“Hizbullah” İsrailin Livanın paytaxtı Beyrutun cənub kənarına raket hücumları
zamanı iki liderinin öldüyünü bildirib.
Cixisyolu.com xəbər verir ki, bu barədə qurumun informasiya xidmətinin “Telegram”
kanalında məlumat verilib.
“Sentyabrın 28-də Şiyəh yaşayış massivinə edilən xain hücum nəticəsində İcra
Şurasının başçısının müavini vəzifəsində çalışan, ilahiyyatçı olan və böyük
maarifləndirmə işi aparan, bununla yanaşı Qüdsün azad edilməsi uğrunda müqəddəs
müharibədə fəal iştirak edən Şeyx Nabil Kauk öldürülüb”, – məlumatda bildirilir.
Öldürülən ikinci şəxs isə təşkilatın hərbi strukturunda “2 nömrəli”
adlandırılan, cənub cəbhəsində müdafiəyə cavabdeh olan Əli Karaki olub.
Bəyanatda bildirilir ki, Karaki sentyabrın 27-də “Hizbullah”ın baş katibi Həsən
Nəsrullahla birlikdə komandanlığın iclasının keçirildiyi yeraltı bunkerə zərbə
endirilərkən həlak olub.
Bundan əvvəl “Əl-Nahar” qəzeti İsrailin “Hizbullah”ın hərbi rəhbərliyinin 20
üzvünü məhv etdiyi barədə məlumat yaymışdı. Onların arasında təşkilat liderinin
təhlükəsizlik şöbəsinin rəhbəri İbrahim Cezzini, hava hücumundan müdafiə
koordinatoru Əli Əyyub və hərbi tikinti və təşkilati məsələlərə cavabdeh olan
Əbdül Əmir əs-Səblininin də olduğu bildirilir.
15:23
İsrail ordusu Livanda “Hizbullah” partiyasının mərkəzi şurasının üzvü Nabil
Kaukun məhv edildiyini açıqlayıb.
Cixisyolu.com TASS-a istinadən xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına
görə, o, sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava
zərbəsi nəticəsində məhv edilib.
“Kauk “Hizbullah” terror təşkilatının rəhbərliyinə yaxın sayılırdı və son
günlər də daxil olmaqla, İsrail dövlətinə və onun vətəndaşlarına qarşı terror
hücumlarının hazırlanmasında bilavasitə iştirak edirdi. O, tez-tez mediada
çıxış edərək, Livanın şiə əhalisi qarşısında “Hizbullah”ı təmsil edir,
təşkilatın siyasi, hərbi və strateji sahələrdə mövqelərini açıqlayırdı”, –
mətbuat xidməti qeyd edib.