9f2e867f-cc96-4b46-8f12-7ffd2cc98bfc..jpg

Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub – VİDEO

Baxış sayı: 474 dəfə baxılıb.

Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin
təqdimatı olub – VİDEO

Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Arif
Məlikovun “Məhəbbət əfsanəsi” baletinin uzun müddətdir gözlənilən təqdimatı
keçirilib.

Dünyanı fəth edən baletin nümayişi ilə həm də 18 sentyabr – Milli Musiqi
Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi
olub.

“Məhəbbət əfsanəsi” iki gün – sentyabrın 18-də və 19-da Heydər Əliyev
Sarayında təqdim edilir. Bu möhtəşəm təqdimat ecazkar musiqi, səhnə quruluşu və
tərtibatı ilə Milli Musiqi Günündə tamaşaçılar üçün ən gözəl hədiyyədir.

Bu münasibətlə Heydər Əliyev Sarayının foyesində sərgi də təşkil edilib.
Sərgidə “Məhəbbət əfsanəsi” baletinin indiyədək yayımlanan afişaları və Arif
Məlikovun yaradıcılığına dair foto və məlumatlar nümayiş olunub.

Qeyd edək ki, Bakıdakı bu musiqi bayramına – “Məhəbbət əfsanəsi” baletinin
təqdimatını işləmək üçün digər ölkələrdən qonaqlar da gəliblər. Onların
arasında İtaliyanın ən böyük və məşhur konsert məkanlarından olan “Arena di
Verona”nın bədii rəhbəri Stefano Trespidi, dünyaca məşhur FAZIOLI royallarını
istehsal edən fabrikin yaradıcısı Paolo Fazioli, Rusiyanın məşhur balet
artisti, “Məhəbbət əfsanəsi”ndə Fərhad rolunun ifaçılarından biri olmuş Nikolay
Siskaridze də var.

Rusiyanın Xalq artisti, dünyaşöhrətli balet artisti Nikolay Siskaridze
tamaşanın nümayişindən əvvəl “Məhəbbət əfsanəsi”ndə oynadığı roldan danışaraq
deyib:

“Mən bu tamaşanın əsas ifaçılarından biri olmuşam. Böyük Teatrda işlədiyim
dövrdə “Məhəbbət əfsanəsi” baletində rol almaq çətin idi. Çünki bu, bir
tərəfdən virtuoz, digər tərəfdən isə ən vacib ulduzların çıxış etdiyi
tamaşadır. Bu rolu çox erkən yaşda almaq mənim üçün çox qürurverici idi. Bir
neçə dəfə bəstəkarın (Arif Məlikov – red.) gözü qarşısında rəqs etmək şansım
oldu. Bu, mənim üçün ən böyük mükafatlardan biri idi. Bu gün burada olmağımın
səbəbi bənzərsiz bəstəkara olan sevgimdir. Hesab edirəm ki, bu, dünya musiqi
mədəniyyətində balet üçün yazılmış möhtəşəm partituralardan biridir. Çox
xoşbəxtəm ki, bu balet Arif Məlikovun vətənində – Azərbaycanda səhnəyə qoyulur”.

“Məhəbbət əfsanəsi”nin Heydər Əliyev Sarayındakı budəfəki təqdimatına uzun
müddət hazırlıqlar görülüb və bir aydan çox məşqlər gedib.

Tamaşa 1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin
eskizləri əsasında səhnələşdirilib. Belə ki, tarixi təqdimat üçün Heydər Əliyev
Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox
kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Unudulmaz təqdimatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
truppasının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı, xarici
teatrlardan dəvət olunan solistlər də yer alıb.

Gecəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti
Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
direktoru, Xalq artisti Yusif Eyvazov açıblar.

F.Bədəlbəyli çıxışında Arif Məlikovun məşhur əsərinin Azərbaycanda
səhnələşdirilməsini çoxdan arzuladığını vurğulayaraq bildirib:

“1962-ci ildə Bakıda ilk dəfə “Məhəbbət əfsanəsi” baleti səhnəyə qoyulanda
mənim 16 yaşım var idi. O zaman bütün məşqlərdə iştirak etmişdim. Bu balet
böyük uğur qazandı və demək olar bütün ölkələrdə nümayiş olundu. Heydər Əliyev
Fonduna və Mədəniyyət Nazirliyinə çox minnətdaram ki, illər sonra bu tamaşa
yenidən Bakıda nümayiş olundu”.

