fbdb1c09-9ff9-4a1d-b93d-9c30f890eab0..jpg

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Muğam Müsabiqəsi başlayıb – FOTO

Baxış sayı: 755 dəfə baxılıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Muğam Müsabiqəsi başlayıb – FOTO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 24-dən növbəti Milli Muğam
Müsabiqəsi başlayıb. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli
Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin
24-25-də, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə
müsabiqənin yekun konserti olacaq.

Qeyd edək ki, Milli Muğam Müsabiqəsinə qeydiyyat aprelin 10-dək aparılıb.
Musiqi müsabiqəsində yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar
müraciət edə biliblər. Qeydiyyat zamanı hər iştirakçı muğam ənənəsinin
zənginliyi və rəngarəngliyini əks etdirən solo və müşayiətlə canlı ifa edəcəyi
proqram barədə məlumat təqdim etməli olub.

Müraciət etmiş şəxslərin ilkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər
vəsiqə qazanıb. Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental
ifaçılıq kateqoriyaları üzrə keçirilir. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i
isə instrumental ifaçılıq üzrə yarışacaq. 24-25 aprel tarixlərindəki birinci
turdan sonra seçilən şəxslər ikinci tura keçəcəklər. İkinci tur isə 26 aprel
tarixində keçiriləcək və daha sonra qaliblər müəyyən ediləcək.

İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin üzvləri:

Münsiflər Heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Azərbaycan
Respublikasının Xalq artisti Siyavuş Kərimi;

Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Dadaşov;

Azərbaycan Respublikasının Xalq artisti Möhlət Müslümov;

Azərbaycan Respublikasının Əməkdar artisti Şirzad Fətəliyev;

Azərbaycan Respublikasının Əməkdar artisti Çinarə Heydərova.

Xanəndələr üzrə münsiflər heyətinin üzvləri:

Münsiflər Heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Azərbaycan
Respublikasının Xalq artisti Siyavuş Kərimi;

Azərbaycan Respublikasının Xalq artisti Səkinə İsmayılova;

Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov;

Azərbaycan Respublikasının Xalq artisti Zabit Nəbizadə;

Azərbaycan Respublikasının Əməkdar artisti Qəzənfər Abbasov.

Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər
seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir
qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.

Milli Muğam Müsabiqəsinin qalibləri – xanəndə və instrumental ifa üzrə birinci
yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam
Festivalında təmsil edəcəklər.

Son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental
işlər görülüb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin
və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci
ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına
daxil edilib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam
müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli
sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək
və yaşatmaq məqsədi daşıyır.

Source link