ae1d4d8c-eca5-467c-898a-521b71d1bdf4..jpg

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub – FOTO/VİDEO

Baxış sayı: 464 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filmi təqdim olunub –
FOTO/VİDEO

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Liderin ürəyi” sənədli filminin
təqdimatı keçirilib.

Cixisyolu.com xəbər verir ki, TASS informasiya agentliyinin baş direktorunun birinci
müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi
olduğu film ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.

Filmin təqdimatı üçün 10 oktyabr tarixinin seçilməsi təsadüfi deyil. Belə ki,
10 oktyabr ümummilli lider Heydər Əliyevin 1993-cü ildə birinci dəfə prezident
seçildikdən sonra andiçmə mərasiminin keçirildiyi gündür.

Mixail Qusman filmin nümayişindən əvvəl çıxışında deyib:

“Bu gün, oktyabrın 10-u, xüsusi gündür. Düz 30 il bundan əvvəl 1993-cü il
oktyabrın 10-da Heydər Əliyev müstəqil Azərbaycanın prezidenti kimi and içib.
O, həmin vaxt ən ağır vəziyyətdə olan ölkəni faktiki olaraq xilas edib. Heydər
Əliyevin ən böyük arzusu isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və
Azərbaycan bayrağının azad edilmiş Şuşada, bütün Qarabağda dalğalanması idi.
2020-ci il noyabrın 8-də Azərbaycan bayrağı Şuşada, bu il sentyabrın 20-də isə
bütün Qarabağda ucaldılıb”, – deyə o bildirib.

Mixail Qusman filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev
Fonduna təşəkkürünü bildirib.

Film ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi
hakimiyyətə qayıdışı və ölkəyə rəhbərlik etdiyi dövrü əhatə edir. Ekran
əsərində belə bir qayıdışın dünya tarixində ilk dəfə baş verdiyi vurğulanır.

Heydər Əliyev Azərbaycan xalqının tarixində mühüm rol oynayıb, dünya
siyasətində silinməz iz qoyub. “Liderin ürəyi” sənədli filmində Mixail Qusmanın
vaxtı ilə Bill Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer,
Zbiqnev Bjezinski və digər dünya siyasətçiləri ilə Heydər Əliyev barədə
apardığı söhbətlər də yer alıb.

Məhz Heydər Əliyevin dövründə rəsmi Bakı beynəlxalq arenada öz mövqeyini
gücləndirərək strateji tərəfdaşlarının sayını artırıb, ATƏT və BMT kimi
təşkilatlarda Azərbaycan diplomatiyası intensiv xarakter alıb. Uzaqgörən
siyasətçi Heydər Əliyev xarici şirkətlərin Azərbaycana irihəcmli sərmayələr
yönəltmələrinə, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olub.

Filmdə Heydər Əliyevin Mixail Qusmanla eksklüziv müsahibələrini, dəyərli
fikirlərini dinləmək, siyasi fəaliyyəti ilə bağlı nadir arxiv kadrları görmək
mümkündür.

Çəkilişlər Moskva, Bakı və ulu öndərin doğulduğu Naxçıvanda aparılıb.

“Liderin ürəyi” sənədli filminin rejissoru Valeri Spirin, ssenari müəllifi
Marina Deniseviçdir. Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu isə film üçün
şair Yuri Ryaşentsevin şeirlərinə mahnı bəstələyib.

Filmin nümayişindən sonra Azərbaycanın Xalq artisti Elçin Əzizov Xalq artisti
Polad Bülbüloğlunun müşayiəti ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş “Rekviyem” mahnısını ifa edib.

Film Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.


Source link