Səhnədə şahzadə Məhmənəbanunu Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin
laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur Böyük
Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı
Denis Rodkin, Şirini isə Böyük Teatrın aparıcı solisti, balet artistlərinin
beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa ediblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti
Yusif Eyvazov səhnə əsəri haqqında fikirlərini jurnalistlərlə bölüşüb:

“Bu gün bizim üçün tarixi bir gündür. Belə bir tədbirin təşkilinə görə Heydər
Əliyev Fonduna təşəkkürümü bildirirəm. Azərbaycan mədəniyyətinə verdikləri
dəstəyə görə Prezidentİlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevayaminnətdaram. Əminəm ki, unudulmuş bir əsərin yerli truppamızın
iştirakı ilə Azərbaycan səhnəsinə qayıdışı sonuncu olmayacaq”.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin
“Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. “Məhəbbət
əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet
Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı), 1962-ci ilin
iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
səhnəsində premyerası keçirilib.

Haqlı olaraq şedevr adlandırılan bu baletin quruluşçu rejissoru Yuri
Qriqoroviçdir. Bakı premyerası isə Qriqoroviçin köməkçiləri
baletmeyster-rejissor Oksana Svetnitskayanın və Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar artisti Ruslan
Proninin quruluşunda təqdim edilir. Əsər ilk dəfə səhnəyə qoyulanda dirijoru
maestro Niyazi olub. Heydər Əliyev Sarayında isə “Məhəbbət əfsanəsi”nin
əsrarəngiz musiqisi Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun
dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin
ifasında təqdim edilib.

“Məhəbbət əfsanəsi” baleti bu günədək müxtəlif ölkələrin 60-dan çox teatrında
dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda oynanılıb. Səhnə əsəri ABŞ,
Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya,
Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya,
Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.

Səhnə əsərinin quruluşçu baletmeysterləri Yuri Qriqoroviçin assistentləri
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan
Pronin və Oksana Svetnitskaya “Məhəbbət əfsanəsi” baletinin ilk dəfə Rusiyada
səhnəyə qoyulduğunu və 1961-ci ildə Leninqrad Teatrında baş tutan ilk tamaşa
ilə Azərbaycan arasındakı əlaqəni vurğulayaraq dedilər: “Məhz buna görə də həm
Azərbaycan, həm də Rusiya balet rəqqasları ilə işləmək ideyası yarandı. Bu,
həmçinin qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm imkandır”.

Tamaşanın əsas rollarının ifaçıları Rusiyanın məşhur Böyük Teatrının premyeri,
balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin və Böyük
Teatrın aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin
laureatı Mariya Vinoqradova jurnalistlərə müsahibələrində səhnə əsəri ilə bağlı
fikirlərlə bölüşüblər. “Tamaşa çox yaxşı keçdi. Şadam ki, Denislə Bakıya
gəldim, bu möhtəşəm tamaşanın premyerasını rəqs etdim”, – deyə Mariya
Vinoqradova qeyd edib.

Bakıya səfər etməsindən məmnunluğunu bildirən Denis Rodkin isə qeyd edib:

“Bakıda olmaq mənim üçün çox xoşdur. Çünki bura görkəmli Azərbaycan bəstəkarı
Arif Məlikovun Vətənidir. 2014-cü ildə Yuri Qriqoroviç “Məhəbbət əfsanəsi”nin
yeni redaksiyası üzərində çalışarkən onunla şəxsən işləmək şansım oldu. Onu da
qeyd etmək istərdim ki, Bakıda orkestr fərqli səslənir. Çünki doğma divarlar
arasında səslənir. Azərbaycanda tamaşaçısı çıxışımızı yüksək qiymətləndirdi”.

Qeyd edək ki, Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər
Əliyev İli”ndə təqdim olunması təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, ulu
öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif
Məlikovun isə 90 illik yubileyidir. Ümummilli lider Heydər Əliyev görkəmli
bəstəkar Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif
Məlikov isə ümummilli lider Heydər Əliyevə sevgi və ehtiramını öz
yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası
ulu öndərə ithaf olunub.


Source link