Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim
olunacaq.
Konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyır. Belə ki,
bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə
hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinə dəstək göstərib,
mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.
Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də,
beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı
sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz
musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların
üzə çıxarılmasına, onların inkişafına təkan verib.
Mayın 4-dəki konsert proqramında da məhz bu incəsənət xadimləri – Heydər
Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı,
dəstək göstərdiyi mədəniyyət və incəsənət xadimləri – Azər Zadə (tenor), Azər
Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil
Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano),
İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə
(piano), Samir Cəfərov (tenor), Təyyar Bayramov (xanəndə) və digərləri çıxış
edəcəklər.
Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik
fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil,
səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə
imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev
Fondunun gördüyü işlərdə milli-mədəni, mənəvi dəyərlərimizin qorunub
saxlanılması, onların təbliği xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondu ötən
illərdə mədəniyyət sahəsinin inkişafına öz töhfələrini verib və Fondun 20
illiyi ərəfəsində keçirilən konsert də həmin uğurların kiçik bir hissəsinin
nümayişi sayıla bilər.