Hibrid və elektromobillərin idxal qiymətlərindəki artım bazar necə təsir edir?
– ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Gömrük Komitəsi xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr ayları
ərzində bir ədəd elektromobilin idxal qiyməti təxminən 40 536 dollar təşkil
edib. Bu göstərici 2022-ci ilin eyni dövründə 34 637 dollara bərabər olub.
Beləliklə, qiymətlər 5 899 dollar və ya 17 faiz bahalaşıb. Bir ədəd hibrid
avtomobilin idxal qiyməti isə təxminən 24 771 dollar olub. 2022-ci ilin eyni
dövründə isə idxal qiyməti 12 257 dollar ətrafında dəyişib. Burada isə
qiymətlərdə 12 514 dollar və ya iki dəfə artım baş verib. Göründüyü kimi,
hibrid və elektromobillərin idxal qiymətlərində nəzərəçarpacaq artım var.
Bəs bu artım həmin avtomobillərin satış qiymətinə necə təsir göstərəcək?
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Çindəki qiymət artımı məzənnə ilə bağlıdır
Qeyd edək ki, Azərbaycana ən çox elektromobil və hibrid avtomobillər Çin və
Cənubi Koreyadan gətirilir. Hər avtomobilin öz qiyməti olur. Qiymətin
formalaşmasında modelinin də rolu çoxdur. Ən ucuz hibrid avtomobil 17-18 min
dollardır. Bahalıların qiyməti də 35 min manatdan başlayır.
Paytaxtdakı avtosalonların təmsilçiləri qeyd edirlər ki, hibrid və
elektromobillərin satış qiymətlərində cüzi də olsa artım mövcuddur. Çində
hazırda qiymətlərdə müşahidə olunan bahalaşma məzənnə ilə bağlıdır. Dollar
ucuzlaşdığı üçün avtomobillərin qiyməti qalxıb.
“Çindəki daşınma qiymətlərinə baxsaq…”
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev isə
bildirib ki, dünyada daşınma xərcləri gündən-günə qalxır:
“Xərclərin qalxması avtomobillərin qiymətinə ən böyük təsir edən səbəblərdən
biridir. Ölkəmizə avtomobillərin əksəriyyəti Çindən gəlir. Hətta
elektromobillərdən qeyri-rəsmi yolla gələnlərin də çoxu Çin istehsalıdır.
Çindəki daşınma qiymətlərinə baxsaq, görərik ki, artım mövcuddur. Bu da
ölkəmizdəki avtomobillərin də qiymətinə təsir edir”.
Qiymətin qalxması tələbat məsələsidir
E.Əliyevin sözlərinə görə, qiymətlərdəki bu bahalaşma, bu avtomobillərə
tələbat azalmayacaq:
“Bütün dünya elektromobil və hibrid avtomobillərə keçir. Onların qiymətinin
qalxması tələbat məsələsidir. Müəyyən bir dönəmdən sonra istehsalçı zavodlar
tələbatın çoxluğunu nəzərə alıb qiymətləri qaldıra bilərlər”.
Ekspertin qənaətincə, qiymət artımını şərtləndirən digər bir amil Azərbaycanda
bu avtomobillərin şarj alətlərinin quraşdırılması prosesinin sürətlə
aparılmasıdır:
“Artıq regionlarda da şarj məntəqələrinin quraşdırılması ilə bağlı işlərə
start verilib. Paytaxtda isə bununla bağlı heç bir problem yoxdur”.
Marjasından keçir, amma avtomobilin qiymətini qaldırmır
O qeyd edib ki, rəsmi dilerlər qiymətləri dəyişmirlər:
“Amma ölkəmizdəki son iki-üç ilin qiymətlərinə nəzər yetirdikdə görürük ki,
daşınma xərcləri nə qədər artsa da, istehsalçı zavodlar avtomobillərin
qiymətini yüksəltsə də, rəsmi salonlar və dilerlər avtomobillərin qiymətini
stabil saxlamağa maksimum dərəcədə çalışırlar. Hətta elə dilerlər var ki,
2020-ci ildəki qiymətə satır. Marjasından keçir, amma avtomobilin qiymətini
qaldırmır”.
Artıq daha bahalı avtomobillər gətirilir
İqtisadçı Rəşad Həsənov bildirib ki, Dövlət Gömrük Komitəsinin verdiyi
məlumatlar əsasında müvafiq qənaətə gəlinməsi doğru deyil:
“Elektrik və hibrid avtomobillərin markalarından, növündən, ilindən asılı
olaraq qiymətləri fərqlənir. Bu baxımdan əsas məsələ ölkəyə hansı növ və hansı
illərdə istehsal olunmuş avtomobillərin idxalıdır. Əvvəlki illərdə ölkəyə daha
çox işlənmiş avtomobillər gətirilirdi. Amma son vergi güzəştləri və s.
məsələlər daha yeni avtomobillərin gətirilməsinə səbəb oldu. Güzəştlərdən sonra
daha imkanlı insanlar bu sahəyə meyl edir. Bu da daha bahalı elektromobil və
hibrid avtomobillərin ölkəyə idxalı ilə nəticələnir. Beləliklə, orta qiymət
göstəriciləri də artır”.
Böyük şirkətlər də bu avtomobilləri istehsal edir
Ekspertin fikrincə, dünya bazarında elektromobillərin, hibridlərin qiymətləri
ucuzlaşır:
“Texnologiyanın inkişafı və seriyalı istehsalın artması, həmçinin bazarda
rəqiblərin çoxalması dünya bazarında qiymətlərin ucuzlaşmasına gətirib çıxarır.
Böyük avtomobil korporasiyalarının əksəriyyəti artıq kütləvi şəkildə elektrik
avtomobillərinin istehsalına keçiblər. Ölkəyə gətirilən avtomobil bahalı və
daha təminatlı, mürəkkəb kombinasiyalıdırsa, onların bazarda satış qiymətləri
daha yüksək olacaq”.
Bizdə də belə işlər görülərsə…
R.Həsənovun sözlərinə görə, bir sıra ölkələr bu avtomobillərə marağın
azalmaması üçün əlavə tədbirlər görürlər:
“Məsələn, faizsiz kreditlərin verilməsi, mövcud avtomobillərin utilizasiyası,
avtomobil dəyərinin bir hissəsinin, hətta bəzi ölkələrdə 50 faizinin
subsidiyalaşdırılması, ödənişsiz parkinq və şarj xidmətləri ilə təmin etmək və
sair istiqamətlərdə təşəbbüslər ortaya qoyurlar. Bizdə də belə işlər görülərsə,
düşünürəm ki, bu, avtoparkımızın strukturunun elektrik mühərrikli avtomobillərə
doğru sürətlə dəyişməsinə gətirib çıxarar. Bu, eyni zamanda dövrün çağırışı,
ailə büdcəsinin səmərəli istifadəsi aspektindən də çox vacibdir”.