a33b8989-fc56-4cff-8234-f03055fc8c8c..jpg

Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi – FOTO/VİDEO

Baxış sayı: 851 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi – FOTO/VİDEO

Fevralın 24-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100
illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi
çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi nümayiş olunub. Tamaşa
Heydər Əliyev Mərkəzi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstərilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Heydər Əliyev
Mərkəzi bir sıra layihə və tədbirlər keçirir. Bu layihələr çərçivəsində
mərkəzdə ümummilli liderin sevdiyi və böyük maraqla izlədiyi silsilə teatr
tamaşaları nümayiş etdiriləcək. Cəlil Məmmədquluzadənin “Ölülər”
tragikomediyası ümummilli liderin ən çox sevdiyi əsər olduğundan Heydər Əliyev
Mərkəzi “Heydər Əliyev və milli teatr sənəti” layihəsinə məhz həmin tamaşanın
nümayişi ilə start verib.

Tamaşadan əvvəl ulu öndərin əsərlə bağlı fikirlərini əks etdirən videoçarx
təqdim olunub. “Ölülər” pyesini dərin fəlsəfi əsər adlandıran ulu öndər onun
milli ruhunu xüsusi vurğulayıb, pyesin bənzərsiz, tarixi əsər olduğunu qeyd
edib. Heydər Əliyev hələ gənc yaşlarından teatra çox bağlı olub. Məktəb və
tələbəlik illərində dram dərnəklərində səhnədə çıxış edən Heydər Əliyev teatrı
çox sevib və o, Azərbaycan milli teatrını bizim milli sərvətimiz adlandırıb.

“Ölülər” pyesi bu dəfə mükəmməl akustikaya malik olan dünyanın ən yaxşı
zallarından birində – Heydər Əliyev Mərkəzinin Auditorium zalında təqdim
edilib. Bu zalın səhnəsinə uyğun tamaşa üçün rəngarəng dekorasiyalar qurulub.
Aktyorların kostyumları məhz bu təqdimat üçün xüsusi hazırlanıb. Qara Qarayevin
“Ölülər” üçün bəstələdiyi musiqi isə yeni versiyada təqdim edilib.

Quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovun olduğu
tamaşada ümumilikdə 27 aktyor iştirak edib. “Ölülər”in Şeyx Nəsrullahı Xalq
artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov 87-ci dəfə bu
tamaşa üzrə baş rol ifaçıları kimi Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxıblar.

Pyesin mərkəzdəki təqdimatında aktyorların iştirakında nəsillərin qovuşması da
müşahidə edilib. Belə ki, tamaşada gənc, orta və yaşlı nəslin tanınmış
aktyorları rol alıblar: ən gənc aktyor Cəlal rolunun ifaçısı 12 yaşlı Səccat
Kazımov, ən qocamanı isə Xalq artisti 85 yaşlı – yubileyini səhnədə qeyd edən
Rafiq Əzimovdur. Eləcə də pyesdə xalq artistləri Əli Nur, Hacı İsmayılov, Kazım
Abdullayev, Laləzar Mustafayeva, Sabir Məmmədov, əməkdar artistlər Aslan Şirin,
Elxan Quliyev, Elşən Rüstəmov, Əlfida Cəfərov, Kazım Həsənquliyev, Mətləb
Abdullayev, Məzahir Cəlilov, Mirzə Ağabəyli və digər sənət ustaları iştirak
ediblər.

1909-cu ildə yazılan dörd məclis və beş pərdədən ibarət “Ölülər”
tragikomediyası ilk dəfə 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrında
səhnələşdirilib. Tamaşanın ilk rejissoru görkəmli Hüseynqulu Sarabski olub.
Şeyx Nəsrullah rolunu Əliqulu Qəmküsar, İsgəndər rolunu isə Mirzəağa Əliyev
oynayıblar. “Ölülər”in ikinci tamaşası 1916-cı il avqustun 17-də Şuşada,
vaxtilə Xurşidbanu Natəvanın yaratdığı qızlar məktəbində baş tutub.

Pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir və ötən müddətdə
həm Azərbaycanda, həm də xaricdə tamaşaya qoyularaq böyük müvəffəqiyyət qazanıb.

Pyesin Heydər Əliyev Mərkəzindəki nümayişi də anşlaqla keçib. Tamaşanın
sonunda səhnə əsərinin hazırlanmasında iştirak edən bütün yaradıcı heyət Heydər
Əliyev Mərkəzinin təşəkkürnamələri və hədiyyələri ilə təltif olunub.


Source link