Heyvan sümüklərini maşına qoyub yandırdı: Özünü ölü göstərən Rafət necə ifşa
oldu?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı
deyilən, amma altı ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin
necə ələ keçməsi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, hamı tərəfindən öldüyü düşünülən şəxs kiçik oğlu
üçün darıxdığından gizli şəkildə ona zəng edərək səsini dinləyirmiş.
İş adamı ifadəsində bildirib ki, Bakıda gizlincə kirayədə qalarkən başqa mobil
nömrə alıb və ailəsi üçün darıxdığına görə kiçik oğluna bir neçə dəfə zəng
edib. O, səsini çıxarmadan oğlunun telefonda dediyi sözləri dinləyib. Daha
sonra Rafət Qəniyevin həyat yoldaşı bu vəziyyətdən şübhələnib.
Əslən Salyan rayonunun Sarvan kəndindən olan R.Qəniyev ifadəsində bildirib ki,
2007-ci ildən MTK-da işləyib:
“Əvvəl fəhlə, sonra komendant, daha sonra isə MTK-nın sədri vəzifəsində
çalışdım. Sədr vəzifəsində işlədiyim vaxt Rövşən adlı maklerə beşinci mərtəbədə
87 kvadratmetr sahəsi olan ev satdım. Sonra Rövşənə həmin evi dəyişib 12-ci
mərtəbədən Elçin adlı şəxsə məxsus mənzili 60 000 manata müqavilə əsasında
satdım. Həmin evi satandan sonra Rövşən mənə nə isə fırıldaq işlə məşğul
olduğumu dedi, məni şantaj etməyə başladı. Nə yolla olursa-olsun ona həmin
binadan ev verməyimi tələb edirdi.
Rövşən binanın makleri idi, təmirsiz evləri alıb, təmir edərək baha qiymətə
satırdı. Ona 190 000 manat pul vermişəm. Lakin borcum həddindən artıq böyüdüyü
üçün ödəyə bilməyəcəyimi anlayıb özümü ölmüş kimi göstərmək qərarına gəldim.
Sabirabad rayonuna gedərək yol kənarından heyvan sümüklərini yığıb maşının
içinə qoyaraq yandırdım. Bir müddət ailəm də daxil olmaqla hər kəs məni ölmüş
kimi qəbul etdi. Özümə yeni nömrə aldım, balaca oğluma arada zəng edib səsinə
qulaq asırdım, lakin danışmırdım. Həyat yoldaşım həmin nömrəni araşdırması üçün
polisə verib. Araşdırma zamanı nömrənin mənim adıma qeydiyyatlı çıxması şübhəli
vəziyyət yaradıb və buna görə də barəmdə ölüm haqqında şəhadətnamə verməyiblər.
Beləliklə də yalanım ortaya çıxıb”.
Şahid kimi ifadə vermiş Rafət Qəniyevin həyat yoldaşı isə onun “ölüm”ündən bir
neçə ay sonra gecə saatlarında gizli şəkildə evə gəldiyini deyib:
“Rafət işi barədə evdə çox danışmırdı. 24 noyabr 2021-ci il tarixində Rafət
Türkiyədə təhsil alan oğlumuzun hərbi xidmətə çağırılması ilə bağlı sənədlərini
evdən götürüb Sabirabada getmişdi. Oradan qayıdanda hadisə baş verib, səhər
tezdən saat 8-ə işləmiş mənə zəng edib Rafətin maşınının yandığını, lakin
özünün içində olmadığını dedilər. Rafətin borcları barədə məlumatım yox idi.
Rafət evdən çıxanda Sabirabada sənəd apardığını, sənədləri orada Anar adlı
dostuna verəcəyini demişdi. Gecə gəlmədiyi üçün ona axırıncı dəfə zəng etdim.
Maşının işıqlarında problem olduğu üçün gələ bilmədiyini dedi. Mən də Rafətə
evakuator çağırıb onunla gəlməyini təklif etdim. Rafət isə mənə hirslənib gecə
vaxtı evakuatoru tapa bilməyəcəyini, gözləyib səhər gələcəyini söylədi. Səhər
isə hadisə barədə xəbər gəldi.
Xəbəri aldıqdan sonra Rafətin telefonlarına zəng etdim, bir nömrəsinə zəng
çatmasa da, digər nömrəsinə zəng çatdı, lakin Rafət cavab vermədi. Bu xəbərdən
sonra Salyan rayonuna getdim. Bakıdan Salyana gedənə kimi Rafətin öldüyünü mənə
deməmişdilər. Yeznəm onun xəstəxanada vəziyyətinin ağır olduğunu demişdi.
Salyan rayonuna çatıb evin qabağında yas mərasimini görəndə öldüyünü anladım.
Həyətin qapısından içəri girəndə yas çadırı qurulduğunu görüb nə baş verdiyini
soruşdum, həmin vaxt Rafətin öldüyünü dedilər. Onun ölməsi mənə inandırıcı
gəlmədi, uşaqlarımızdan biri epilepsiya xəstəsi olduğundan, bu xəbərdən
təsirlənməməsi üçün özümü sakit aparmağa çalışdım. Həmin gün dəfn mərasimi
keçirildi, mənə qəbir yerini göstərdilər. Yas mərasimindən sonra Bakıya
qayıtdıq. Yaşadığımız evdən çıxıb, Biləcəriyə köçdüm. Həmin müddətdə Rafət bizi
uzaqdan izləyirmiş, lakin yaxın gəlmirmiş. Aprelin 21-i yoldaşımın sağ olduğunu
öyrəndik. Belə ki, gecə saat 21 radələrində qapı döyüldü, açanda Rafəti görüb
şok keçirdim. Niyə bu qədər travma yaşatdığını soruşdum. O, məcbur qalıb bu
yola əl atdığını, özünü ölmüş kimi göstərdiyi müddətdə kirayə ev tutub orada
qaldığını bildirdi”.
Qeyd edək ki, sağ olduğu bilinəndən sonra Rafət Qəniyev barəsində cinayət işi
açılıb. Onun işlədiyi “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq
yolu ilə müxtəlif şəxslərə satması müəyyən edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi bu ilin 24 aprelində R.Qəniyevə hökm oxuyub. O,
Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci (Külli miqdarda dələduzluq və vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib və səkkiz il
müddətinə azadlıqdan məhrum edilib.