b3e39d98-7ba9-4db4-8762-352c786f84d3..jpg

Hipermarketə silahlı hücuma görə tutulan şəxs məhkəmədə ifadə verib

Baxış sayı: 694 dəfə baxılıb.

Hipermarketə silahlı hücuma görə tutulan şəxs məhkəmədə ifadə verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi
üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun
sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Məmmədov ifadə verib. O,
ifadəsi zamanı bu işdən xəbəri olmadığını və təqsirləndirilən şəxslərdən heç
kimi tanımadığını bildirib:

”5-6 il bundan öncə Bakıya işləməyə gəlmişəm. Hadisədən bir il qabaq Ruhlan
İsmayılovla internetdə elan saytında tanış olmuşam. O, saytda moped satmağı ilə
bağlı elan qoymuşdu. Onu bu işi görən adam kimi tanımışam. Daha sonra da 2-3
dəfə onunla mopedlə bağlı danışdıq. Sonra 3-cü mikrorayonda təmir sexi açdım.
Ruhlanı da bu işi bilən adam kimi çağırdım. Dedi ki, özünün durumu yaxşı deyil,
taksi sürücüsü kimi fəaliyyət göstərir. 1-2 ay təmir sexində işlədi. Daha sonra
işə gəlməməyə başladı. Sonra işdən çıxdı. Ancaq ayda 1-2 dəfə sexə gəlirdi.
Hadisədən bir gün qabaq Ruhlan təmir sexinə gəldi. Rayondan gəldiyini,
maşınının xarab olduğunu dedi. Özünün əlindən gəlirdi deyə düzəldib çıxıb
getdi. Hadisə baş verən gün səhər saat 10-da evdən işə getmişdim. Oradan Babək
prospektində ehtiyat hissələri satılan mağazaya gəldim. Orada olanda Ruhlan
mənə zəng etdi. Dedi ki, vəziyyətim yaxşı deyil, soruşdu ki, onu evdən şəhərə
apara bilərəm? Əlimdə işim olsa da, getdim. Zığa gəldim, Ruhlanın əlində paltar
və çanta var idi. Rəngi ağarmışdı, çox həyəcanlı idi. Dedi ki, onu “Torqovı”ya
aparım. “Torqovı”ya çatdıq, yol tıxac idi deyə dediyi yerə tam çatmamış düşdü.
Mən də sexə gəldim. 2-3 saat sonra müxtəlif nömrələrdən zənglər gəlməyə
başladı. Axırda mənə Ruhlanın maşınının fotosunu göndərdilər, onu
tanıyıb-tanımadığımı soruşdular. Dedim ki, bu gün görmüşəm. Gəldilər və məni
Ruhlanı düşürdüyüm yerə apardılar”.

Təqsirləndirilən Azər Məmmədov hadisə ilə bağlı heç bir planda iştirak
etmədiyini, hadisədən xəbərsiz olduğunu, Ruhlanın ona planı barədə hər hansı
məlumat vermədiyini deyib. O, istintaq zamanı təzyiqlərə məruz qaldığını iddia
edib.

Məhkəmə prosesi yanvarın 10-da davam etdiriləcək.

Xatırladaq ki, hadisə martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində
qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə
yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus
bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib.
Onun mühafizəsini təşkil edən Rüfət Həşimov isə öldürülərək, külli miqdarda pul
vəsaiti ələ keçirilib.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – bir şəxs
qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti
vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə
görə, üç şəxs eyni əməllərinin törədilməsinə köməyə görə, bir şəxs qabaqcadan
əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməyə görə, bir şəxs
isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb
edilib.

Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1,
120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla
əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1,
29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs
halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini
yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər
vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt
hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər
maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər
Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin məcəllənin 32.5, 120.2.1,
32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29,
120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər
maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova həmin
məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək
İsgəndərova isə qeyd olunan məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri
ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində
cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis
əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta
yetirilsə də, onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə,
barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən “AKS Lancaster-03” markalı yivsiz ov
tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı
ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatı, “Unibank Kommersiya
Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul
vəsaitləri aşkar edilərək götürülüb.

Source link