Hindistanda memorialdan Qandinin külləri oğurlanıb

Baxış sayı: 2. 188 dəfə baxılıb.

Hindistanda memorialdan Qandinin külləri oğurlanıb

Hindistanın milli azadlıq hərəkatının lideri Mahatma Qandinin külləri Hindistandakı memorialdan oğurlanıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə “India Today” jurnalı məlumat yayıb.

1948-ci ilin yanvarında Qandinin öldürülməsindən sonra onun qalıqları yandırılaraq külü bir neçə hissəyə bölünüb. Həmin külün bir hissəsi Madhya-Pradeş ştatındakı memorialda saxlanılırdı.

Hadisə Qandinin 150 illik yubileyinin qeyd olunduğu gün baş verib. Qəzetin məlumatına görə, oğurluğu “millətin atası”nı ziyarət etmək üçün gələn yerli məclis başçısı Qurmit Sinqx aşkarlayıb. Üstəlik, vandallar binanın girişinə “millətin xaini” yazıblar.

“Güman ki, bunu Qandinin qatili Nathuram Qossenin tərəfdarları edib. Bu nifrət dərhal dayandırılmalı və polis günahkarları müəyyən edərək saxlamaq üçün dərhal hərəkətə keçməlidir”, – deyə Sinqx deyib.

Mohandas Karamçand Qandi Hindistanın milli azadlıq hərəkatının ideoloqudur. Qandi 30 yanvar 1948-ci ildə radikal millətçi Nathuram Qosse tərəfindən öldürülüb. O, hinduların maraqlarını müsəlman əhalinin xeyrinə qurban verən Qandinin siyasətini inkar edirdi. Qosse ölüm hökmünə məhkum edilib və hökm 1949-cu ilin noyabr ayında yerinə yetirilib.