2717d099-bf09-459a-8adc-0ef6c228d570..jpg

Heydər Əliyev Mərkəzində bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım” sərgisinin açılışı olub – FOTO

Baxış sayı: 759 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım”
sərgisinin açılışı olub – FOTO

Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət
daha bir sərgi təqdim edib.

Martın 14-də Mərkəzdə bəhreynli rəssam Raşid Al Xəlifənin “İlk qığılcım”
(First light) adlı sərgisinin açılışı olub. Bakı sərgisində Raşid Al Xəlifənin
ən son instalyasiyaları nümayiş etdirilir.

Müəllifin “Balıq tələsi”, “Mozaika”, “Biz canlı olan hər şeyi sudan yaratdıq”,
“Dairəvi əks-etmə” kimi əsərləri ilk dəfə Heydər Əliyev Mərkəzində təqdim
edilir. Bu, həm də rəssamın Azərbaycandakı ilk sərgisidir.

Sərginin açılışından öncə jurnalistlərə açıqlama verən Raşid Al Xəlifə Bakıda
olmaqdan məmnunluq hissi keçirdiyini söyləyib: “Mən çox şadam ki, Bakını gördüm
və öz sənət nümunələrimi bu gün Heydər Əliyev Mərkəzində nümayiş etdirə
bilirəm. Özümlə gətirdiyim sənət nümunələrinin bəziləri məhz bu sərgi üçün
hazırlanıb. Bakını ziyarət etmək mənə bir neçə dəfə tövsiyə olunub. Mən Bakını
bu Mərkəzin açılışından sonra görmək istəyirdim və burda öz əsərlərimi nümayiş
etməkdən böyük şərəf hissi duyuram”.

Sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktorunun birinci
müavini Fərqan Novruzov çıxış edərək diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzi
hər bir zaman dünya mədəniyyəti nümunələrinin təbliği istiqamətində fəaliyyət
göstərir: “Bu gün müasir incəsənət nümunələrinin parlaq nümayəndələrindən olan
Bəhreyn Kral ailəsinin üzvü , Bəhreyn Milli İncəsənət Şurasının sədri,
İncəsənət Cəmiyyətinin ilk prezidenti və fəxri prezidenti Şeyx Raşid Al
Xəlifənin sərgisinin Heydər Əliyev Mərkəzində təşkil olunması mühüm bir
hadisədir. Ümid edirik ki, sərgidən zövq alacaqsınız və xoş təəssüratla
ayrılacaqsınız”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söyləyib:
“Bu gün bu möhtəşəm binada belə bir sərgini ziyarət etmək mənim üçün xoş oldu.
Dünyada ayrı-ayrı rəssamlarla görüşmək və onların yaradıcılıq dünyaları ilə
tanış olmaq imkanları mənə nəsib olub. Ərəb mədəniyyəti və elminin dünyada
özünəməxsus yeri var. Bu sərgi qeyri-adiliyi ilə fərqlənir. Sərgi bir rəssam
kimi mənim üçün, ən yüksək hisləri keçirdiyim sərgidir. Belə bir gözəl sərginin
təşkilində əməyi keçən hər kəsə, xüsusən Heydər Əliyev Mərkəzinə təşəkkür
edirəm”.

Sərginin kuratorları Stefan Stoyanov çıxış edərək ən böyük arzusunun bu gün
gerçəkləşdiyini dilə gətirib: “Mən Nəsimi İncəsənət Festivalı zamanı Bakıda
olmuşdum. Həmin vaxt bu möhtəşəm Heydər Əliyev Mərkəzində də olmuşduq və bina
mənə çox böyük təəssürat bağışlamışdı. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev
Mərkəzi yeni əsrin ən gözəl memarlıq nümunəsidir. Mənim üçün artıq arzusunda
olduğum anın-Raşid Al Xəlifənin sərgisinin bu binada təşkil edilməsi xoşbəxtlik
hissi yaradır”.

Sərginin digər kuratoru Yasmin Şarabi çıxış edərək bildirib ki, sərgilərdə
rəssamın olduqca maraqlı əsərləri var. Ziyarətçilər burada qeyri-adi
parametriyanı görmüş olacaqlar. Həmçinin Bəhreynin özünəməxsus memarlıq
hissələrini tərənnüm edən əsərləri və ilahi naxışları özündə daşıyan həndəsi
elementləri görə biləcəklər. Şeyx Raşid Al Xəlifə qədimliklə müasirliyi özündə
ehtiva edən əsərləri ortaya qoyur. Əsərlər gələcəyə doğru nəzər salır, lakin
keçmişi yaddan çıxarmır”.

Şeyx Raşid Al Xəlifə çıxış edərək hər kəsi salamlayaraq, belə bir gözəl binada
fərdi sərgisinin təşkilindən məmnun olduğunu qeyd edib.

“Mən Bəhreynlə Azərbaycan arasında incəsənət sahəsində mübadilə proqramının
daha da genişləndirilməsini arzu edərdim. Mənim sərgimi qəbul etdiyinə görə
Heydər Əliyev Fonduna və onun rəhbərliyinə təşəkkür edirəm”, – deyə rəssam
vurğulayıb.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu sərginin paytaxtımızda
təşkilinin əhəmiyyətini qeyd edib. “Bizim üçün böyük imkandır ki, belə gözəl və
möhtəşəm sərgini Heydər Əliyev Mərkəzində təşkil edə bilmişik. Biz gələcəkdə
Bəhreyndə gənc heykəltəraş və rəssamlarımızın birgə mübadilə sərgilərinin
təşkilinə çalışacağıq. Düşünürəm ki, bizim gənc heykəltaraş və rəssamlarımız da
bundan bəhrələnəcək”.

Raşid Al Xəlifə əsərlərini onu əhatə edən təbiətdən ilhamlanaraq yaradır.
Rəssamın incəsənət nümunələri digərlərindən ənənəvi və müasir memarlığın ətraf
mühitlə vəhdəti ilə fərqlənir.

1952-ci ildə Bəhreyn kral ailəsində anadan olan Raşid Al Xəlifə Böyük
Britaniyanın Hastinqs Kollecində incəsənət və dizayn üzrə təhsil alıb.
Karyerasına peyzaj rəngkarlığı ilə başlayan rəssamın həyatında və ətrafındakı
dəyişikliklər seçdiyi sahəyə də təsir edib. Ötən əsrin 80-ci illərində Raşid Al
Xəlifənin yaradıcılığında efemer incəsənət nümunələrinə daha çox rast
gəlinirdisə, 90-cı illərdəki əsərlərində abstrakt formalar, digər
materiallarla, xüsusən də onun yaradıcılığına xas olan “qabarıq kətan”la
eksperimentlər üstünlük təşkil edir. 2000-ci illərdə isə alüminium rəssamın
yaradıcılığının mərkəzinə çevrilir.

Raşid Al Xəlifə müxtəlif beynəlxalq sərgilər, incəsənət yarmarkaları və
biennalelərin iştirakçısıdır. Hazırda o, Bəhreyn İncəsənət Şurasının sədridir.
Təsis etdiyi RAK Art Foundation isə həm də gənc rəssamlara dəstək göstərir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 10-dək davam edəcək.

Source link