Hidayət Məmmədov: “20 Yanvar Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi oldu”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“20 Yanvar gecəsi Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi idi”.
Cixisyolu.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı
Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O qeyd edib ki, bu gün Zəfər tarixinin qüruru içində olan, suverenliyi və
Konstitusiya quruluşu tam bərpa olunmuş Azərbaycanda 34 il əvvəl baş vermiş o
qanlı gecə anılır:
“Müstəqilliyini haqq edən bir dövlətin vətəndaşlarıyıq. Həm də ona görə
qürurluyuq ki, günahsız qurbanlarımızın, Vətən uğrunda canını fəda edən
şəhidlərimizin qanı yerdə qalmayıb. Biz çiçəklənən bir ölkənin sakinlərinə
çevrilmək üçün çox böyük yol qət etmişik. Bu yolu birlikdə keçmişik, o tarixi
əziz tutan və onu qoruyan nəsillər yetişdirmişik. Bakı Metropoliteninin
rəhbərliyi bu nəqliyyatın tarixində, bəlkə də, ən vacib və ən şərəfli qərarını
məhz o gecə verdi”.
H.Məmmədov metronun 1990-cı il yanvarın 20-dəki fəaliyyətindən söz açıb:
“Metro səhərə qədər insanların xidmətində dayandı, qapılar bağlanmadı,
qatarların hərəkəti dayandırılmadı. Bakı Metropoliteni olmasaydı, söz yox ki,
həmin gecə qurbanlarımızın sayı dəfələrlə çox olacaqdı. İnsanlar metroya bir
sığınacaq kimi, xilas yeri kimi üz tutmuşdular. Şəhərdə hətta təcili tibbi
yardım maşınlarının atəşə tutulduğu vaxt metropoliten yaralıları qəbul edərək
onlara yardım göstərilməsində, xəstəxanalara daşınmasında əhəmiyyətli rol
oynadı.
İşçilər stansiyalara daxil olan məlumat əsasında yaxın ərazilərdə olan
insanların, yaralıların imdadına yetişdilər, onların stansiyalara
gətirilməsində fədakarlıq göstərdilər. Elə o gecədən işçilər bu stansiyanı “20
Yanvar” adlandırmağa başladılar. Çünki artıq biz silahsız, günahsız
insanlarımızın həyatına dəyər verməyən bir ordunun adını daşıyan stansiyamızın
olmasını istəmirdik. Bir müddət sonra bu ad rəsmi qərarla təsdiqini tapdı.
Stansiyanın memarlıq ansamblı 20 Yanvar mövzusunda tamamilə yeniləndi.
Bu gün Şəhidlər xiyabanında uyuyan günahsız qurbanlar sırasında iki
metropolitençi – vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun
Kazımov da var. Onların uca xatirəsi “Nərimanov” elektrik deposunda
əbədiləşdirilib. Bu gün bizə bu qürurlu tarixi yaşamağı nəsib etmiş bütün
şəhidlərimizin qarşısında baş əyirik. Onların xatirəsini əbədi qorumağa, yeni
nəsillərə ötürməyə, qəhrəmanlıqlarını yaşatmağa borcluyuq”.
Nəzrin Vahid