Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan
səhifəni çevirməyə hazırdır”
“Ermənistan 30 il ərzində Azərbaycana, xalqımıza qarşı işğal siyasəti aparıb.
Lakin Azərbaycan qarşıdurmanın səhifəsini çevirməyə hazırdır və sülh gündəminə
sadiqdir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “BBC News”a
müsahibəsində deyib.
O, Qarabağ ərazisində erməni silahlı birləşmələrinin mövcudluğunun qanunsuz
olduğunu vurğulayıb: “Azərbaycanın bu qeyri-qanuni rejimin ləğvinə yönəlmiş
bütün hərəkətləri tamamilə qanunidir və bu, beynəlxalq hüquq normaları
çərçivəsindədir”.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərini cinayətkar
erməni oliqarxlarından azad etməyə və normal reinteqrasiya prosesini təmin
etməyə hazırdır: “Ölkəmiz həmişə bəyan edib ki, biz konstitusiyaya, eləcə də
beynəlxalq öhdəliklərə uyğun olaraq erməni sakinlərin hüquq və təhlükəsizliyini
təmin etməyə hazırıq”.
Prezidentin köməkçisi onu da vurğulayıb ki, ölkəmizdə müxtəlif etnik qrupların
və dini konfessiyaların nümayəndələri birgə yaşayırlar və buna görə də
Azərbaycan erməni əhalinin dini, mədəni və humanitar ehtiyaclarını Konstitusiya
çərçivəsində təmin etməyə hazırdır.