Hikmət Hacıyev: “COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi
cəsarətini nümayiş etdirdi” – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş
etdirdi”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi
– Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Çinin “Phoenix” telekanalına müsahibəsində səsləndirib.
“Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daşımalarda Avrasiya
üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində
nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata
keçirir. Dəniz ticarət limanlarının genişləndirilməsi, istehsal edilən
gəmilərin sayının artırılması, dəmir yollarının modernləşdirilməsi
istiqamətində görülən işlər, dəniz və quru yükdaşımalarının həcminin davamlı
artması ilə Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə
çevrilməkdədir”, – H.Hacıyev deyib.
Azərbaycanın Çin Xalq Respublikasının Sədri Si Cinpin irəli sürdüyü “Bir
kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladan
Prezidentin köməkçisi bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin
ümumi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı
möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təşviq edib və bunun
sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnib. “Biz
bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirə biləcək əməkdaşlıq,
tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz
arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii
əlaqədir”, – deyə H.Hacıyev qeyd edib.
Bu yaxınlarda Çinin Sian şəhərindən gələn qatarın Qazaxıstandan və Xəzər
dənizindən keçərək Azərbaycana cəmi 11 günə çatmasına toxunan Prezident
köməkçisi vurğulayıb ki, nəqliyyat nöqteyi-nəzərindən bu marşrut çox vacib,
rəqabətədavamlı və mümkün olduğunu bir daha sübut etdi. Eyni zamanda, bu
marşrut təhlükəsiz və etibarlıdır. Biz bu ticarət yolunun səmərəliliyini və
rəqabət qabiliyyətini daha da artırmaq üçün çinli dostlarımızla çox çalışırıq.
Diqqətə çatdırılıb ki, Azərbaycan, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun
ötürücülük qabiliyyətini artırmaq istiqamətində səy göstərir. Çünki mallar
təkcə Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə daşınır. Avropa şirkətləri və
qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu
marşrutdan istifadə edə bilərlər. Vurğulanıb ki, Azərbaycan Şərq-Qərb marşrutu
ilə yanaşı, Şimal-Cənub marşrutunu da inkişaf etdirir. Bütün bunlara görə
Azərbaycan Avrasiya qitəsində nəqliyyat və logistika mərkəzi hesab olunur.
Son illər Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına diqqət
yetirdiyini və iqtisadi şaxələnməyə nail olmağa çalışdığını qeyd edən H.Hacıyev
ölkəmizdə yaradılan günəş elektrik stansiyalarına diqqət çəkib. Bildirib ki,
bu, Çinlə Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıqda mühüm
mərhələdir.
Müsahibədə bu il Azərbaycanda keçiriləcək COP29-a da toxunulub, ötən
konfransda irəliləyiş əldə olunmayan iqlimin maliyyələşdirilməsi məsələsinin
Bakı konfransında əsas mövzuya çevriləcəyi qeyd edilib.
Eyni zamanda, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçısı olduğu,
bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi bildirilib. Qeyd
olunub ki, Çinlə də Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq
mövcuddur, Çin şirkətləri neft və təbii qaz layihələrində iştirak edirlər.
Vurğulanıb ki, yaşıl keçid Azərbaycan üçün prioritet sahəyə çevrildiyinə görə
Çin şirkətləri ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində yaxşı
tərəfdaşdırlar.
Diqqətə çatdırılıb ki, Azərbaycanda Çinin qlobal yaşıl transformasiya
sahəsində liderlik etdiyini görməkdən çox şaddırlar. Həmçinin Çin yaşıl keçidin
mümkünlüyün faktiki olaraq sübut edib. “Yaşıl enerjiyə keçid bizim
prioritetlərimizdən biridir. Biz COP29 və ondan sonrakı mərhələdə çinli
dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik”, – deyə Hikmət Hacıyev
əlavə edib.
COP29-un Azərbaycanın qazıntı yanacağına sahib olan ölkə kimi qətiyyətini,
eyni zamanda, diplomatik və siyasi cəsarətini nümayiş etdirdiyini söyləyən
Prezidentin köməkçisi qeyd edib: “Bu, həmçinin bizim güclü və qəti iradəmizi
göstərir. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə
yanaşı, həm də yaşıl enerjinin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya
töhfə verməyə hazırıq”.
Müsahibədə, həmçinin Çinin və Azərbaycanın beynəlxalq aləmdə həmişə sıx
əməkdaşlıq etdikləri, çoxtərəfliliyi qətiyyətlə dəstəklədikləri və inkişaf
etməkdə olan ölkələrin maraqlarını qoruduqları diqqətə çatdırılıb.
Sonda Çin-ABŞ münasibətlərinə toxunulub, rəsmi Pekinə qarşı ədalətsiz
rəqabətin qloballaşmaya və dünya vətəndaşlarının rifahına kömək etmədiyi
vurğulanıb.