirərkən təşkilata dəyər
əlavə etməkdir. Satınalma fəaliyyəti təşkilatın işini yerinə yetirilməsi üçün
lazımi məlumatları əldə etməklə gündəlik olaraq təşkilat mandatlarını
dəstəkləyir. 2024-cü ilin dövlət büdcəsinin satınalma xərcləri yeni qanunun
tələbləri əsasında aparılacaq. Hesab edirik ki, yeni qanunun qüvvəyə minməsi
ilə büdcə vəsaitindən istifadə edən qurumlar növbəti ildən satınalma ilə bağlı
yeni siyasət müəyyən etməli, planlaşdırma işlərinə vaxtında başlamalı və
qanunun tələblərinə ciddi riayət etməlidirlər”.