b26755df-107d-4d63-bf3a-fbf8fd425f11..jpg

Heydər Əliyev Mərkəzində “Dan ulduzu” instrumental ansamblının konserti olacaq

Baxış sayı: 847 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində “Dan ulduzu” instrumental ansamblının konserti olacaq

Aprelin 28-də Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik
Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert olacaq.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsertdə əfsanəvi “Dan
ulduzu” instrumental ansamblı çıxış edəcək.

Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçəcək konsertdə “Dan
ulduzu” ansamblının repertuarındakı sevimli mahnılar ifa olunacaq. Gecənin
proqramına Cahangir Cahangirov, Elza İbrahimova, Emin Sabitoğlu, Səid Rüstəmov,
Şəfiqə Axundova, Tofiq Quliyev və digər bəstəkarların əsərləri, xalq mahnıları
daxildir.

“Dan ulduzu” instrumental ansamblı pianoçu, Əməkdar incəsənət xadimi Gülarə
Əliyeva tərəfindən yaradılıb. Azərbaycan Dövlət Televiziyasının nəzdində
fəaliyyət göstərən “Dan ulduzu” elə ilk gündən zövqləri oxşayıb, tamaşaçılar
tərəfindən sevilib. Gülarə Əliyeva klassik və milli musiqiyə, eləcə də muğam
sənətinə olan sevgisini bu ansamblda birləşdirib. “Dan ulduzu”nun adını isə
Xalq şairi, o zaman Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinin sədr müavini işləmiş Nəbi Xəzri təklif edib. Qısa zamanda aparıcı
musiqi kollektivinə çevrilən “Dan ulduzu”nun dövlət tədbirləri, konsertlər,
хarici qastrol səfərlərindəki çıxışları daim alqışlarla qarşılanıb.

Akif İslamzadə, Elmira Rəhimova, Flora Kərimova, Xədicə Abbasova, Hüseynağa
Hadıyev, Leyla Şərifova, Məmmədbağır Bağırzadə, Şövkət Ələkbərova, Yalçın
Rzazadə, Züleyxa Mirismayılova və digər məşhurlar “Dan ulduzu”nun solistləri
olublar. 1975-ci ildə isə Zeynəb Xanlarova “Dan ulduzu” ilə bir sıra
konsertlərdə çıхış edib. Ansambl Elza İbrahimova, Emin Sabitoğlu, Oqtay Kazımi,
Oqtay Rəcəbov, Ramiz Mirişli, Tofiq Quliyev və digər tanınmış bəstəkarlarla
işləyib. Ansamblın ifasında bütün mahnılar qısa zamanda populyarlaşıb.

Dövrünün məşhur sənətçilərini yetişdirən ansamblın bədii rəhbəri Gülarə
Əliyeva bölgələrdə oхuyan istedadlı gəncləri də kollektivə dəvət edib, onların
yaradıcı potensialının üzə çıхarılmasına dəstək göstərib.

Vəfatından sonra “Dan ulduzu” ansamblı onun yaradıcısı Gülarə Əliyevanın adını
daşıyır. Hazırda ansamblın bədii rəhbəri Əməkdar artist Tariyel Abbasovdur.

Source link