751b7f7a-508f-4131-b406-f145aafcd474.jpg

Heydər Əliyev Mərkəzində “Tağıyev: Neft” bədii filminin premyerası olub

Baxış sayı: 223 dəfə baxılıb.

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin
premyerası olub.

Cixisyolu.com xəbər verir ki, təqdimat mərasimində layihənin rəhbəri və prodüseri,
Bakı Media Mərkəzinin prezidentiArzu Əliyeva, Heydər Əliyev və Milli Məclisin
deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin
dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Əvvəlcə iştirakçılar foyedə filmin çəkilişi zamanı istifadə olunan geyim və
tarixi əşyaların sərgiləndiyi guşə ilə tanış olublar.

Ekran əsərinin nümayişindən əvvəl məlumat verilib ki, “Tağıyev: Neft” filmi
milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan
çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakı və ölkəmizin regionlarında baş
verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu
mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə
olan 4 seriyalı filmin məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd
edildiyi 2024-cü ildə təqdim olunması əlamətdar hadisədir.

Ekran əsəri Bakıda başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi
ilə öz xalqı üçün böyük işlər görən Tağıyevin həyatının müxtəlif dövrlərinə
işıq salır. Bu ekran işində onun verdiyi çətin qərarlar, uğur qazanacağına olan
inamı, məqsədləri ilə bağlı inadkarlığı, sadə insanlara göstərdiyi dəstək,
cəmiyyətin təhsil səviyyəsinin yüksəldilməsi üçün atdığı tarixi addımlar
haqqında məlumat almaq, yaşadığı dövrə səyahət etmək mümkün olacaq.

Film vasitəsilə Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə
xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı
şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması kimi diqqətəlayiq
məsələlər diqqət mərkəzinə gətirilir.

Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə
düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi
səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün
300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək
üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar,
zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru
Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur
Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı
Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar
artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş
peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.

Ekran işinin ərsəyə gəlməsinə “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və
“Norm” şirkətləri də dəstək verib.

Filmin təqdimatı böyük maraqla qarşılanıb.

Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.

Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin çəkilişlərinə göstərilən dəstəyə
görə hər kəsə minnətdarlığını bildirib. O, ekran əsərinin çəkilişləri zamanı
qarşılaşdıqları çətinliklərdən söhbət açıb və bu filmin Tağıyevin şəxsiyyətinə
layiq bir iş olması üçün bütün güclərini səfərbər etdiklərini söyləyib.

Rejissor filmin ərsəyə gəlməsində göstərdiyi hərtərəfli dəstəyə görə Arzu
Əliyevaya təşəkkür edib və yaradıcı heyət adından ona xatirə hədiyyəsi təqdim
edib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın tarix və mədəniyyətinin
yaşadılmasına, təbliğinə mühüm töhfələr olan ekran əsərləri ilə tamaşaçıların
görüşünə gəlib. Bu sırada “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi
ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş
marağa səbəb olan filmləri qeyd edə bilərik.

Source link