f23089df-1859-4dd9-b2ed-9876c2cc462c..jpg

Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq – FOTO

Baxış sayı: 879 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq – FOTO

Aprelin 19-da Heydər Əliyev Mərkəzində yazıçı-dramaturq İlyas Əfəndiyevin
“Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası nümayiş
olunacaq.

Tamaşa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının
100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi
çərçivəsində təqdim edilir.

Quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovun olduğu tamaşada
ümumilikdə 21 aktyor iştirak edir. Səhnə əsərində XVIII əsrdə Qarabağ
xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ
hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə həyatından bəhs olunur.
“Qarabağnamə”nin “İbrahim xan”ı Xalq artisti Kazım Abdullayev, “Ağabəyim ağa”sı
isə Əməkdar artist Məsmə Aslanqızıdır.

Həmin gün Heydər Əliyev Mərkəzinin səhnəsinə Xalq artistləri Əli Nur, Firəngiz
Mütəllimova, Hacı İsmayılov, Rafiq Əzimov, Ramiz Məlik, Əməkdar artistlər Elnar
Qarayev, Elxan Quliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, Kazım Həsənquliyev və
digərləri də çıxacaqlar.

Tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə
təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında
göstəriləcək.

İki hissədən ibarət olan tamaşanın quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl
Məmmədovdur.

Qeyd edək ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında tamaşa ilk
dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb və 1997-ci
il sentyabrın 20-də ümummilli lider Heydər Əliyev Milli Dram Teatrının
səhnəsində tamaşanı maraqla izləyib. Tamaşaya baxdıqdan sonra yaradıcı heyətlə
görüşdə Heydər Əliyev əsəri yüksək qiymətləndirib, onun təbliğinin vacibliyini
bildirib. Həm tariximizin, həm də xalqımızda, xüsusən də gənclərdə
vətənpərvərlik, müstəqillik hisslərinin təbliği baxımından əhəmiyyətini qeyd
edib. Ümummilli lider elə həmin görüşdə bu pyes əsasında bədii filmin
çəkilməsinin də vacibliyini qeyd edib. Əsərin motivləri əsasında çəkilmiş
“Hökmdarın taleyi” adlı ikiseriyalı film 2008-ci ildə ümummilli lider Heydər
Əliyevin 85 illik yubileyi çərçivəsində təqdim olunub.

İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə”
tamaşası isə ilk dəfə 2011-ci il martın 10-da nümayiş etdirilib və bu adla 79
dəfə təqdim olunub.

Source link