Hidayət Heydərov: “Yazılacaq tarixlər hələ qabaqdadır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bütün görüşlərim çətin keçdi”.
İdman.biz xəbər verir ki, bunu Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo
üzrə Avropa çempionatında qızıl medal qazanan Hidayət Heydərov (73 kq) deyib.
Dördüncü dəfə qitə çempionu olan Hidayət növbəti hədəfinin dünya çempionatı və
Paris-2024 Yay Olimpiya Oyunları olduğunu bildirib: “Burada tarix yazdım və
dördüncü dəfə Avropa çempionu oldum. Bu son deyil. Tarixlər hələ qabaqdadır.
Qarşıda Dünya və Yay Olimpiya Oyunlarında mübarizə var. Hər iki yarışda çempion
olub, adımı qızıl həriflərlə yazdırmaq arzusundayam. Düzdür, təzyiqlər çoxdur.
Hamı məni lider kimi görür və bu, insanı istər-istəməz arxayınlaşdıra bilər. Ən
əsası ruhən hazır olmaq lazımdır. Çünki yalnız lider olmaq deyil, həm də
liderliyi qoruyub saxlamaq lazımdır. Finala fərqli hazırlaşmışdım. Qarşıma
məqsəd qoymuşdum ki, daha çox hücum edəcəyəm. İlk görüşlərdə çox fənd
işlətdiyim üçün fiziki güc itirmişdim. Finalda yorulsam belə, xarakter nümayiş
etdirdim. Məqsədlər çoxdur. Avropa, dünya və Olimpiadalarda uğur qazanmaq
istəyirəm. Qələbəmi bütün Azərbaycana həsr edirəm”.
Qeyd edək ki, Hidayət Heydərov dördüncü dəfə Avropa çempionu olmaqla,
Azərbaycan cüdosunda rekorda imza atıb.