c080f21d-f388-48ea-8a89-53a69bbcf240.jpg

Heydər Əliyev Mərkəzində ətraf mühitin qorunması çağırışlı daha bir sərgi

Baxış sayı: 199 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində heykəltaraşlıq nümunələrinin təqdim olunacağı daha
bir sərgi nümayiş etdiriləcək. Noyabrın 7-də nigeriyalı heykəltaraş Dotun
Populanın “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) fərdi sərgisinin
açılışı olacaq.

Cixisyolu.com xəbər verir ki, Dotun Populanın 7-ci fərdi sərgisinin COP29 ərəfəsində
Bakıda açılması isə ekspozisiyanın COP29-la səsləşməsidir. Belə ki, ev
sahibliyi edəcəyimiz mühüm beynəlxalq tədbirin iştirakçıları hər il dünya
dövlətlərini bir araya gətirərək keçirdikləri görüş və konfranslarda iqlimə
diqqətin vacibliyini vurğulayırlarsa, heykəltaraş Dotun Popula da yaratdığı
orijinal əsərləri ilə həmin mövzunu qabardır. Heykəltaraş əsərlərini ənənəvi
materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən
hazırlayır.

Qeyd edək ki, 2012-ci ildən etibarən ölkəmizdə Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə geniş ictimaiyyətin diqqətini ekoloji problemlərə cəlb etmək
məqsədi daşıyan “Tullantıdan sənətə” adlı beynəlxalq festival keçirilir. Əsasən
məişət tullantılarından hazırlanan əsərlər hətta tullantının incəsənət əsərinə
çevrilməsinin mümkünlüyünü nümayiş etdirir. 2015-ci ildə Qala Dövlət
Tarix-Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı Muzeyin açılması isə
Azərbaycanda bu sahədə görülən uğurlu işlərin nəticəsi kimi qəbul edilə bilər.

Dotun Popula tullantı metallardan hazırladığı əsərləri vasitəsilə ilə hazırda
bəşəriyyət üçün başlıca problemə çevrilən iqlimin qorunması, ətraf mühitə
qayğının vacibliyinə diqqəti cəlb etməyi bacarır. Müəllifin yaratdığı əsərlər
tullantıya çevrilmiş “heç nə”dən zövq oxşayacaq gözəl sənət nümunələri yarada
bilən insan təxəyyülünə olan bir alqışdır.

Dotun Popula müxtəlif incəsənət sərgilərində, həmçinin 2019-cu ildə Qətərdə
keçirilən Metal Sənəti Sərgisində, 2020-ci ildə Hindistanın Qucarat ştatında
reallaşan Qlobal İncəsənət Festivalında, 2021-ci ildə Türkiyədə “Birlikdə var
olmaq” (Coexistence) və digər sərgilərdə Nigeriyanı təmsil edib. Populanın
“Dubay Ekspo 2020” sərgisindəki Nigeriya pavilyonunun mərkəzi səhnəsində
ucaldılmış hibrid heykəltaraşlıq əsəri də ziyarətçilərin marağına səbəb
olmuşdur.

Source link