Heydər Əliyev İlham Əliyev haqqında: “Ona özüm kimi inanıram” – “Moskovski
Komsomolets” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın köklü “Moskovski Komsomolets” nəşri Azərbaycan Prezidenti İlham
Əliyev haqqında məqalə dərc edərək dövlət başçısının “azərbaycanlıların bir
neçə nəslinin ərazi bütövlüyünü bərpa etmək diləyini həyata keçirdiyi” diqqətə
çatdırıb, həmçinin onun prezidentliyinin 20 ili ərzində ölkədəki inkişaf
prosesinə işıq salıb.
“Report” xəbər verir ki, məqalə qəzetin saytında
dərc olunub.
“Xəyallar gerçək olur” epiqraflı məqalədə 2003-cü ilin oktyabrın 15-də “gənc
lider İlham Əliyevin atasından – böyük siyasi xadim Heydər Əliyevdən – estafeti
götürərək iyirmi il ərzində ölkəni yeni səviyyəyə qaldırdığı” qeyd olunub.
Müəlliflərin sözlərinə görə, İlham Əliyev “Heydər Əliyevin kursunu davam
etdirməklə kifayətlənməmiş, həmçinin Azərbaycan dövlətçiliyinin qurulmasına
yeni impuls verib”.
Azərbaycan liderinin bioqrafiyasına nəzər salan yazarlar onun MDBMİ-də
möhtəşəm ali təhsil aldığına, xüsusilə hərtərəfli karyera təcrübəsinə malik
olduğuna diqqət çəkir: “Bununla belə, dövlət quruculuğu xüsusi məsuliyyət tələb
edir. İyirmi il ərzində İlham Heydər oğlu Azərbaycanın qüdrətli dövlətə
çevriləcəyini, hər şeydən əvvəl Heydər Əliyev siyasətinin davam etdiriləcəyini
bildirən andiçmə mərasimindəki çıxışının boş söz olmadığını sübut edib. Bu,
sabit inkişaf kursudur”.
İlk növbədə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın iqtisadi
göstəricilərini qiymətləndirən köşə yazarları “Bakının indi bir sıra ölkələr
üçün etibarlı ticari-siyasi tərəfdaş kimi çıxış etdiyini, Avropanın enerji
təhlükəsizliyini təmin etdiyini və iqtisadiyyatın şəxaləndirilməsi kursunu
tutduğunu” vurğulayıblar.
Eyni zamanda, yazıda ölkə başçısının bu iyirmi il ərzində “çoxvektorluluq
prinsipini” tətbiq etdiyindən bəhs edilib: “Azərbaycanın diplomatik
strategiyasının unikallığı ondan ibarətdir ki, praktikada bütün dünya
siyasətçilərinin danışmağı sevdiyi, lakin əldə edilməsi çox çətin olan eyni
“çoxvektorlu” prinsipi həyata keçirmək mümkündür. Azərbaycan ABŞ, Türkiyə və
Rusiya ilə münasibətləri qoruyub saxlamaqla regionda geosiyasi maraqların
optimal balansına nail ola bilir”.
Bundan başqa, məqalədə İlham Əliyevin liderliyi ilə Azərbaycanın işğal olunmuş
ərazilərini az qala 30 il aradan sonra azad etməyə nail olduğu barədə də nəql
olunub, həmçinin Azərbaycanın sentyabrdakı antiterror tədbirləri haqqında da
məlumat verilib: “Beynəlxalq ictimaiyyət Azərbaycanın bu əməlləri öz ərazisində
həyata keçirdiyini etiraf edib. Beləliklə, İlham Əliyev Avropa və Şərq
tərəfdaşları ilə əzmkarlıq və parlaq diplomatik iş sayəsində milyonlarla
azərbaycanlının çoxdankı arzusunu reallaşdıra bilib. Təkcə bu, ölkə tarixinə
böyük lideri kimi düşmək üçün kifayət edərdi. Ancaq bu, yolun sonu deyil.
Qarşıda yeni sıçrayışlar və nailiyyətlər var”.