0a2c80d1-8630-45ee-a629-a63b9dd363bd..jpg

Hipermarketlə bağlı məhkəmə: “Dedilər motosiklet xarab olub, məni aldadıb silaha dəmir düzəltdiriblər”

Baxış sayı: 899 dəfə baxılıb.

Hipermarketlə bağlı məhkəmə: “Dedilər motosiklet xarab olub, məni aldadıb
silaha dəmir düzəltdiriblər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Bravo” hipermarketində baş vermiş silahlı insidentlə bağlı cinayət işi
üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad
Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Gülayə
Paşayeva təqsirləndirilən şəxslər – Ruhlan İsmayılov və İbrahim İbrahimovun
qaldığı evin sahibi olduğunu deyib:

“Burda olanlardan sadəcə, İbrahimi tanıyıram. Ruhlanla İbrahim mənim evimdə
kirayədə qalıblar. Pis uşaqlar kimi tanımamışam. Evə təmiz baxırdılar. Son 1 ay
evə getmədim. Evə çox adam gəlib-getmirdi. Hadisə günü polislər evə gəldi. Onda
hadisənin olduğunu bildim. Dedilər Ruhlan ölüb, İbrahim evdədir. Qapını döydük
açmadı. Pəncərəni qırıb girdilər içəri”. Şahid kimi tanınan Rüfət Salayev də
ifadə verib: “Özüm tokaram. Mənə dedilər ki, motosikletin motoru xarab olub,
ona dəmir lazımdır. Hadisədən xəbərim olmayıb. Məni aldadıb silaha dəmir
düzəltdiriblər”.

Təqsirləndirilən Azər Məmmədovun atası məhkəmədə ifadə vermək istəməyib. Onun
istintaqa verdiyi ifadə səsləndirilib. “Azər Qəbələdən Bakıya işləməyə gəlib.
Fəhlə kimi işləyirdi. Ruhi əsəb xəstəsi kimi qeydiyyatdadır. Sonra qardaşı
əsgərlikdən gəldikdən sonra ikisi birlikdə motosiklet düzəltmə sexi açdılar.
Azər bir müddət sonra özünə BMW X5 markalı maşın aldı. Onunla rayona gəlmişdi.
Azərin dostları barədə məlumatım olmayıb, onları tanımamışam. Məlum hadisə
barəsində televizordan öyrənmişəm”. Şahid qismində ifadə verən Rüfət Əliyev
dərman şirkətində sürücü işlədiyini bildirib: “Sürdüyüm maşının motoru xarab
olmuşdu. Aparıb ustaya verdim. Haradasa fevral ayı idi. Maşın ustada olanda
motoru söküb, özünü də dayanacağa qoyublar. Maşın dayanacaqda olanda onun
nömrələri oğurlanıb. Ezamiyyətdə olanda şirkətdən zəng edib məni çağırdılar.
Sonra polis idarəsinə getdik”.

Şahid ifadələrinin verilməsi növbəti prosesdə də davam etdiriləcək.

Növbəti məhkəmə prosesi aprelin 3-nə təyin olunub.

Xatırladaq ki, hadisə ötən il martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində
qeydə alınıb. Edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə
yetirərək orada quraşdırılmış “Unibank Kommersiya Bankı” ASC-yə məxsus
bankomata pul vəsaitlərini yerləşdirən Samir Şaydayevə ağır xəsarət yetirilib.
Onun mühafizəsini təşkil edən Rüfət Həşimovun isə öldürülərək, külli miqdarda
pul vəsaiti ələ keçirilib.

Cinayət işi üzrə toplanmış mötəbər sübutlar əsasında 6 nəfər – 1 şəxs
qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla əlaqədar xidməti
vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə, eləcə də öldürməyə cəhd etməyə
görə, 3 şəxs eyni əməllərinin törədilməsinə köməkliyə görə, 1 şəxs qabaqcadan
əlbir olan bir qrup şəxs halında odlu silah hazırlamağa köməkliyə görə, 1 şəxs
isə bu cinayət əməlini törətməyə təhrik etməyə görə cinayət məsuiyyətinə cəlb
edilib.

Belə ki, cinayəti icra etmiş Dəyanət Qudrətova Cinayət Məcəlləsinin 120.2.1,
120.2.3, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs halında və quldurluqla
əlaqədar xidməti vəzifəsini yerinə yetirən şəxsi qəsdən öldürmə), 29, 120.2.1,
29, 120.2.3, 29, 120.2.7, 29, 120.2.11 (qabaqcadan əlbir olan bir qrup şəxs
halında, ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar xidməti vəzifəsini
yerinə yetirən iki şəxsi qəsdən öldürməyə cəhd), 181.3.2 (sağlamlığa ağır zərər
vurmaqla quldurluq), 228.2.1, (qanunsuz olaraq odlu silah, onun komplekt
hissələri və döyüş sursatını əldə etmə, daşıma və gəzdirmə), 229.2.1
(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah hazırlama) və digər
maddələri ilə cinayət işi açılıb. Cinayətin törədilməsində köməkçilər – Azər
Məmmədov, İbrahim İbrahimov və Səbuhi Qurbanova həmin Məcəllənin 32.5, 120.2.1,
32.5, 120.2.3, 32.5, 120.2.11, 32.5, 29, 120.2.1, 32.5, 29, 120.2.3, 32.5, 29,
120.2.11, 32.5, 29, 120.2.7, 32.5, 181.3.2, 228.2.1, 229.2.1 və digər
maddələri, cinayətin törədilməsində köməkçi – Rövşən İsmayılova həmin
Məcəllənin 228.2.1 və 32.5, 229.2.1-ci, cinayətin törədilməsində təhrikçi Babək
İsgəndərova isə qeyd olunan Məcəllənin 228.2.1 və 32.3, 229.2.1-ci maddələri
ilə ittiham elan edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində
cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis
əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta
yetirilsə də onun barəsində yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə,
barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.

Cinayətin törədilməsində istifadə edilən AKS Lancaster-03” markalı yivsiz ov
tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı
ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatları, “Unibank
Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları
məbləğində pul vəsaitləri aşkar edilərək götürülüb.

Source link