34f779e3-0a86-4582-b28b-93fb0adab73d..jpg

Hikmət Hacıyev: “Azərbaycanlılar sülh istəyirlər”

Baxış sayı: 538 dəfə baxılıb.

Hikmət Hacıyev: “Azərbaycanlılar sülh istəyirlər”

“ABŞ və onun Qərb müttəfiqlərinin Ukraynadakı müharibəyə yönəldilməsi dünyanın
digər yerlərində olanlar üçün problem yaradır. Qarşılaşdığımız, eyni dərəcədə
təcili və real olan münaqişələrin Qərbin güc dəhlizlərində və qəzet
səhifələrində tam başa düşülməsini necə edə bilərik?

Gəlin Qarabağdakı vəziyyətə nəzər salaq”.

Bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının
xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “Politico” saytında
Qarabağdakı vəziyyətə həsr olunmuş məqaləsindəndir.

Məqaləni təqdim edirik:

Azərbaycanın Qarabağ bölgəsi 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal
olunub. 1990-cı illərin əvvəllərində bir milyona yaxın azərbaycanlının öz doğma
yurdlarından didərgin düşdüyü və etnik təmizləməyə məruz qaldığı amansız
müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri onun mərkəzində kiçik
bir nöqtə istisna olmaqla, minlərlə kvadratmetr ərazini minalayıblar.
Azərbaycanın bu ərazisində qalan etnik ermənilərin icması Ermənistanla yeganə
quru yolu – Laçın yolu ilə əlaqə saxlayırdı.

Bu “boz” qanunsuzluq və mina zonası üç il əvvəl 44 günlük müharibə nəticəsində
Azərbaycan Qarabağ ərazilərinin böyük hissəsini geri alana qədər mövcud idi.

Hüquqi və mənəvi baxımdan bu “boz zona” çərçivəsində yaşayan insanlar
Azərbaycan vətəndaşlarıdır – hətta Ermənistanın indiki baş naziri də Qarabağın
Azərbaycanın suveren ərazisi olduğunu açıq şəkildə etiraf edir. Bu, həmçinin, o
mənaya gəlir ki, Azərbaycan etnik mənsubiyyətindən asılı olmayaraq orada
yaşayan adamların hamısının qayğısına qalmağa borcludur, üstəlik, yaxın
tarixdəki hadisələri nəzərə alanda bu məsuliyyət daha da artır.

Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərinin ərzaq, dərman və bir çox
digər ehtiyaclarının Laçından daha yaxın və sürətli yollarla təmin olunmasını
təklif edib. Azərbaycanın təklif etdiyi quru marşrutları Avropa İttifaqı, ABŞ
və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyat qabiliyyətli və istifadəyə
yararlı kimi tanınıb və məhz bu həftə ABŞ-nin Dövlət katibi Antoni Blinken “hər
iki dəhlizin dərhal və eyni vaxtda açılmasına” çağırıb.

Amma beynəlxalq mediada yazılanlar tamam başqadır.

Təkcə Ermənistanın qonşu ölkədə – Azərbaycanda yaşayan etnik erməniləri vahid
monoetnik marşrutla təchiz etməli olması fikri – bizdən inanmağımızın xahiş
edildiyi kimi – beynəlxalq ictimaiyyət və media üçün nədənsə məqbuldur. Bizə
deyirlər ki, bu münaqişə digərlərindən fərqlidir, ermənilər tariximizə görə
azərbaycanlılarla çiyin-çiyinə yaşaya bilmirlər. Ancaq həm keçmişimiz, həm də
bu günümüz bizə bunun, sadəcə, həqiqət olmadığını öyrədir.

1990-cı illərdəki müharibədən əvvəl Qarabağda azərbaycanlılar və etnik
ermənilər çiyin-çiyinə sülh şəraitində yaşayırdılar. Bu gün Azərbaycanda 30 min
nəfərlik yəhudi icması yaşayır. Yevangelist xristianların icması getdikcə
artır. Gürcülər, ruslar, ukraynalılar – hamısı bugünkü çoxmillətli və
çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də aid ola bilər
və olmalıdır da.

Lakin Ermənistanın daxilində vəziyyətin dəyişməsini və ya bu tarixin tam
açıqlanmasını istəməyən güclü qüvvələr var. Onilliklər ərzində ölkəyə rəhbərlik
Ermənistandan olan ermənilər tərəfindən deyil, Qarabağdakı separatçı rejimə
rəhbərlik edən siyasətçilər tərəfindən həyata keçirilib.

Bu gün belə liderlər qisas almaq istəyirlər. Azərbaycan və Ermənistanın təklif
etdiyi sülh müqaviləsi onlar üçün lənət kimidir. Qonşu Azərbaycanla ticarət
erməni xalqının vəziyyətini yaxşılaşdıra bilərdi, lakin bu liderləri mövcudluq
mahiyyətindən məhrum edərdi. Və bu siyasətçilər nüfuzlarını saxlamaq uğrunda
mübarizədə Azərbaycanın təchizatı həyata keçirdiyi yolların bağlanmasını və
bloklanmasını tələb edirlər.

Bu millətçilərin öz ölkələrinə və bütün regiona vurduqları ağrı-acını son
nəsli nisbi sülh şəraitində yaşayan qərblilərin tam başa düşməsi çətindir.

Ofisimdə Ermənistanda doğulub boya-başa çatmış azərbaycanlılar işləyirlər.
Onlar 30 ildən də çox öncə – müharibə başlayanda ölkəni tərk etmək
məcburiyyətində qalıblar. Və bizim ətrafımızda müharibə illərində Qarabağı tərk
etməyə məcbur qalan, məcburi köçkün həyatı yaşamağa məhkum olan insanlar çoxdur
– qardaş, bacı, əmioğlu, dost, həmkar… Bu məhv edilmiş həyatlar, ağrı-acılar
– bütün bunlar bugünkü monoetnik Ermənistanı yaratmaq və Qarabağda monoetnik
“boz zona”nı saxlamaq naminə baş verib.

Amma bu belə davam etməməlidir.

Azərbaycanlılar sülh istəyirlər. Biz bərpa, barışıq və bəlkə də, nə vaxtsa
qonşumuzla dostluq münasibəti istəyirik. Əksini təsdiqləyən hekayələr sülhü
təşviq etmir və razılaşmaya gətirmir. Üstəlik, onların yayılmasının məqsədi tam
əksdir – onlar bu incə məsələnin hər iki tərəfində danışıq aparanları daha da
uzaqlaşdırmaq üçün nəzərdə tutulub.

İndiki məsələdə söhbət siyasətdən gedir. Bu, hər yerdə olduğundan daha çox,
Ermənistanın özünün siyasətidir.

Source link