e76f3301-acb5-4feb-9b02-3a679616774d..jpg

Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib – FOTO

Baxış sayı: 649 dəfə baxılıb.

Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi
keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq
sərgisi keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər
Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə
təşkilatçılığı ilə gerçəkləşib.

Sərginin məqsədi qədim Azərbaycan-türk qədim dövlətçilik tarixinin
simvollarından biri Massaget hökmdarı, qəhrəmanlıq, ədalət rəmzi kimi qəbul
olunan Tomris obrazının təsviri sənətdə inikasını göstərməkdən ibarətdir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Mədəniyyət
Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət, incəsənət xadimləri və digər
qonaqlar iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, təsviri sənətdə
Tomris obrazına ilk müraciətlər Orta əsr Qərb rəngkarlığına aiddir. Erkən
dövrdə Avropa monastırlarında Herodotun “Tarix” əsərinə illüstrasiyalarda,
sonralar isə Rubens, Kastanio, Jentileski, Pretti, Brusesfaro və s. rəssamların
yaradıcılığında Tomris obrazı əksini tapıb.

Diqqətə çatdırılıb ki, XX əsrin ortalarından başlayaraq təsviri sənətdə Tomris
obrazı türk bədii mühitində yenidən canlanır. Uzun müddət türk sənət dünyasının
bir çox nümayəndələri Tomris obrazına müraciətlərində yerli bədii
xüsusiyyətlərlə yanaşı, onun ümumtürk mahiyyətini də vurğulamağa çalışıblar.

İlk dəfə olaraq TÜRKSOY-a üzv ölkələrin rəssamları tərəfindən yaradılan Tomris
obrazı vahid konsept, ümumtürk tarixi-mədəni dəyərləri müstəvisində təqdim
edilir.

TÜRKSOY-un baş katibi Sultan Raev 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində
keçirilən sərginin Türk dünyası xalqlarının qadınlara verdiyi dəyərin təzahürü
olduğunu bildirib: “Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda təşkil
edilməsi heç də təsadüf deyil. Tarixi məlumatlara görə, Tomris xatın bu
torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hökmdarı ünvanını alıb”.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki,
rəssamlarımızın əsərləri ortaq irsimizi, tariximizi və ənənələrimizi ifadə
edir: “Bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib olan türk xalqları
arasında körpülərin qurulmasına öz töhfəsini verir. Sərgidə iştirakınız üçün
hər birinizə təşəkkürümü bildirir, sizləri türk xalqlarının sənət dünyasından
zövq almağa dəvət edirəm”.

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Botagöz Toleş, “Ədəbiyyat qəzeti”nin baş
redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini
Xalq rəssamı Səlhab Məmmədov və Xalq rəssamı Sakit Məmmədov tədbirin
əhəmiyyətini vurğulayıb, sərginin təşkilində əməyi keçənlərə təşəkkür ediblər.

Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan
rəssamlara mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət Nazirliyi isə
TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, sərgidə Mərkəzi Asiya, Türkiyə və Azərbaycanı təmsil edən 20-dən
çox rəssamın – Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov
(Azərbaycan), Sardor Allaberqenov (Özbəkistan), Refik Aziz (Türkiyə), Sembiqali
Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Tolkın Tabısbek (Qazaxıstan),
Talant Oqobayev, Jılkıcı Jakıpov, Eldar Aytmatov (Qırğızıstan) və başqalarının
son 30 ildə ərsəyə gətirdikləri 30-dan artıq rəngkarlıq, qrafika və
heykəltaraşlıq əsəri yer alıb.

Source link