Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs: “Onda silahın olduğunu
görüb qorxdum” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov,
Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və
Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad
Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Səbuhi Qurbanov
dindirilib. O, iş üzrə özünü təqsirli bilmədiyini, təqsirləndirilən şəxs
Dəyanətlə həm dost, həm də sinif yoldaşı olduğunu bildirib:
“Ruhlan mənə dedi ki, məni boş ərazi olan yerə apar, çünki silahımın güllələri
qalıb, onu boşaltmaq istəyirəm. Motosiklet icarəyə götürmüşdüm. O, mənə
silahının fotosunu göstərdi, tapança idi. Suraxanıda “Tatar qəbiristanlığı”
adlı əraziyə apardım. Sözün düzü, onda silahın olduğunu görüb qorxdum. Onun
hərəkətində hər hansı bir hədələmə yox idi. Sadəcə adam vurduğunu dedi və
qorxdum ki, məni də vurar. Digər təqsirləndirilən Azər Məmmədovla görüşməmişəm.
Daha sonra Dəyanət mənim telefonumla taksi sifariş edib getdi”.
Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq dövründə
verdiyi ifadə arasında ziddiyyətlər olduğu üçün onun ifadəsi yenidən elan
edilib.
Səbuhi Qurbanov istintaq zamanı verdiyi ifadəsində elan edilmiş ittiham üzrə
özünü təqsirli hesab edərək bildirib ki, təqsirləndirlilən şəxs Dəyanətin dostu
Ruhlan İsmayılovu 3-4 ildir tanıyıb: “Ruhlan Dəyanət ilə eyni liseydə
“traktorçu” fakültəsini bitirib və təhsilini başa vurandan sonra Qala kəndində
traktorçu işləməyə başlayıblar. Lakin 2023-cü ilin yanvar ayının 20-də
əsgərlikdən geri qayıdanda artıq Ruhlan traktorçu işləmədi, özünə məxsus boz
rəngli “Opel Vectra” markalı avtomobili alıb, adını bilmədiyi şəxslə birlikdə
haradasa motosiklet təmir sexi işlədib. Bunları mən də Dəyanətdən eşitmişəm.
Ruhlanın istifadəsində olan mobil nömrəni bilməmişəm, telefon əlaqələrimiz də
heç vaxt olmayıb. Əsgərlikdən qayıdandan sonra Dəyanət ilə yaxın münasibətə
davam etmişəm. Təxminən fevral ayının ortalarında Əmircan qəsəbəsində yerləşən
dönər evində günəmuzd 25 manat pul müqabilində kuryer kimi işə başlamışam.
Gündəlik olaraq Dəyanətlə əlaqə saxlayıb daha çox Binə qəsəbəsində yerləşən
“Çay evi 900” adlı çayxanada görüşmüşük”.
Təqsirləndirilən şəxs deyib ki, fevral ayının əvvəllərində Ruhlan İsmayılov da
onlarla görüşməyə gəlib: “Ruhlan da inkassator əməkdaşlarına silahlı basqın
etməyi, “Unibank Kommersiya Bankı”na məxsus bankomatda pul götürəcəklərini
planlaşdırdıqlarını dedi. Mənə birlikdə cinayəti törətməyi təklif etdi. Bundan
sonra məni razı salmaq üçün Dəyanət əldə olunacaq qəniməti 3 yerə böləcəklərini
bildirdi. Lakin qorxduğuma görə tərəddüd etdim”.
Təqsirləndirilən şəxs deyib ki, mühafizəçiləri öldürməyi təklif etdikləri üçün
qorxaraq razılaşmayıb: “Sonrakı günlərdə Dəyanət məni “whatsapp” proqramında
hər dəfə yazaraq Ruhlan ilə birlikdə hipermarketlərdən birinə getdiklərini,
inkassatorları izlədiklərini, lakin cinayətin baş tutmadığını dedi”.
Səbuhi Qurbanovun ifadəsinə görə, hadisə günü saat 10 radələrində Dəyanət ona
“WhatsApp” proqramında “Əhmədliyə gedirik Ruhlanla birlikdə” məzmunlu mesaj
yazıb:
“Mən də Dəyanətlə Ruhlanın məhz Əhmədli qəsəbəsindəki hipermarketin içindəki
bankomatdakı pul vəsaitlərini dəyişməyə gələcək inkassator üzvlərinə silahla
hücüm edərək onları öldürəcəklərini və pulları ələ keçirəcəklərini başa düşdüm.
Dəyanət əlavə olaraq “xəbərlərdə nəsə çıxsa, bizə xəbər edərsən” məzmunlu mesaj
yazdı. Mən də “yaxşı” deyə cavab verdim. Ardınca isə Dəyanət mesajları iki
tərəfli olaraq sildi. Hadisədən xəbərsiz qaldım. İşə çatandan az sonra saat 13
radələrində Dəyanət mənə zəng edərək harada olduğumu soruşdu. Təxminən yarım
saat sonra Dəyanət taksi ilə iş yerimə gəldi. Öncə mənə sosial şəbəkələrdə
yayılmış hadisənin kamera tərəfindən qeydə alınmış videogörüntülərini öz mobil
telefonunda göstərdi. Sonra isə həmin hadisəni Ruhlanla birlikdə mənə
qabaqcadan çayxanada dedikləri kimi də etdiklərini bildirdi. Bundan sonra
hadisə barədə xəbərdar oldum. Dəyanət əlavə olaraq tapançanın üzərində
olduğunu, lakin tapançadakı nasazlıq səbəbindən lüləsinin ilişdiyini,
içərisində patron qaldığını dedi, onu gözdən uzaq bir yerə aparmağımı,
tapançadakı nasazlığı aradan qaldırmasını istədi. Xidməti mopedim ilə Dəyanəti
təxminən 3 kilometr məsafədə yerləşən “Tatar qəbiristanlığı” adlanan yerə
apardım. Dəyanət tapançanın lüləsini bir neçə dəfə arxaya-qabağa dartsa da,
nasazlıq aradan qalxmadığına görə yenidən sandıqçanı tapancanın içinə taxıb
eyni yerdə gizlətdi. Sonra geri mənim iş yerimə qayıtdıq. Dəyanətin həm
polisdən gizlənmək, həm də telefondakı silahların fotoşəkillərini yox etmək
məqsədilə mobil telefonu və nömrəsini qıracağını başa düşdüm. Dəyanət mobil
telefon ilə iki nömrəsini sındırıb ağaclar tərəfdə zibillik kimi bir yerə
tulladı”.
Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən
hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul
yerləşdirilən zaman qeydə alınıb.
Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun
mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı
Rüfət Həşimov isə ölüb.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki
və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup
şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə)
181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci
(qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində
qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və
Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla
əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq
odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və
gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan
Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11
29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin
olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5,
29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində
məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat
tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət
göstərdiyi üçün zərərsizləşdirilib.
R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış
keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ
dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd
“Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri
nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd
“Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.