Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev
sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu,
ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir”.
Cixisyolu.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq
ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya
olan hörmət və etimadını göstərir.
“Qalıq yanacaq ixrac edən ölkə kimi Azərbaycan yerli, regional və qlobal
səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə
və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hər kəs üçün əsas problemdir və
qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan
COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə
daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir. Azərbaycan həmçinin
“Qlobal Şimal” və “Qlobal Cənub” arasında anlaşma və həmrəylik yaratmağa
çalışır”, – Prezident köməkçisi söyləyib.
H.Hacıyev vurğulayıb ki, COP29-un uğur qazanması üçün təkcə ev sahibi ölkə
kimi Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyətin bərabər öhdəliyə sahibdir:
“Ev sahibi ölkə kimi Azərbaycan COP29-un mövzusu olan real iqlim maliyyəsi
gündəmini inkişaf etdirməyə çalışacaq”.
Azərbaycanın COP29-un inklüziv olmasını və həssas icmalar başda olmaqla bütün
səslərin eşidilməsinin necə təmin edəcəyi məsələsinə gəlincə, şöbə müdiri
bildirib ki, COP29-da inklüzivlik prioritetlərdən biridir:
“Biz hamının daha yaxın və fəal iştirakını təmin etmək üçün bir çox beynəlxalq
platforma və qurumlarla işləyəcəyik. Bu baxımdan beynəlxalq ictimaiyyət kiçik
ada ölkələrinə xüsusi önəm verməlidir. Azərbaycan gündəlik həyatlarında
praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa
başlayıb. Qlobal Cənub ölkələri kimi onlar da iqlim dəyişikliyinin dərhal
nəticələrini görə bilərlər. Qrup 77 (G77) və Çin öz səslərinin eşidilməsini
təmin etmək istəyən Qlobal Cənub ölkələrini təmsil edir. Biz həmçinin Qlobal
Şimal ölkələri ilə sıx əməkdaşlıq edəcək və Qlobal Şimal və Qlobal Cənub
arasında daha çox dialoq və həmrəyliyə töhfə verəcəyik.
Bundan əlavə, biz beynəlxalq QHT-lərə və beynəlxalq media ilə fəal əməkdaşlığa
açığıq”.
Prezident köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan COP29-un fundamental
məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır:
“COP qlobal səydir və biz COP-u hamı üçün daha açıq və başa düşülən etmək
məqsədilə beynəlxalq media ilə yaxından işləməyi səbirsizliklə gözləyirik.
Azərbaycan COP ilə bağlı ictimaiyyəti daha çox məlumatlandırma kampaniyalarının
həyata keçirilməsini, əsas gündəliyə dair inklüzivliyi və şəffaflığı təmin
etmək istəyir.
Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və
əlaqəyə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı dövlətlərindən biridir.
Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin
məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir”.