51f13421-dcc9-465c-8fca-8c46c81ba15e.jpg

Heydər Əliyev Mərkəzində COP29 ərəfəsində Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılacaq

Baxış sayı: 212 dəfə baxılıb.

2024-cü il noyabrın 1-dən 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzində
tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn)
sərgisi nümayiş olunacaq.

Sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri
Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində təşkil
olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature)
ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldəcək.
Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə
qayğı ilə yanaşma, təbiətin gücü və bu gücün tükənməzliyinin təsviri ideyası
təşkil edir.

Lorenso Kuinnin əsərləri Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim
olunacaq. Bakı sərgisində ziyarətçilər “Eros”, “Birlikdə” (Together), “Paralel
dünya” (Parallel Universe), “Təbiətin gücü” (Force of Nature), “Özünü sev”
(Love Yourself), “Balanslaşdırılmış dünya” (Balanced World) və digər əsərlərlə
tanış ola biləcəklər.

Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltaraşlıq nümunəsi
müəllifin şedevrlərindən hesab olunur. Bu əsərdə bükülmüş çılpaq adam yorğun
halda qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir ovucun içərisində
oturur. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin
diqqətini uşaqların real həyatda üzləşdikləri təhlükələrə cəlb edir. Bu əl
sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl
sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.

Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (Together) adlanır. Məhz
bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya
yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə
Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə
əsər altı ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer
alacaq. Əsərdə insana yaratmağa, həm də məhv etməyə imkan verən vasitə olan
əllər təsvir edilib. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.

Bakı sərgisini bəzəyən digər əsər “Təbiətin gücü” (Force of Nature) olacaq.
Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana
təbiətin özü canlandırılır.

Heydər Əliyev Mərkəzinin parkında dünya sənətsevərlərini heyran edən Lorenso
Kuinnin “Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkün olacaq. Həmin
əsərlə heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə
yönəldir.

“Oskar” mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri,
aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət
Akademiyasında təhsil alıb. Rəssam olmağı planlaşdırsa da, enerjisini və
orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla
bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol
alıb.

“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son
dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin
əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz
seçimimizdən asılıdır” kimi ismarışları çatdırır. Əsərləri insan təbiətinin
müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.

Source link