Beynimdə yalnız qələbə qazanmaq idi. Lakin belə asanlıqla qalib gələcəyimi gözləmirdim. Rəqibim tanınmış cüdoçudur, Olimpiya çempionudur. Görüşə çıxan kimi təmiz qələbə qazandım.
ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, bunu II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib. 22 yaşlı idmançı bildirib ki, gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib:
“Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə həmin anı tuta bildim”.
Qeyd edək ki, II Avropa Oyunlarında cüdoda Azərbaycana ilk medalı məhz Hidayət Heydərov qazandırıb.