a9f3f795-2ea5-4c6a-9a8d-20ae827e3628.jpg

Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılıb

Baxış sayı: 136 dəfə baxılıb.

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental
heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin
açılış mərasimi keçirilib.

Cixisyolu.com xəbər verir ki, sərginin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)
ərəfəsində təşkil olunması təsadüfi deyil. Belə ki, “Təbiətdə tarazlıq”
(Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji
məsələlərə yönəldir.

Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə
qayğı ideyası təşkil edir.

Açılış mərasimindən əvvəl italyan heykəltaraş Lorenso Kuinn jurnalistlərə
açıqlamasında burada olmaqdan çox şad olduğunu bildirərək deyib:

“İnanılmaz məkanda bu heyrətamiz sərgini təşkil etmək məni çox
həyəcanlandırır. Təbii ki, uzun illərdir bu məkanı izləmişdim və bir gün burada
öz sərgimi təşkil edəcəyimə inanırdım. Xəyallar gerçəkləşdi. Həmçinin çox şadam
ki, sərgim COP29 ilə üst-üstə düşür, çünki mənim sənət əsərlərimin hər biri
özlüyündə bir universal mesajdır. Bu mesaj sevgini, sülhü və davamlılığı
tərənnüm etdirir”.

Sərginin açılışında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov,
mədəniyyət naziri Adil Kərimli, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət
xadimləri və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar
Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün
göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev
Mərkəzində cari il ərzində bir neçə italyan heykəltaraş və rəssamın
təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl
heykəltaraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.

Anar Ələkbərov L.Kuinnin əsərlərinin COP29 tədbiri çərçivəsində Azərbaycana
gətirildiyini, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29 konfransına gələn
qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib.
Eyni zamanda, Heydər Əliyev Mərkəzində də çoxsaylı tədbirlərin təşkilinin
nəzərdə tutulduğu diqqətə çatdırılıb.

“365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək
səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan
vurğunluq hisslərini əsas tutur. Bu baxımdan müəllifin qeyri-adi bacarıqlarını
özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur.

Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu deyib,
paytaxtımızda keçiriləcək COP29-a çox az vaxt qaldığını bildirib.

Möhtəşəm bir məkanda sərgisinin keçirilməsindən şad olduğunu söyləyən L.Kuinn
əsərlərinin təbiətin gücünü təcəssüm etdirdiyini bildirib.

“Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə
yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik.
Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki
başqa yolumuz yoxdur”, – deyə Lorenso Kuinn diqqətə çatdırıb.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinin qarşısında və foyesində təqdim
olunan sərgidə möhtəşəm heykəltaraşlıq nümunələrinə baxış keçiriblər.

İlk olaraq “Sevgi birliyi” əsərinə baxış olub. Həmin kompozisiya dünyaya
qarşılıqlı sevgi və dəstək çağırışıdır. Çünki bəşəriyyətdə mükəmməl harmoniya
içində əbədi bir əlaqə qurmaq imkanı məhz bu hisslər sayəsində mümkündür.

Bakı sərgisində ziyarətçilər italiyalı heykəltaraşın “Balanslaşdırılmış dünya”
(Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of
God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə
Mərkəzin parkı ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü
sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə isə Mərkəzin foyesində
tanış ola biləcəklər.

Heykəltaraşın “Özünü sev” (Love Yourself) əsəri özünə sevgi vasitəsilə
məhəbbəti əks etdirmək, bu hissi dünya ilə paylaşmaq, düzgünlük yoluna işıq
saçmağa çağırır.

“Perspektivdə” (İn Perspective) adlı heykəltaraşlıq nümunəsi isə dünyamızın nə
qədər zərif və kainatla müqayisədə çox kiçik olduğunu əks etdirir. Bununla
Lorenso Kuinn insanları yaşadığımız dünyanı perspektivdə qiymətləndirməyə
çağırır.

Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltaraşlıq nümunəsi
müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan insan yorğun
şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovucundadır.
Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini
uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin
digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət,
yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.

Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (Together) adlanır. Məhz
bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya
yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə
Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə
bu əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer
alacaq. Əsərdə insana həm yaratmağa, həm də məhv etməyə imkan verən əllər
təsvir olunub. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.

Müəllifin Bakıda sərgilənən digər əsəri isə “Təbiətin gücü”dür (Force of
Nature). Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada
ana təbiətin özü canlandırılır. Ümumiyyətlə, rəssamın yaradıcılığında “Təbiətin
gücü” heykəllər silsiləsi mühüm yer tutur. Bu seriyadan bir çox kompozisiya
dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək böyük şəhərlərin görməli
yerlərini bəzəyib.

“Balanslaşdırılmış dünya” (A Balanced World) əsəri də müəllifin həssas
ideyasının daşıyıcısıdır. Eksponat “bəzən dünyalarımız bir-birinə əks qütblərdə
görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam” söyləyir.

Heydər Əliyev Mərkəzinin binasının önündə dünya sənətsevərlərini heyran edən
“Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkündür. Həmin əsərlə
heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir.
Bu əsər su üzərində ilk dəfədir ki, Azərbaycanda nümayiş etdirilir.

“Oskar” mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri,
aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət
Akademiyasında təhsil alıb, rəssam olmağı planlaşdırsa da, enerjisini və
orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltaraşlıqla
bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol
alıb.

“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son
dövrlərdə ən çox tələb olunan heykəltaraşlardan biridir. Lorenso Kuinnin
əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz
seçimimizdən asılıdır” kimi mesajları çatdırır. Onun əsərləri insan təbiətinin
müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.

Xatırladaq ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək təqdim
ediləcək.

Source link